Cəmiyyət

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə II tura başlanılıb

14-09-2018 | 09:54        

  

Bu gündən ümumi təhsil müəssisələrinə müddətli müqavilə əsasında müəllimlərin işə qəbulunun ikinci turu üzrə elektron sənəd qəbuluna başlanılıb. Elektron sənəd qəbulu 2 gün davam edəcək.

Müəllimlərin işə qəbulu üzrə bu tura birinci mərhələdə uğur qazanmayan, müəllimlərin işə qəbulu üzrə builki və ötənilki müsabiqədə iştirak edən şəxslər qatıla bilərlər. Ötənilki müsabiqədə uğur qazanan müəllimlər də ikinci iş yerində müddətli müqavilə ilə işləmək məqsədi ilə sözügedən prosesdən yararlana bilərlər. Müddətli müqavilə ilə işə qəbul zamanı həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 30, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə Azərbaycan bölməsində musiqi üzrə 30, fiziki tərbiyə üzrə 36, informatika və təsviri incəsənət üzrə 42, digər fənlər üzrə 48 bal, rus bölməsində isə fiziki tərbiyə üzrə 30, biologiya, coğrafiya, təsviri incəsənət, fizika, ibtidai sinif, kimya, musiqi, rus dili və ədəbiyyatı üzrə 42, digər fənlər üzrə 48 bal müəyyənləşib. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu sentyarın 15-dək davam edəcək. Ümumilikdə isə iyul-avqust aylarında müəllimlərin işə qəbulu ilə bağlı keçirilən müsabiqədə 46 min 839 namizəd iştirak edib. Onlardan 4 min 53 nəfəri işə qəbul olunub.