Siyasət

Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının Beynəlxalq Əlaqələr Komissiyasının ilk iclası keçirilib

03-11-2011 | 14:38        

  

Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının Beynəlxalq Əlaqələr Komissiyasının ilk iclası keçirilib. İclasda assambleyanın beynəlxalq əməkdaşlığının əsas aspektləri və perspektivləri müzakirə olunub.

Türkdilli Ölkələrin Parlament Assambleyasının Beynəlxalq Əlaqələr Komissiyasının birinci toplantısının iştiarkçıları əvvəlcə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini anıblar.  Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub. Sonra parlamentarilər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman oğul və qızlarımızın uyuduğu "Şəhidlər xiyabanı"nı ziyarət ediblər.

İclası açan komissiyanın sədri Əhliman Əmiraslanov assambleyanın beynəxalq fəaliyyətindən danışaraq deyib ki, ötən ildə əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Bu fəaliyyət hazırda davam edir. Toplantı iştirakçılarını Azərbaycan Parlamenti rəhbərliyi adından salamlayan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov dünyada parlament diplomatiyasının rolundan danışıb. Üzv ölkələrin siyasi, iqtisadi, humanitar sahələrdə əmədaşlığının dünya üçün səmərəsindən və perspektivlərindən danışıb. Assambleyanın Baş katibi Ramil Həsənov qurumun beynəxalq təşkilatlardakı təmsilçiliyindən danışaraq deyib ki, TÜRKPA-nın BMT Bas Assambleyasında da müşahidəçi statusu alması üçün müraciət edilib. Artıq məsələ BMT Baş Assambleyasının gündəliyinə salınıb. Sonra komissiyanın sədri Əhliman Əmiraslanov “TÜRKPA beynəlxalq əməkdaşlığının əsas aspektləri və perspektivləri” hesabat məruzəsini təqdim edib. Hesabatda beynəlxalq sahədə görülən işlər, perspektivlər, əməkdaşlığın genişləndirilməsi üçün planlaşdırılan tədbirlər və digər məsələlər əksini tapıb. Müzakirələr zamanı çıxış edən Qazaxıstan parlamentinin deputatı Vəlihan Konurbayev, Türkiyə Böyük Millət Məclisinin üzvü Ülker Güzel, Milli Məclisin üzvləri İlham Əliyev, Sədaqət Vəliyeva və digərləri beynəlxalq sahədə əməkdaşlığlın genişləndirilməsinin müxtəlif istiqamətlərindən, dünyadakı mövcud problemlərin həllində qurumun mühüm rolundan danışıblar. Qeyd olunub ki, üzv ölkələr bu gün dünya dövlətlərinin arzuladığı çox zəngin ortaq dilə, mədəniyyətə, dəyərlərə sahibdirlər. Bu dəyərlərimizi qorumaq üçün konkret addımlar atılmalıdır. Müzakirələrdən sonra hesabat məruzəsi təsdiqlənib. Türkiyəli deputat Ülker Güzel gələn il Bişkekdə keçiriləcək assambleyanın 3-cü plenar iclasına hesabat məruzəsi üzrə məruzəçi təyin olunub. Məruzə ilə bağlı əməkdaşlığın müxtəlif istiqamətlərinin əks olunduğu təkliflər layihəsi də təsdiqlənib. Sonda prosedur qaydalarına əsasən komissiyanın ikinci iclasının gələn il Qazaxıstanda keçirilməsi qərara alınıb. Həmin toplantının gündəliyi təsdiqlənib.