Xarici xəbərlər

ABŞ və Taylandda təbii fəlakətlər səngimir

03-11-2011 | 16:46        

  

Amerika Birləşmiş Ştatlarında yağan güclü qar nəticəsində həlak olanların sayı artıb. Taylandın paytaxtı Banqkokda isə daşqınlar hələ də davam edir.

Amerika Birləşmiş Ştatlarının şimal-şərqinə yağan güclü qar nəticəsində həlak olanların sayı artaraq 27 nəfərə çatıb. Onların hamısı avtoqəzalarda və ağacların aşması nəticəsində həyatlarını itiriblər. Qar fırtınasının başa çatmasına baxmayaraq hələ də Nyu-York, Massaçusets, Konnektikut, Nyu Cersi, Pensilvaniya və Nyu Həmpşir ştatlarında milyona yaxın insan işıqsız qalıb. Prezident Barak Obama təbii fəlakətdən daha çox ziyan çəkən Nyu Həmpşir, Konnektikut və Massaçusets ştatlarında fövqəladə vəziyyət elan edib. Massaçusets ştatında qarın hündürlüyü 80 santimetrə çatıb. Taylandda isə daşqınlar davam edir. Təbii fəlakət bölgəsində həlak olanların sayı artaraq 427 nəfərə çatıb. Ölkənin 26 əyaləti hələ də su altındadır. Daşqınlar ümumilikdə 3 milyondan çox insana ziyan vurub. Fəlakət nəticəsində ölkəyə dəyən zərərin miqdarı isə on milyardlarla dollar hesablanır. Paytaxt Banqkokda da acınacaqlı vəziyyət yaranıb. Şəhərin əksər rayonları su altındadır. Mağazalar bağlanıb. Şəhərdə ərzaq çatışmazlığı hökm sürür. Bu daşqınlar Taylandda son 50 ilin ən güclü təbii fəlakəti sayılır. Meteoroloqlar ölkə ərazisində yenidən güclü leysan yağışlarının yağacağını proqnozlaşdırılar.