Cəmiyyət

Hesablama Palatasının yaradılmasının 10 ili tamam olur

02-11-2011 | 11:27        

  

Hesablama Palatasının yaradılmasının 10 ili tamam olur. Ölkənin əsas kənar dövlət maliyyə nəzarətini həyata keçirən strukturu olan Hesablama Palatasının ötən dövrdə əldə etdiyi uğurlar bu qurumun potensialını daha da gücləndirib, onun maddi-texniki təminatının gücləndirilməsi və əməkdaşların sosial müdafiəsinin yaxşılaşdırılmasına geniş imkanlar açıb.

Azərbaycan Respublikası Hesablama Palatasının yaradılması ideyası xalqımızın ümummilli lideri Heydər Əliyevə məxsusdur. Ulu öndər Heydər Əliyevin dövlət idarəetmə və dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi istiqamətində yürütdüyü bu siyasət ilk növbədə ölkəmizin iqtisadi həyatında dövlət maliyyə nəzarətini həyata keçirən orqanların rolunun gücləndirilməsinə yönəlmişdi.

Əsas funksiyası kənar dövlət maliyyə nəzarətini həyata keçirmək olan, öz fəaliyyətini təşkilati və funksional müstəqillik prinsipləri əsasında təşkil edən Hesablama Palatası 2001-ci ildə fəaliyyətə başladı. Hesablama Palatası palata üzvlərindən - sədr, sədr müavini, 7 auditor və onun aparatından ibarətdir. Səlahiyyət müddəti 7 il olan Hesablama Palatasının üzvləri Milli Məclis sədrinin təqdimatı əsasında parlament tərəfindən təyin edilir. Palatanın hüquqi statusu 1995-ci ildə qəbul edilən konstitusiya ilə müəyyən olundu. Səlahiyyətləri 1999-cu ildə qüvvəyə minən “Hesablama Palatası haqqında” qanunla müəyyənləşdirilən bu qurumun işinin təşkili və tənzimlənməsinin əsasları isə 2002-ci ildə qəbul edilən “Hesablama Palatasının daxili nizamnaməsi”ndə əksini tapdı. Bununla da ölkədə kənar dövlət maliyyə nəzarəti institutunun əsası qoyuldu və səmərəli maliyyə nəzarəti sisteminin təşəkkül tapması istiqamətində mühüm addım atıldı. 2003-cü ildən başlayaraq Azərbaycanda böyük transmilli layihələrin həyata keçirilməsi, regional layihələrinin reallaşdırılması, ölkənin iqtisadi, müdafiə və enerji təhlükəsizliyinin təmin olunması nəticəsində dövlət xərclərinin dəfələrlə artması külli miqdarda vəsaitin səmərəli idarə olunması ilə yanaşı, çevik və etibarlı dövlət maliyyə nəzarəti sisteminin inkişafını tələb etdi. Odur ki, Prezident İlham Əliyev ölkədə maliyyə nəzarətini prioritet vəzifələrdən biri kimi müəyyənləşdirdi, bu da Hesablama Palatasının üzərinə ciddi məsuliyyət və vəzifələr qoydu. Prezident İlham Əliyevin təşəbbüsü ilə “Hesablama Palatası haqqında” Qanuna 2008-ci ildə edilən dəyişikliklər və əlavələr Palatanın dövlət maliyyə nəzarəti sistemində rolunu gücləndirdi, maliyyə pozuntuları ilə mübarizədə Palataya daha çox real hüquqlar verilərək onun icra səlahiyyətləri genişləndirildi. Büdcə şəffaflığının təmin olunmasında yaxından iştirak edən Hesablama Palatasının yeni təşkilati idarəetmə strukturu formalaşdırıldı. Qeyd edək ki, Hesablama Palatası dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının gəlirlərinin və xərclərinin auditini aparır, nəzarət tədbirləri nəticəsində aşkar edilən hüquq pozuntuları barədə məlumatları Milli Məclisə təqdim edir, dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələrinə və dövlət büdcəsinin icrası barədə illik hesabata və müvafiq qanun layihələrinə rəy verir. Bundan əlavə, Hesablama Palatası qanunvericiliklə müəyyən olunan qaydada müvafiq maliyyə-büdcə nəzarəti tədbirlərini həyata keçirir, ölkənin sosial-iqtisadi inkişafını müəyyən edən iqtisadi parametrlərin müəyyənləşdirilməsində təklif və tövsiyələrini verir. Palatanın son illərdə həyata keçirdiyi nəzarət tədbirlərinin nəticəsi göstərir ki, maliyyə pozuntularının baş verməsi risqlərinin azaldılmasında maliyyə intizamının gücləndirilməsi və çevik nəzarət sisteminin formalaşdırılması əhəmiyyətli rol oynayır. Son 10 ildə Hesablama Palatasının əsas vəzifərlərindən biri də korrupsiyaya və dövlət vəsaitlərindən sui-istifadə edilməsinə şərait yaradan halların aşkar edilərək qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi olub. Bu illərdə Hesablama Palatasının beynəlxalq əlaqələri də genişlənib. 2002-ci ildə Hesablama Palatası Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatına, Ali Audit Qurumlarının Avropa və Asiya təşkilatlarına, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Ali Audit Qurumları təşkilatına üzv qəbul edilib. MDB iştirakçısı olan ölkələrin Ali Maliyyə Nəzarəti orqanlarının rəhbərlərinin ali şurası ilə əməkdaşlıq edən Azərbaycanın Hesablama Palatası 9 ölkə ilə ikitərəfli əməkdaşlıq sazişləri imzalayıb və bununla da Hesablama Palatası beynəlxalq audit təcrübəsi qazanıb. Ötən 10 ildə Hesablama Palatasının həyatında ən əlamətdar hadisələrdən biri də bu qurumun yeni inzibati bina ilə təmin edilməsi idi. Paytaxtın Xəqani 33 ünvanında yerləşən 2 mərtəbəli inzibati bina müxtəlif dövrlərdə ayrı-ayrı məqsədlər üçün istifadə olunsa da 2008-ci ildən köhnə binanın yerində yenisinin tikintisinə başlandı. 2009-cu il dekabrın 21-də isə Prezident İlham Əliyev Hesablama Palatasının yeni inzibati binasının açılışında iştirak etdi. Əməkdaşlar üçün əlverişli iş şəraitinin yaradıldığı 5 mərtəbəli yeni inzibati binada müasir texniki vasitələrin tətbiqinə böyük diqqətlə yanaşılıb.

10 illik fəaliyyəti dövründə ölkəmizin maliyyə sistemində mühüm mövqe qazanan Hesablama Palatası təşkilati, nəzarət-audit, analitik və metodoloji işlər nəticəsində dövlət hakimiyyəti orqanları arasında layiqli yer tutub, maliyyə pozuntuları və korrupsiya ilə mübarizədə əhəmiyyətli naliyyətlər əldə edib. Odur ki, Hesablama Palatası bu gün büdcə idarəçiliyində, icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığın və səmərəliliyin təmin edilməsi sahəsində mühüm rol oynayan dövlət qurumudur və bu missiya uğurla davam etdirilir.