Siyasət

“Kənd təsərrüfatında sığortanın stimullaşdırılmasına haqqında” yeni qanun layihəsi hazırlanır

12-09-2018 | 13:36        

  

Millət vəkilləri ağacların kəsilməsinə görə nəzərdə tutulan cəzaların sərtləşdirilməsini təklif edirlər. Milli Məclisin payız sessiyasında parlamentin Aqrar siyasət komitəsinin ilk iclasında “Yaşıllıqların mühafizəsi haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirə olunub. 

“Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” yeni qanun layihəsi hazırlanır. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov dedi ki, hazırda əlaqədar strukturlar layihə ilə bağlı iş aparır. İş yekunlaşdırdan sonra sənəd əvvəlcə komitədə, sonra isə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq. İclasda “Yaşıllıqların mühafizəsi haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə təklif olunan texniki xarakterli dəyişikliklərə də baxıldı və məqbul sayıldı. Müzakirələrdə çıxış edən millət vəkilləri ağacların kəsilməsinə görə nəzərdə tutulan cəzaların sərtləşdirilməsini təklif etdilər. Qeyd olundu ki, ağacların kəsilməsi həm ekologiyaya, həm də insanların sağlamlığına ciddi ziyan vurur. Komitə sədri də gələcəkdə məsələ ilə bağlı İnzaibati Xətalar və Cinayət Məcəllələrinə dəyişiklərin edilməsini, müvafiq yeni maddələrin əlavə olunmasını məqbul saydı. Millət vəkilləri cəzaların sərtləşdirilməsi ilə yanaşı, ağacların kəsilməsinin qarşısının alınması üçün maarifləndirmə işlərinin gücləndirilməsini də təklif etdilər. İclasda yaz və növbədənkənar sessiyalar dövründə komitədə görülən işlərin hesabatı da verildi və qənaətbəxş sayıldı.