Siyasət

Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti bir çox məsələlərin həlli üçün geniş perspektivlər açır

20-08-2018 | 10:16        

  

Azərbaycanın xarici siyasətində enerji amili öz əhəmiyyətli mövqeyini qorumaqda davam edir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyevin yeni məzmun qazandırdığı bu siyasət nəticəsində hazırda ölkəmiz öz enerji təhlükəsizliyini təmin etməklə bərabər, bəzi digər dövlətlərin enerji təhlükəsizliyində də əsas rollardan birini oynayır. Azərbaycan hələ 150 il əvvəl sənaye üsulu ilə neft hasil edən ilk ölkə olub. 1901-ci ildə dünya neftinin 50 faizi məhz bizim ölkədə hasil edilirdi. İlk neft bumu digər əsas iştirakçılarla yanaşı, Nobel qardaşları, Şell-Transport və Rotşild Banking House şirkətlərinin iştirakı ilə baş tutdu. İkinci Dünya müharibəsində Azərbaycan Sovet İttifaqının neft təchizatının ümumi həcminin 70 faizdən çoxunu təkbaşına təmin edirdi və bu, faşizm üzərində Qələbəyə böyük töhfə oldu. İyirminci əsrin axırlarında müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan elə bir investisiya mühiti yaratdı ki, dünyanın bir çox aparıcı enerji şirkətləri neft və qaz sektorumuza sərmayə qoymağa başladılar. 1994-cü ildə dünyanın aparıcı neft şirkətlərindən ibarət konsorsiumla “Əsrin müqaviləsi”ni imzalamaqla Azərbaycan tarixdə ilk dəfə olaraq Xəzər dənizinin resurslarını beynəlxalq aləmə açdı.Xəzərin enerji resursların tam istifadə üçün yeganə açıq qalan məsələ isə onun hüquqi statusunun uzun illər müəyyənləşməməsi idi. Məhz, avqustun 12-də, Beynəlxalq Xəzər günündə Aktauda imzalanan Konvensiya bu məsələni də həll etmiş oldu. Məhz, bu sənədin imzalanmasından sonra dünyanın diqqəti yenidən Xəzər regionunun enerji resurlarına cəmləndi. Bu da təsadüfi deyil.

Ekspert dəyərləndirməsinə görə, Xəzərin şelfində 50 milyrad barrel neft və 9 trilyon kubmetr qaz yataqları var, onların istismarı, sahilyanı ölkələrə bir neçə trilyon dollar gəlir gətirəcək. Bəzi proqnozlarda daha çox yataq kəşf olunacağı da istisna edilmir. Bundan başqa, Azərbaycan, Gürcüstan və Türkiyə liderlərinin siyasi iradəsi nəticəsində bu gün Xəzərin Azərbaycan akvatoriyasından Avropa bazarına qədər vahid boru xətti mövcuddur. Xüsusən də Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi və onun əsas komponenti hesab edilən TANAP-ın istifadəyə verilməsi istər Türkmənistan, istərsə də Qazaxstan üçün az xərclə Avropa bazarına çıxış imkanı yaradır.  “Xəzər beşliyi” dövlət başçılarının xoş məram, etimad, qarşılıqlı ehtiram, müştərək mənafe və mehriban qonşuluq əlaqələri sayəsində gerçəkləşən tarixi razılaşma isə Xəzərin karobohidrogen ehtiyatalarının Qərb bazarlarına daşınması üçün dənizin dibindən kəmərlər çəkilməsi üzərində maneəni aradan qaldırır. Enerji daşıyıcılarının tranzitində əsas faktorlardan biri isə heç şübhəsiz ki, təhlükəsizlik və sabitlik amili ilə bağlıdır və konvensiya bu istiqamətdə də yeni üfüqlər açır.

20 ildən artıq Azərbaycan, Gürcüstan və Türkiyənin tranzit ölkə kimi uğurlu əməkdaşlığı, öhdəliklərinə sadiqliyi və bir-birinə etibarı da Transxəzərin reallaşmasına əlavə stimul verir. Qeyd edək ki, Transxəzər kəməri Azərbaycan və Türkmənistana Avropa bazarlarına ildə 100 milyard kubmetr qazın ixracına imkan verə bilər. Müstəqillik dövründə ölkəmizin həyata keçirdiyi neft-qaz əməliyyatları, Azərbaycan Dövlət Neft Şirkətinin ən yüksək beynəlxalq standartlara cavab verən texnoloji yeniliklərə sahib olması, formalaşan güclü kadr potensialı SOCAR -a sahilyanı digər dövlətlərin sektorunda bu istiqamətdə layihələrin reallaşdırılması və hasilatda aktiv iştirak etsin. Eyni zamanda dünyada ilk onluğa daxil Xankəndi neft qaz istismar gəmisinin istifadəyə verilməsi SOCAR üçün də yeni imkanlar açır. Belə ki, indi Azərbaycanın dövlət neft şirkəti və geoloqları Xəzərin digər ölkələrə aid hissəsində kəşfiyyat işlərinə cəlb edilə bilərlər. Bu isə, tərəfdaş ölkələrə fayda verməklə yanaşı, Azərbaycanın xidmət ixracında əlavə gəlir əldə etməsi deməkdir.