Mədəniyyət

Şərq və Qərbin kukla dünyası adlı elmi simpozium keçirilib

02-11-2011 | 14:05        

  

Bakıda keçirilən Birinci Beynəlxalq Kukla festivalı çərçivəsində elmi simpozium keçirilib. Simpoziumda dünyanın 16 ölkəsindən gələn teatr mütəxəssisləri iştirak edib. Tədbir maraqlı məruzələrlə yadda qalıb.

 “Şərq və Qərbin kukla dünyası :ideya, təşəkkül, texnika” adlı simpoziumda çıxış edən Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev qonaqlara ötən il Bakıda keçirilən Beynəlxalq Teatr Konfransı və bu istiqamətdə görülən işlərlə bağlı məlumat verib. Vurğulayıb ki, builki Beynəlxalq Kukla Teatrı Festivalı da «Azərbaycan Teatrı  2009-2019-cu illərdə» Dövlət Proqramına uyğun olaraq keçirilir və festival Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunub.

Eyni zamanda Ə.Vəliyev qeyd edib ki, Azərbaycan UNİMA Beynəlxalq Kukla Teatrları Assosiasiyasına üzv qəbul olunub və assosiasiyanın ölkəmizdə regional bölməsi açılıb. Daha sonra çıxış edən simpozuim iştirakçıları festivalın təşkilinə görə təşəkkür ediblər. Dünyada baş verən teatr prosesləri barədə tədbir iştirakçılarını məlumatlandırıblar. Festival boyunca nümayiş olunan tamaşalarla bağlı öz fikir və təkliflərini irəli sürüblər.

Xatırladaq ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi,  UNİMA Beynəlxalq Kukla Teatrları Assosiasiyası və TÜRKSOY-un birgə təşkilatçılığı ilə keçirilir.  “I Bakı Beynəlxalq Kukla Teatrları Festivalı” işini noyabrın 6-dək davam etdirəcək.