Xarici xəbərlər

İndoneziyada nəqliyyat qəzaları olub

28-01-2011 | 15:46        

  

 İndoneziyada bir-birinin ardınca iki nəqliyyat qəzası baş verib. Ölkənin Qərbi Yava əyalətində sərnişin qatarları toqquşub. Banten əyalətində isə sərnişinləri daşıyan bərə yanıb. Ölən və yaralananlar var.

İndoneziyanın Qərbi Yava əyalətində qatar qəzası baş verib. Bancar yaşayış məntəqəsindəki Langensari stansiyası yaxınlığında iki sərnişin qatarı toqquşub. Nəticədə 5 nəfər həlak olub. 36 nəfər yaralanıb. Xəsarət alanlardan 14-nün vəziyyəti ağır qiymətləndirilir. Qəzanın səbəbləri məlum deyil. Ölkənin nəqliyyat nazirliyi hadisə ilə bağlı araşdırmalara başlayıb. Ölkənin Banten əyaləti sahillərində isə sərnişin bərəsində yanğın olub. Merak limanından Sumatra adasına yola düşdükdən qısa müddət sonra bərəni alov bürüyüb. Hadisə baş verən zaman bərənin göyərtəsində 200-ə yaxın sərnişin olub. Yanğın nəticəsində 11 nəfər həlak olub. Sərnişinlərin çoxu özlərini dənizə atıblar. Hadisə yerinə xilasedicilər cəlb olunub. 100 nəfərin xilas edildiyi bildirilir. 50 nəfər isə itkin düşüb. Onların axtarışlarına başlanılıb. Qəzanın səbəbləri araşdırılır.