Cəmiyyət

Yay tətilində məktəblilərin dəniz səyahəti təşkil edilib

20-08-2018 | 15:14        

  

Yeniyetmə və gənclərin asudə vaxtının, onların mənalı istirahətinin təşkili hər zaman diqqət mərkəzindədir. Nəsimi rayonunda bu istiqamətdə həyata keçirilən layihələrdən biri də aztəminatlı ailələrin, eləcə də şəhid və  Qarabağ müharibəsi əlilləri övladlarının yay tətilərində istirahət mərkəzlərinə ekskursiyasını təşkil etməkdir. Bu, uşaq və yeniyetmələrə xoş anlar bəxş etməklə yanaşı, onları zərərli vərdişlərdən qoruyur, bilik səviyyəsi və dünyagörüşünü zənginləşdirir. Bu dəfə uşaqlar Xəzər dənizində gəmi gəzintisinə çıxdılar. 500 məktəbli yeni, müasir “Mirvari” gəmisi ilə Bakı buxtasında gəzdi. Səyahət zamanı uşaqlar və onları müşayiət edən müəllimlər Bakı buxtasından paytaxtın mənzərəsini, bulvarı, müasir tikililəri müşahidə etdilər. Musiqi sədaları altında uşaqların rəqsi isə istirahət proqramını əsl bayrama çevirdi.

Dəniz səyahəti məktəblilərdə xoş təəssürat yaratdı. “Mirvari” gəmisində tərtib olunan istirahət proqramı yaddaşlarda xüsusi gün kimi yazıldı. Uşaqlar bu günün təəssüratını həm də onlar üçün təşkil olunan nahar süfrəsində paylaşdılar. Milli parkdakı əyləncəli qurğularda da əyləndilər.