İqtisadiyyat

TANAP Türkiyədə 860 layihəyə 140 milyon türk lirəsi ayırır

15-08-2018 | 10:40        

  

Azərbaycan təbii qazını Türkiyəyə, oradan da Avropaya çatdıracaq Trans-Anadolu qaz boru kəməri qardaş ölkədə kəmər boyu layihələri maliyyələşdirəcək. Eləcədə, TANAP layihəsinin davamı olan və  hazırda inşası aparılan Trans-Adriatik qaz boru kəmərinin dəstəklənməsi barədə yeni çağırışlar var.

Trans-Anadolu qaz boru kəməri üzrə Türkiyədə 860 layihəyə ayrılan qrant ümumilikdə 140 milyon türk lirəsinə çatacaq. Bu barədə məlumat verən TANAP-ın baş direktoru Saltuk Düzyol bildirib ki, qaz boru kəmərinin sosial və ekoloji sərmayə proqramları vasitəsilə layihələr davamlı şəkildə dəstəklənir: “Bunun sayəsində Türkiyənin bölgələrindəki vətəndaşların iqtisadi və sosial inkişafına töhfə verilir. TANAP 11 vilayəti əhatə edən birinci qrant çərçivəsində 429 layihəyə 70 milyon türk lirəsindən çox vəsait ayırıb. İkinci qrant üçün isə 4 min layihə üzrə müraciət olunub. Həmin layihələrdən 431-i seçilib və bu layihələrə təxminən 70 milyon türk lirəsi vəsait ayrılıb. Beləliklə, TANAP-ın Türkiyədə 20 vilayəti əhatə edən 860 layihəyə ayırdığı qrant ümumilikdə 140 milyon lirəyə çatacaq”. “Trans-Anadolu təbii qaz boru kəməri Türkiyənin təbii qaza olan tələbatının 10 faizdən çoxunu təmin edəcək”, deyən Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktar isə vurğulayıb ki, iki qardaş ölkə - Azərbaycan və Türkiyə, eləcə də qonşu Gürcüstan regionun inkişafı və rifahı üçün belə böyük layihənin həyata keçirilə bilinəcəyini bütün dünyaya nümayiş etdirdilər.

“Trans-Adriatik” qaz boru kəməri Avropanın təbii qaz tədarükündə güclü mənbə olacaq. Bu fikirlər isə ABŞ konqresmeni, Konqresin Nümayəndələr Palatasının kəşfiyyat üzrə daimi xüsusi komitəsinin sədri Devin Nunesə məxsusdur. Konqresmen deyib ki, “ABŞ hazırda mayeləşdirilmiş təbii qaz ixrac edir və Qərbi Avropaya daha çox qaz nəql edə biləcəyi təqdirdə, eləcə də TAP qaz boru kəməri ilə İtaliyaya qaz daşındıqda qitənin qaz tədarükü üzrə 2 güclü mənbə olacaq”.

Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və Avropaya nəql edəcək TANAP Türkiyə-Yunanıstan sərhədində “Trans-Adriatik” qaz boru kəmərinə birləşəcək.