Xarici xəbərlər

Dünyada baş verən ən son hadisələr

17-08-2018 | 10:57        

  

Monteneqro miqrant axınının qarşısını almaq üçün sərhəd mühafizəsinə hərbçiləri cəlb edəcək

Monteneqro miqrant axınının qarşısını almaq üçün Albaniya ilə sərhədin mühafizəsinə hərbçiləri cəlb edəcək. Müvafiq qərar Müdafiə və təhlükəsizlik şurası tərəfindən qəbul olunub. Bu barədə Monteneqronun müdafiə nazirliyi məlumat verib. Nazirliyin bəyanatında qeyd olunur ki, sərhəddən qanunsuz keçilməsinin və digər qanun pozuntularının qarşısını almaq məqsədilə sərhəd mühafizəsi polis və silahlı qüvvələr tərəfindən birgə həyata keçiriləcək. Son vaxtlar Monteneqroya gələn miqrantların sayının artması ölkədə narazılığa səbəb olub. Hökumət Albaniya ilə sərhəddə miqrantların qəbulu mərkəzinin tikintisinə hazır olduğunu bildirib. Bir qədər əvvəl, Dövlət sərhəd mühafizəsi idarəsinin rəhbəri miqrant axınının qarşısını almaq üçün Albaniya ilə sərhəddə tikanlı məftillərdən ibarət hasarın quraşdırılması ehtimalının nəzərdən keçirildiyini bəyan etmişdi.

Polis əməkdaşları il ərzində 394 dəfə silah tətbiq ediblər

Fransa polisinin Baş Müfəttişliyi hüquq-mühafizə orqanlarının silahdan istifadəsinə dair hesabat yayıb. Hesabata görə 2017-ci ildə ölkədə asayiş keşikçilərinin silahdan istifadə halları 2016-cı illə müqayisədə 54% artıb. Başqa sözlə, polislər ötən il 394 dəfə silah tətbiq ediblər. Təhqiqat zamanı polislər öz davranışlarını zəruri müdafiə kimi əsaslandırırlar. 2017-ci ilin fevralında qəbul edilmiş qanun polisin odlu silahdan istifadə səlahiyyətlərini artırıb. Qanuna görə polis şübhəli avtomobillə rastlaşdlıqda, özünün və ya mülki şəxslərin həyatına təhlükə yarandığı hallarda silah tətbiq edə bilər. Bu vəziyyətdə silahdan istifadəyə görə polis əməkdaşı məsuliyyətdən azaddır. Hesabatda daha sonra qeyd edilir ki 2017-ci ilin may ayından indiyədək polis gülləsindən və ya təqib zamanı həlak olan şəxslərin sayı 14 nəfər olub. Polis əməkdaşlarının davranışlarından şikayət halları isə 3% artıb. Hesabat dövründə Baş Müfəttişliyə bu xüsusda 3361 şikayət daxil olub. Polisin silahdan istifadə edərək insan ölümünə səbəb olması ilə bağlı böyük əks-səda doğurmuş sonuncu hadisə bir neçə gün əvvəl Parisdə baş verib. 26 yaşlı şəxs polisə tabe olmayaraq idarə etdiyi avtomobili dayandırmayıb. Həmin şəxsin arxasınca düşən polis əməkdaşları ona atəş açıblar. Nəticədə o, aldığı güllə yarasından ölüb. Atəş açan polis əməkdaşı saxlanılıb.

“Google” şirkəti istifadəçilərini izlədiyini etiraf edib

ABŞ-ın “Google” şirkəti istifadəçilərini izlədiyini etiraf edib. Şirkətin səhifəsində bildirilir ki, smartfonlarda məkan funksiyası söndürülmüş vəziyyətdə olduqda belə istifadəçilərin harada olduqlarını bilmək mümkündür. Bundan əvvəl isə “Google” sözügedən funksiya söndürüldükdə istifadəçilərin yollandığı məkanın yaddaşda saxlanılmayacağını iddia edirdi. Şirkət həmçinin etiraf edib ki, “Axtarış” və “Xəritə” kimi xidmətlər aktivləşdirildikdə də  istifadəçilərin olduqları məkan barədə bəzi məlumatlar yaddaşda saxlanılır.

“Latam” və “Sky Airlines” aviaşirkətlərinin bir neçə təyyarəsi bomba həyəcanı ilə əlaqədar təcili eniş edib

“Latam” və “Sky Airlines” aviaşirkətlərinə məxsus bir neçə  təyyarə bomba həyəcanı barədə daxil olan 11 anonim zənglə əlaqədar Argentina, Çili və Peruda  təcili eniş edib. Təyyarələrdən sərnişinlər təxliyə olunub. Partlayıcı qurğular barədə məlumatlar təsdiqlənməyib. Hüquq-mühafizə orqanları anonim zənglərin mənbəyini araşdırır. İnsident hava limanlarının işində maneələr yaradıb. Bir çox aviareysin gecikdiyi bildirilir.

Kerala ştatında daşqın nəticəsində ölənlərin sayı 106 nəfərə çatıb

Hindistanın cənubundakı Kerala ştatında musson yağışlarının səbəb olduğu güclü daşqın nəticəsində ölənlərin sayı 106 nəfərə çatıb. Bəzi mənbələr isə bu rəqəmin 114 olduğunu yazır. 150 000 sakinin evsiz qaldığı bildirilir. Təbii fəlakət nəticəsində Koçin beynəlxalq hava limanı fəaliyyətini dayandırıb. İctimai nəqliyyatın hərəkəti iflic olub. Fəlakət zonalarına yüzlərlə hərbçi cəlb olunub. Ev, küçə və yollar su altında qalıb, körpülər dağılıb. Kənd  təsərrüfatına ciddi ziyan dəyib. Əlverişsiz hava şəraiti ilə əlaqədar ştatın 14 dairəsində məktəblər bağlanıb. Qeyd edək ki, bu Kerala ştatında son 100 ilin ən güclü musson yağışlarıdır.