Xarici xəbərlər

ABŞ-da kütləvi etiraz aksiyaları ara vermir

03-11-2011 | 12:11        

  

Amerika Birləşmiş Ştatlarında sosial ədalət tələbi İlə etiraz aksiyaları səngimir. Nyu-Yorkda keçirilən aksiyalara veteranlar da qatılıb. Amerikanın Kaliforniya ştatında “Oklendi zəbt et” şüarı altında aksiyalar davam edir. Etirazçılar Oklend şəhərində limana doğru yürüş ediblər. Nəticədə ölkənin ən iri limanlarından olan Oklend fəaliyyətini dayandırıb. Liman rəhbərliyi təhlükəsizlik tam bərpa olunandan sonra limanın açılacağını bildirib. Oklend limanı Amerikada yük dövriyyəsinə görə 5-ci yeri tutur və limanın illik gəliri 39 milyard dollar təşkil edir. Limana daxil olan malların 70 faizi Asiya ölkələrinin payına düşür. Şəhər rəsmilərinin sözlərinə görə, etirazlara 5 minə yaxın insan qatılıb. Onlardan 3 mini isə limana yürüş edib. Polis etirazlara müdaxilə etmir. Aksiyaya dövlət sektorunun işçiləri və müəllimlər də qatılıblar. Dövlət müəssisələrində çalışanların 5 faizi işə çıxmayıb. Nümayişçilər sosial bərabərsizliyə, dövlətin bank siyasətinə qarşı şüarlar səsləndiriblər. Aksiya təşkilatçılarının sözlərinə görə, onların məqsədi şəhər iqtisadiyyatını iflic vəziyyətə salmaqdır. Nyu-Yorkda da etirazlar ara vermir. “Uoll Striti zəbt et” hərəkatına dəstək olaraq bu dəfə veteranlar Nyu York küçələrinə axışıblar. Manhettendə keçirilən aksiyaya İraq, Əfqanıstan, Vyetnam, həmçinin 2-ci dünya müharibəsinin iştirakçıları qatılıblar. Hərbi geyimlərdə olan aksiyaçılar Nyu-Yorkun fond birjası qarşısına da toplaşıblar. Nümayişçilər hökumətin maliyyə sisteminə qarşı etiraz edirlər.