Cəmiyyət

Ali məktəblərdə boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi bu gün başa çatır

20-08-2018 | 10:28        

  

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi bu gün başa çatır. İxtisas seçmək hüququna yalnız imtahan nəticələri müsabiqə şərtlərini ödəyən və heç bir təhsil müəssisəsinə qəbul olmayan abituriyentlər malikdirlər. Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan yerlərə və kolleclərə keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur. Abituriyentlər elektron ixtisas seçiminin ərizə formasında ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının da kodlarını göstərə bilərlər. Boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 5 və 8-ci saylarında dərc olunub. İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin və kolleclərin ixtisas kodunu seçib, onları “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir. İxtisas kodlarını seçərkən dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istəyi qeyd olunur. Əgər abituriyent hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyirsə, bu halda həmin ixtisas kodunu ərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət sifarişi əsasında və ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir. Orta ixtisas təhsili müəssisələrinin isə dövlət hesabına və ya ödənişli əsaslarla qəbul aparılan ixtisaslarının kodları fərqlidir. Hər bir ixtisas kodu ərizəyə ayrıca daxil edilməlidir. Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaq.