Cəmiyyət

Ölkə üzrə ali məktəblərə plan yerlərindən 88,73 faizi dolub

17-08-2018 | 08:40        

  

Builki tədris ilində bütün aparıcı ali məktəblərdə yerlər, demək olar ki, dolsa da, əsasən rus bölmələrində boş yerlər qalıb. Ümumilkdə, ölkə üzrə ali məktəblərə plan yerlərindən 88,73 faizi dolub. Bu barədə Dövlət İmtahan Mərkəzində keçirilən mətbuat konfransında məlumat verilib.

Ölkədə ali məktəblərə yerləşdirmə başa çatıb. 45 min 21 plan yeri üzrə  39 min 947  abituriyent tələbə adını qazanıb. Onlardan 12 min 4-ü dövlət sifarişli ixtisaslara qəbul  olunub. Ölkə üzrə ümumi qəbul planının  88,73 faizi  yerinə yetirilib. Dövlət ali təhsil müəsisələrində yerlərin 91,5 faizi tutulub. Lakin, ali məktəblərin bakalavriat  pilləsi üzrə yerləşdirmənin birinci mərhələsində plan yerlərinin 5074-i və ya 11 faizi boş qalıb. Vakant yerlərin 3255-i dövlət ali məktəblərində, xüsusilə regionlardakı ali məktəblərdə qeydə alınıb. Özəl ali təhsil müəsisələrində isə 73 faiz yerlər tələbələrlə komplektləşdirilib.  Bu təhsil ocaqlarında 1819 yer və ya 27 faiz tələbə yeri sahibini tapmayıb. Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dedi. Onun sözlərinə görə, birinci qrup üzrə 540 baldan yuxarı, 2- ci qrup üzrə isə 490 baldan yuxarı nəticə göstərən abituriyentlərdən hər biri qəbul edilib. 3-cü qrupda 550-dən çox, 4-cü qrupda isə 610-dan yuxarı bal toplayanların hamısı tələbə adını qazanıb.

Vakant yerlərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi isə avqustun 16-dan başlayıb. Proses ayın 20-dək davam edəcək. Məleykə Abbaszadə onu da dedi ki, imtahanlar zamanı başqalarının yerinə imtahana girmək cəhdləri də olub. Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan birgə araşdırmalar nəticəsində 2018-ci ildə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı zamanı bir sıra qanun pozuntularına yol verilməsinə cəhd halları aşkar edilərək qarşısı alınıb, cinayət işi başlanılıb.