Siyasət

“John Batchelor Show”da Azərbaycanın kosmik sənayesində əldə etdiyi uğurlardan bəhs olunub

15-08-2018 | 10:10        

  

ABŞ-ın geniş dinləyici auditoriyasına malik “Con Batçelor Şou” radioverilişinin aparıcısı Con Batçelorun ölkəmizlə bağlı hazırladığı növbəti proqram Azərbaycanın kosmik sənayesindəki uğurlarına həsr olunub.

“Azərbaycan kommersiya məkanına və ulduzlara doğru” adlı verilişdə Con Batçelor ölkəmizin dünya kosmik ailəsinin üzvü olması barədə məlumat verib. Bildirib ki, Azərbaycanda bu sahənin inkişafı üzrə 7-8 ili əhatə edən dövlət proqramı mövcuddur. Proqram daxilində artıq 2 peyk “Azerspace-1”, və “Azərsky” orbitə buraxılıb, üçüncü peyk isə tezliklə kosmosda olacaq. Bunu ölkənin kommersiya uğuru hesab etmək olar. Afrika, Yaxın Şərq, Mərkəzi Asiya, Avropa və Qafqaz regionunda telekommunikasiya sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edilir. Dövlət başçısının fərmanı ilə təsis olunan “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti bütün dünya üzrə, o cümlədən “Google” da daxil olmaqla, bir çox ABŞ şirkətlərinə telekommunikasiya və digər xidmətlər göstərir. Bu ilin sentyabrında isə üçüncü telekommunikasiya peyki orbital mövqeyə çıxarılacaq. Məlumat verilib ki, bu yaxınlarda Cəmiyyətdə nanopeyklər istiqamətində fəaliyyət göstərmək və dünyada müxtəlif təşəbbüsləri nəzərdən keçirmək məqsədilə şöbə yaradılıb. Startap şirkətlərlə görüşlər keçirilir, danışıqlar aparılır, perspektivlər barədə məlumat toplanılır. Gələcəkdə ölkəni bu sahədə tamamilə fərqli inkişaf gözləyir. Dinləyicilərin diqqətinə çatdırılıb ki, “Azərkosmos”un  fəaliyyətə başladığı 2011-ci il “Azərbaycan Gənclərinin Xarici Ölkələrdə Təhsili üzrə Dövlət Proqramı”nın ilk məzunlarının əmək bazarına daxil olmasına təsadüf edib. Bu, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olub və belə bir yanaşmanın mərkəzində ölkənin gələcəkdə Qərb təhsilli mühəndislərə ehtiyacının olması barədə fikirlər dayanır. Hazırda da milli peyklərimiz orta yaşı 30 olan azərbaycanlı gənclər tərəfindən idarə edilir.