Rəsmi xronika

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib

02-11-2011 | 14:05        

  

 

Prezident İlham Əliyev noyabrın 2-də Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Salem Xalifa Mohamed Əl-Ğaflinin etimadnaməsini qəbul edib.
Səfir Salem Xalifa Mohamed Əl-Ğafli fəxri qarovul dəstəsinin qarşısından keçib.
Salem Xalifa Mohamed Əl-Ğafli etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli münasibətlərin böyük tarixə malik olduğunu və uğurla inkişaf etdiyini bildirib. Prezident İlham Əliyev ölkələrimizin həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksək səviyyədə əməkdaşlıq etdiyini vurğulayıb. Dövlətimizin başçısı Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyib. Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfərini və orada keçirdiyi görüşləri məmnunluqla xatırlayıb. Birləşmiş Ərəb Əmirliklərinin səfirliyinin ölkəmizdə fəaliyyətə başlamasından məmnunluğunu bildirən Prezident İlham Əliyev bunun əməkdaşlığımızın daha da dərinləşdirilməsi işi üçün yaxşı imkan yaradacağını bildirib.
Səfir Salem Xalifa Mohamed Əl-Ğafli Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayid Al Nəhəyanın, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri, Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Maktumun və Abu Dabi əmirliyinin vəliəhdi Şeyx Məhəmməd bin Zayid Al Nəhəyanın salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. Salem Xalifa Mohamed Əl-Ğafli Birləşmiş Ərəb Əmirliklərinin ilk səfiri kimi ölkəmizdə fəaliyyətə başlamasından məmnunluğunu bildirib.
Dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayid Al Nəhəyanın, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri, Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Maktumun və Abu-Dabi əmirliyinin vəliəhdi Şeyx Məhəmməd bin Zayid Al Nəhəyanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə, Dubay Əmirinə, Abu-Dabi əmirliyinin vəliəhdinə çatdırmağı xahiş edib.