İqtisadiyyat

“Kadastr kalkulyatoru” yaradılıb

04-09-2018 | 13:23        

  

Ölkədə daşınmaz əmlakın kadastrı ilə bağlı xidmətlər sahəsində daha bir elektron xidmət istifadəyə verilib. İndi ölkə vətəndaşları, fiziki və hüquqi şəxslər əmlakla bağlı kadastra dair dövlət rüsumu və xidmət haqqını onlayn qaydada hesablaya bilirlər.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaradılan “Kadastr kalkulyatoru” elektron xidmət sayəsində “Kadastr planlarının və yerquruluşu xəritələrinin tərtibi”, eləcə də “Torpaqların inventarlaşdırılması və müayinə baxış aktlarının tərtibi” ilə bağlı tələb olunan xidmət haqqını və dövlət rüsumunu öyrənmək mümkün olacaq. “Kadastr kalkulyatoru” sadə və məntiqi tərtib edildiyindən ondan istifadə qaydaları anlaşılandır. Xidmətdən istifadə etmək üçün komitənin elektron xidmətlər portalına daxil olmaq lazımdır. Daha sonra daşınmaz əmlakın kadastrı bölməsindən “Kadastr kalkulyatoru” seçilir və lazımı əməliyyatlar aparıldıqdan sonra vətəndaş xidmət haqqını və dövlət rüsumu haqqında məlumat əldə edə biləcək. Kadastr əməliyyatları vətəndaşın istəyindən asılı olaraq tezləşmə qaydası ilə də aparılır. Yəni, vətəndaş həmin əməliyyatı 3 və 7 iş günü ərzində də edə bilər. Ümumilikdə isə xidmətin yaradılması daşınmaz əmlakın kadastrı sahəsində göstərilən xidmətlərin daha da sadələşdirilməsi ilə yanaşı, həm də  vətəndaşlar sənədləşdirmə üçün zəruri rüsum və xidmət haqqını öncədən öyrənməklə vaxtlarına qənaət də edə biləcəklər. Xidmət bu sahədə şəffaflığın, çevikliyin artırılmasına, vətəndaş məmnunluğunun təmin edilməsinə imkan verir. Xidmət haqqının və dövlət rüsumunun əvvəlcədən dəqiq bilinməsi istifadəçilərin özləri üçün ən optimal variantı seçməsini və sənədləşdirməyə başlayıb-başlamamaqla bağlı istədiyi qərarı verməsini təmin edir. Bu yenilik vətəndaşa rahat və operativ qaydada kadastrla bağlı hüquqi əməliyyatları aparmaq üçün daha rasional imkanlar yaradır.