Analitika

Azərbaycan-Rusiya münasibətləri tarixi sınaqlardan çıxıb və bu gün müasir inkişaf mərhələsindədir

04-09-2018 | 08:54        

  

Azərbaycan-Rusiya münasibətləri tarixi sınaqlardan çıxıb və bu gün müasir inkişaf mərhələsindədir. Dostluq, mehriban qonşuluğa əsaslanan əlaqələr beynəlxalq əməkdaşlıqdan tutmuş iqtisadi-ticari, hərbi, ictimai-siyasi, humanitar sahələrə qədər geniş spektri əhatə edir. Rusiya eyni zamanda idxala görə Azərbaycan üçün bir nömrəli tərəfdaşdır. Məhz, bütün bu məqamlara diqqət çəkən ekspertlər hesab edir ki, iki ölkə arasında iqtisadi əməkdaşlığa dair yol xəritələri əlaqələrin daha da genişlənməsinə, həmçinin, əmtəə dövriyyəsini artırmağa imkan verəcək.

Azərbaycan və Rusiyanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. İki ölkə liderləri arasında qarşılıqlı inam və etimada söykənən müntəzəm əlaqələr isə dövlətlərarası   münasibətlərə xüsusi dinamizm verir. Məhz, Prezident İlham Əliyevin sentyabrın 1-də Rusiya Federasiyasına reallaşan rəsmi səfəri, Soçidə Prezident Vladimir Putin ilə görüşü, səslənən bəyanatlar, imzalanan sənədlər iki ölkə arasında əməkdaşlığın keyfiyyətcə yeni mərhələsini şərtləndirdi. Soçi görüşü eyni zamanda münasibətlərin strateji xarakterini, iki ölkənin dost və tərəfdaş olduğunu növbəti dəfə təsdiqləmiş oldu.

Qeyd edək ki, son illər iki ölkə arasında siyasi münasibətlərin və iqtisadi əlaqələrin inkişafında qarşılıqlı təmaslarla yanaşı,  müxtəlif sahələri əhatə edən çoxsaylı dövlətlərarası və hökumətlərarası sazişlər mühüm rol oynayıb. Bu mənada sonuncu səfər çərçivəsində imzalanan və konkret hədəflərə söykənən çoxsaylı sənədlərin ölkəmizlə Rusiya arasında səmərəli, dinamik əməkdaşlığın, qarşılıqlı əlaqələrin kompleks inkişafına impuls verəcəyi şübhə doğurmur. Heç şübhəsiz ki, burda özündə münasibətlərin yüksək səviyyəsini ehtiva edən “Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanat”ı xüsusi qeyd etmək olar. Sözügedən sənəd iki ölkə arasında qarşılıqlı fəaliyyətin bütün sahələrini əhatə etməklə, olduqca fundamental hüquqi baza yaradır. Dövlət başçılarının ikitərəfli münasibətlərin daha da genişləndirilməsi üçün nümayiş etdirdikləri qarşılıqlı maraq və buna əsaslanan siyasi iradə də mühüm perspektivlərdən xəbər verir.

Yeri gəlmişkən, iki ölkə arasında əməkdaşlıqda xüsusi perspektivlər vəd edən ən mühüm layihələrdən biri məhz "Şimal-Cənub" nəqliyyat dəhlizidir. Bu layihə İran, Azərbaycan və Rusiyanın ərazisindən keçməklə Hind okeanı və Baltik dənizini birləşdirəcək. Bu il Şimal-Cənub nəqliyyat dəhlizi ilə keçən illə müqayisədə 100 dəfə çox yük daşınmsı faktı isə onun böyük perspektivinin göstəricisidir. Ekspertlər hesab edir ki, sözügedən beynəlxalq dəhliz iştirakçı dövlətlərin infrastrukturunun inkişafına təkan verməklə yanaşı, yeni iş yerlərinin açılmasını şərtləndirəcək, həmçinin, daşınan yüklərin tranzit haqlarının əhəmiyyərli dərəcədə aşağı düşməsinə də gətirib çıxaracaq. Bu arteriyanın ümumi uzunluğu 7 min kilometrdən artıqdır. Bura dərmir yolu, bərə və avtomobil nəqliyyatı yolları daxildir.

Bir müddət əvvələ qədər "Şimal-Cənub" nəqliyyat dəhlizinin tam gücü ilə reallaşmasında başlıca maneələrdən biri Xəzərin hüquqi stasusunun müəyyənləşdirilməməsi göstərilsə də, Aktau sammitindən sonra vəziyyət köklü şəkildə dəyişdi. Təbii ki, Xəzərlə bağlı belə bir mühüm sənədin hazırlanmasında əsas rolu da Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin oynayıb. Yeri gəlmişkən iki ölkə arasında münasibətlərin xarakterini əks etdirən digər mühüm təşəbbüs Moskva-Bakı-Tehran üçtərəfli əməkdaşlıq formatının yaradılması və uğurlu fəaliyyətidir.

Rusiya eyni zamanda Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri sayılır. Belə ki, 2017-ci ilin yekununa görə iki ölkə arasında əmtəə dövriyyəsi, 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Rusiyanın Azərbaycana birbaşa kapital qoyuluşu 1,5 milyard dollar təşkil edib. Azərbaycan bazarında təxminən 700 birgə müəssisə fəaliyyət göstərir ki, onlardan da üçdə biri 100 faizlik Rusiya kapitalına maikdir. Qeyd edək ki, təkcə, Rusiyanın “R-Farm” şirkəti 2019-cu ildə Azərbaycanda açılacaq dərman preparatlarının istehsalı müəssisəsinin tikintisinə 74 milyon dollar sərmayə yatırıb. Bundan başqa, “Qazprombank” Sumqayıt Kimya-Sənaye Parkının inkişafında iştirak edir. Sərmayənin həcmi təqribən 750 milyon dollar təşkil edir. Sahibkarlıq birlikləri arasında, o cümlədən kiçik və orta biznes xətti ilə əlaqələr də durmadan genişlənir. Rusiya-Azərbaycan İşgüzar Şurası təkcə ötən il ümumi dəyəri 450 milyon dollar olan 42 birgə layihəyə dəstək göstərib. Səfər çərçivəsində imzalanan digər əhəmiyyətli sənəd “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı” və “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında 2024-cü ilədək əməkdaşlıq Proqramı” isə bu istiqamətdə daha böyük perspektivlərdən xəbər verir. Bu proqram sənədə, ticarətin və qarşılıqlı sərmayələrin genişləndirilməsi, nəqliyyat marşturlarının yaradılması, eləcə də, humanitar qarşılıqlı fəaliyyətin daha da dərinləşdirirlməsi, o cümlədən, mədəni və turizm mübadilələri kimi mühüm məsələlər üzrə Yol Xəritələri daxildir.

Bundan başqa, Azərbaycanda Rusiyanın bir çox enerji şirkətləri uğurla fəaliyyət göstərir. Burda “Qazprom”, “Transneft” və “Lukoyl” kimi nəhəng şirkətlərin adlarını xüsusilə qeyd etmək olar. Ölkəmizlə Rusiya arasında hərbi-texniki sahədə əməkdaşlığın da böyük ənənələri var. Belə ki, Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsində Rusiya hərbi sənayesinin məhsullarından geniş istifadə edir. Təkcə, bir faktı qeyd edək ki, Azərbaycanın Rusiyadan aldığı hərbi təyinatlı məhsulların dəyəri  5 milyard dolları keçir və artım tendensiyasına malikdir. Şimal qonşumuzla regionlararası əməkdaşlıq da sürətlə inkişaf edir və coğrafiyası genişlənir. Hazırda Rusiya Federasiyasının 70-dən artıq subyekti Azərbaycan ilə xarici iqtisadi əlaqələrə cəlb edilib. Onlardan 17-si ilə ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq barədə Çərçivə Sazişi imzalanıb.

Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığa söykənən uzunmüddətli və etibarlı əməkdaşlıq eyni zamanda, hər iki ölkə xalqları arasında mədəni və humanitar əlaqələrin möhkəmlənməsinə böyük töhfələr verir, dostluq münasibətlərinin sağlam istiqamətdə inkişafına zəmin yaradır. Bunun üçün 2010-cu ili xatırlamaq kifayətdir. Məhz, həmin il Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiyanın o vaxtkı Prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə Bakıda humanitar əməkdaşlıq üzrə birinci Azərbaycan-Rusiya Forumu keçirildi. Sonradan isə bu forum beynəlxalq status aldı. İki ölkə arasında ictimai-siyasi və humanitar münasibətlərin mühüm amillərindən biri isə respublikamızda rus dilinin qorunub saxlanması və inkişafıdır. Tədrisin rus dilində aparıldığı təhsil müəssisələrinin və bu məktəblərdə təhsil alanların sayı buna əyani sübutdur. Belə ki, 340-dan çox  orta təhsil müəssisəsində tədris Azərbaycan və rus dillərində, 16 məktəbdə isə yalnız rus dilində aparılır. Ölkəmizin 20-dən artıq universitetində tədris prosesi hər iki dildədir. Rus dilində təhsil alan şagirdlərin və tələbələrin sayı 100 min nəfərdən çoxdur. Bakıda rus dilinin öyrənilməsi üzrə iri mərkəzlərdən biri – Bakı Slavyan Universiteti fəaliyyət göstərir, eyni zamanda ölkəmizdə Rusiyanın aparıcı universitetlərinin 2 filialı mövcuddur. Paralel olaraq, Rusiyada 11 mindən çox azərbaycanlı tələbə təhsil alır. Bütün qeyd edilən amillər bir daha məhz, Azərbaycan Prezidenti İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə son görüşünün ölkəmiz üçün mühüm əhəmiyyət daşıdığını, Azərbaycanın həyata keçirtdiyi çoxvektorlu xarici siyasət kursunun nə dərəcədə uğurlu olduğunu isbatlayır.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (11.12.2018) :
Buludlu Gecə : +7+9 | Gündüz: +10+12
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR