Xarici xəbərlər

Dünyada baş verən ən son hadisələr

14-09-2018 | 10:41        

  

Afinada Avropa İttifaqı və NATO əleyhinə nümayiş keçirilib

Yunanıstanın paytaxtı Afinada Avropa İttifaqı və NATO əleyhinə nümayiş keçirilib. Etirazçılar Yunanıstanda iqtisadi böhran zamanı Avropa İttifaqının tələbi ilə dövlət xərclərinin azaldılmasını və vergilərin artırılmasını pisləyiblər. Şəhərin mərkəzindəki meydanda toplaşan minlərlə adam həmçinin sərt qənaət tədbirləri ilə bağlı qanunların ləğvini tələb edib. Qeyd edək ki, bu yaxınlarda başa çatan 8 illik maliyyə yardımı proqramı çərçivəsində Avropa İttifaqı, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu Yunanıstana 330 milyard dollar kredit ayrıb. Ölkə bu məbləği 2060-cı ilədək geri ödəməlidir.

KXDR və Koreya Respublikası birgə koordinasiya bürosu açıb

Şimali Koreya ilə Cənubi Koreya birgə koordinasiya bürosu açıb. Şimali Koreyanın Keson şəhərində mərkəzin açılış mərasimində Cənubi Koreyanı Milli birlik məsələləri üzrə nazir, Şimali Koreyanı isə Vətənin sülh yolu ilə birləşməsi komitəsinin sədri təmsil edib. Koordinasiya bürosunun açılışı iki ölkəyə əlaqələrin genişlənməsinə dair məsələlərlə bağlı 24 saat birbaşa əlaqə saxlamağa imkan verəcək. Xatırladaq ki, bununla bağlı qərar Cənubi Koreya və Şimali Koreya liderlərinin aprelin 27-də keçirilmiş sammitində qəbul olunmuşdu. Mərkəzin işində hər iki tərəfdən 40-a yaxın adam iştirak edəcək.

Massaçusets ştatında onlarla evdə qaz partlaması nəticəsində 1 nəfər ölüb, 12 adam xəsarət alıb

ABŞ-ın Massaçusets ştatında onlarla yaşayış evində qaz partlaması baş verib. Partlayışlardan sonra başlayan yanğın nəticəsində 1 nəfər ölüb, 12 adam xəsarət alıb. Alov 50-dən çox evi məhv edib. Polisin məlumatına görə Boston şəhərindən şimalda azı 70 qaz sızması qeydə alınıb. Hadisəyə “Columbia Gas” şirkətinin şəbəkəsində nasazlığın səbəb olduğu bildirilir. Partlayışların əksəriyyəti Lourens, Andover və Şimali Andover şəhərlərində baş verib. Sakinlərə evlərini tərk etmək və elektrik avadanlıqlarından istifadə etməmək tövsiyə edilib.

“Florens” qasırğası səbəbindən Şimali Karolina ştatında 160 000-dən çox ev elektrik enerjisiz qalıb

ABŞ-ın şərq sahillərində güclü külək və leysanla müşayiət olunan “Florens” qasırğası ciddi fəsad törədib. Təbii fəlakət nəticəsində Şimali Karolina ştatında 160 000-dən çox ev elektrik enerjisiz qalıb. Yolları və küçələri su basıb. Son bir neçə ilin ən güclü qasırğası hesab olunan “Florens”in yaxınlaşması ilə əlaqədar Virciniya, Merilend, Corciya, Şimali və Cənubi Karolina ştatları, o cümlədən paytaxt Vaşinqtonda fövqəladə vəziyyət elan olunub. Küləyin sürəti saatda 150 kilometrə çatıb. Təhlükəli ərazilərdə yaşayan milyonlarla sakinə təxliyə olunmaq tövsiyə edilib. Təbii fəlakətdən ABŞ-ın şərq sahillərində ümumilikdə 10 milyona yaxın adam ziyan çəkə bilər. Bəzi yerlərə 75 santimetr yağıntı yağacağı gözlənilir. Cənubi Karolina ştatının Mertl-Biç şəhərində 12 saatlıq komendant saatı tətbiq olunub. Qasırğa səbəbindən bir neçə hava limanı fəaliyyətini dayandırıb. 1500-dən çox aviareysin təxirə salındığı bildirilir.  Mütəxəssislərin fikrincə “Florens” ABŞ-ın müasir tarixində 10 ən dağıdıcı qasırğadan biri ola bilər.