Siyasət

Leyla Əliyevaya “Key to Life” – “Həyata Açar” fəxri mükafatı təqdim edilib

02-11-2011 | 14:25        

  

Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü - İDEA-nın təsisçisi Leyla Əliyeva Birləşmiş Ştatların “Uşaqların Xərçəng və Qan Fondu”nun  dəvəti ilə Nyu-Yorka səfər edib. Leyla Əliyevaya Amerika Birləşmiş Ştatlarının “Uşaqların Xərçəng və Qan Fondu”nun yüksək mükafatı təqdim edilib. Səfər çərçivəsində Heydər Əliyev Fondunun Vitse-Prezidenti Nyu-York presbiterian xəstəxanasında Uil Kornell Tibb Mərkəzində göstərilən xidmətlərlə də tanış olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva pediatrik xərçəng və qan xəstəliklərinin müalicəsində aparıcı tibb ocaqlarından biri olan Nyu-York presbiterian xəstəxanasında Uil Kornell Tibb Mərkəzində müalicə alan azyaşlı xəstələrə baş çəkib, onları Amerikanın ənənəvi “Hallovin” bayramı münasibətilə təbrik edib, hədiyyələr çatdırıb. Heydər Əliyev Fondunun vitse-prezidenti, həmçinin Mərkəzin tibb heyəti ilə söhbət edərək, xüsusilə, talassemiyalı xəstələrin müalicəsi və onlara göstərilən qayğı ilə maraqlanıb. Leyla Əliyeva bildirib ki, Azərbaycanda da genetik qan xəstəliyinin daşıyıcıları olduğuna görə Heydər Əliyev Fondu talassemiya xəstəliyinin qarşısının alınması üzrə proqramlar həyata keçirir, Bakıda Talassemiya Mərkəzi fəaliyyət göstərir.
Uil Kornell Tibb Mərkəzində talassemiya proqramının direktoru, bu sahədə elmi araşdırmaları ilə tanınan professor Patrisiya Ciardiniya ilə söhbəti zamanı Leyla Əliyeva Azərbaycanda genetik qan xəstəlikləri mövzusunda elmi simpoziumun keçirilməsi arzusunu bildirib, alimi belə bir toplantıda iştirak etməyə və ölkəmizdəki mütəxəssislərlə fikir mübadiləsi aparmağa dəvət edib.
Talassemiya üzrə birgə elmi araşdırmalar Leyla Əliyevanın Birləşmiş Ştatların “Uşaqların Xərçəng və Qan Fondu”nun dəstəyi ilə Tibbi Mərkəzdə yaradılan tədqiqat laboratoriyasında keçirdiyi görüşdə də əsas müzakirə mövzusu olub. Hüceyrəvi Onkologiya Proqramının direktoru Deyvid Liden laboratoriyada aparılan elmi tədqiqatların nəticələri barədə Leyla Əliyevaya məlumat verib, az müddətdə pediatrik gematologiya-onkologiya sahəsində qazanılan yeni biliklərin bu növ xəstəliklərin müalicəsinə böyük təkan verdiyini vurğulayıb. Leyla Əliyeva gələcəkdə Azərbaycandan gələn alimlərin burada birgə araşdırma aparmaq imkanlarına dair Deyvid Lidenlə fikir mübadiləsi aparıb.
Nyu-Yorka səfəri çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ətraf mühit məsələləri üzrə maarifləndirmə məsələləri ilə məşğul olan Birləşmiş Ştatların “Earth Force” qeyri-hökumət gənclər təşkilatının beynəlxalq münasibətlər üzrə nümayəndəsi Vins Meldrum ilə “Earth Force” və “İDEA” arasında Anlaşma Memorandumunun imzalanması, Azərbaycanda orta məktəb müəllimləri üçün ətraf mühitin qorunmasının tədrisi üzrə təlim kurslarının keçirilməsi müzakirə edilib. Leyla Əliyeva “Earth Force” nümayəndələrini noyabrın 24-27-də “İDEA” təşəbbüsü ilə Qəbələ şəhərində keçiriləcək “Ətraf mühitin qorunmasının idarə edilməsində gənclərin rolu: Bu gün və Sabah” düşərgəsində iştirak etməyə dəvət edib. Leyla Əliyeva, həmçinin moda və geyim sənayesində ekoloji cəhətdən təmiz istehsalı dəstəkləyən “Ecouterre” layihəsinin nümayəndələri ilə də görüşüb, dünya gənclərinin qlobal ətraf mühitə məsuliyyətli yanaşmasına çağıran konkret təşəbbüslər ətrafında fikir mübadiləsi aparıb.

 

Sonra Leyla Əliyeva Nyu-York şəhərinin möhtəşəm “Plaza” mehmanxanasının ziyafət zalında keçirilən “Uşaqların Xərçəng və Qan Fondu”nun illik xeyriyyə toplantısında iştirak edib.

“Uşaqların Xərçəng və Qan Fondu”nun sədri Lez Liberman qonağı təqdim edərək bildirib ki, Leyla xanım Əliyeva sosial, gənclər, ətraf mühitin mühafizəsi və digər vacib məsələlərdə fəal olmaqla səylərini təkcə Azərbaycanda deyil, bütün dünyada  kimsəsiz uşaqların həyat şəraitinin yaxşılaşdırmasına sərf edir. Bununla yanaşı, o, həm də öz ölkəsində bir sıra mühüm təhsil və xeyriyyə layihələri həyata keçirən ən böyük və aparıcı qeyri-hökumət təşkilatının - Heydər Əliyev Fondunun vitse-prezidentidir. Xanım Leyla Əliyeva İDEA - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün təsisçisi, “Bakı” jurnalının təsisçisi və baş redaktorudur. O, indiyə qədər beynəlxalq münasibətlərin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə bir sıra mükafatlara layiq görülüb. Bu gün isə “Uşaqların Xərçəng və Qan Fondu” Leyla Əliyevaya bütün dünyada ehtiyacı olan uşaqlara yardım etmək uğrunda yorulmaz fəaliyyətinə görə “Həyata Açar” mükafatını təqdim etməkdən fərəh hissi duyuruq. Sonra Leyla Əliyevaya uşaqlarla bağlı humanitar layihələrdə fəal iştirakına görə “Key to Life” – “Həyata Açar” fəxri mükafatı təqdim edilib. Fəxri mükafata görə minnətdarlığını bildirən Leyla Əliyeva mərasimdə çıxış edib. “Xanımlar və cənablar. Mən burada olmağımdan böyük məmnunluq və bu mükafatı almaqdan şərəf hissi duyuram. Lakin, “Həyata Açar” fəxri mükafatını özümdən daha çox ölkəmdə yaşayan bütün gənclər adından qəbul edirəm. Azərbaycan gəncləri bu gün azadlıqda yaşayır və bu azadlığın məsuliyyətini başa düşürlər. Anlayırlar ki, bizim ən böyük məsuliyyətimiz biri-birimizin qeydinə qalmaqdır. Həyata qapı elə buradadır - sizin uzaqgörənliyinizdə, təcrübənizdə və ürəyiaçıqlığınızdadır. Amerika Birləşmiş Ştatlarının “Uşaqların Xərçəng və Qan Fondu”nun apardığı iş hamımızı ruhlandırır. Siz, təcrübənizi bölüşməyin əsl mənasını nümayiş etdirirsiniz, təkcə maliyyə yox, həm də məhəbbət, qayğı və ümidinizlə bölüşürsünüz. Dünən mən gematologiya-onkologiya şöbəsinə baş çəkərək sizin apardığınız böyük işlərin şahidi oldum. Bu iş bu xeyriyyə gecəsində iştirak edən hər bir şəxsin səyləri ilə dəstəklənir. Mən özüm də öz ölkəmdə bir çox xəstəlik hallarının şahidi olmuşam. Mənim təmsil etdiyim təşkilat - Heydər Əliyev Fondu təkcə Azərbaycanda deyil, bütün dünyada bu xəstəliklərin qarşısının alınması üçün çalışır. Biz “Talassemiyasız Həyat” səhiyyə təşəbbüsümüzlə 2007-ci ildə bölgənin ən iri talassemiya mərkəzini açmışıq. Ən son texnologiyalarla təchiz olunan bu mərkəzdə xəstələr pulsuz müalicə alırlar. Mərkəz, həmçinin mütəmadi olaraq qan köçürmələri və ölkənin müxtəlif bölgələrində qanvermə kampaniyaları həyata keçirir, diabet xəstəliyindən əziyyət çəkən 14 yaşından az olan uşaqları pulsuz insulinlə və iynələrlə təchiz edir. Siz, həyatı sapdan asılı olan uşağı görəndə, həyatda nəyin vacib olduğunu anlayırsınız. Biz, bu həyatları xilas edə biliriksə, bundan vacib nə ola bilər? Sizin işiniz məhz belə həyatları xilas edir”.

Tədbir iştirakçıları Leyla Əliyevanın fəaliyyətini yüksək qiymətləndirdiklərini bildiriblər.

“Bugünkü tədbir çox əlamətdardır. Biz tibbi sığortası olmayan və qan xəstəliklərdən əziyyət çəkən uşaqlar üçün maddi vəsait toplamışıq. Leyla xanım Əliyevanın bizimlə burada, bu tədbirdə iştirak etdiyindən şərəf hissi duyuruq. Onun iştirakı bura istilik qatır və bu tədbiri daha da qeyri adi edir.

Dünən Azərbaycan Prezidentinin qızı Leyla Əliyeva işlədiyim Nyu-York presbiterian xəstəxanasını ziyarət etdi. Bu, Azərbaycanda baş verənlər haqqında məlumat almaq üçün gözəl imkan oldu. Talassemiya mütəxəssisi olduğumdan, Azərbaycanda da bu problemin mövcud olduğunu bilirəm. Bizim xəstəxana tərəfindən həyata keçirilən layihənin sizin ölkə əhalinizin daha sağlam gələcəyinə töhfə olacağına ümid edirəm. Şəxsən Leyla Əliyevanı və onun təmsil etdiyi Heydər Əliyev Fondunun bu sahədə böyük əməyi və rolu var. Heydər Əliyev Fondunun vitse-Prezidenti Leyla Əliyeva çox gənc, istedadlı və fəal xanımdır. Biz bilirik ki, fond ölkədə təkcə talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara deyil, ümumilikdə, səhiyyə sisteminə böyük diqqət göstərir. Mən bu faktı çox yüksək qiymətləndirirəm”.

 

Qeyd edək ki, “Uşaqların Xərçəng və Qan Fondu” 1952-ci ildən başlayaraq pediatrik hematologiya və onkologiya sahəsinə davamlı yardımı vasitəsi ilə azyaşlılarda həyat üçün təhlükəli olan xroniki qan xəstəliklərinin müalicəsi işini dəstəkləyir və Birləşmiş Ştatların bu sahədə fəaliyyət göstərən ən iri xeyriyyə təşkilatlarından biridir. Hər il keçirilən xeyriyyə gecələri vasitəsi ilə fond 1,5 milyon dollar toplayaraq pediatrik xərçəng və qan xəstəliklərinin müalicəsində aparıcı tibbi ocaqlardan biri olan Nyu-York Presbiterian Xəstəxanasında Uil Kornell Tibb Mərkəzində xəstələrin müalicəsini və uşaq xərçəngi və qan xəstəlikləri sahəsində elmi və kliniki tədqiqatların aparılmasını dəstəkləyib.

Nyu-Yorka səfəri çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, həmçinin Birləşmiş Ştatların Smitsonian İnstitutunda Folklor və Mədəni İrs Mərkəzinin kuratoru Ceyms Doytçla görüşüb. Tərəflər Heydər Əliyev Fondu və Smitsonian İnstitutu arasında əməkdaşlığın perspektivlərini müzakirə edib, Smitsonian mütəxəssislərinin Azərbaycanın mədəni irsi ilə yaxından tanış olub öyrənmələri üçün ölkəmizə səfərlərinin təşkili barədə fikir mübadiləsi aparıblar. Dünyanın ən böyük muzey və tədqiqat kompleksi kimi tanınan Smitsonian İnstitutunun tərkibinə 19 muzey, bir zoopark, 9 mədəni tədqiqat mərkəzi, iki dövri nəşr daxildir. Hesablamalara görə, muzeylərin kolleksiyasına 136 milyon eksponat daxildir.