Bölgələr

Xəzər dənizinin Azərbaycana düşən hissəsindəki Nabran sahil zonası təbii mühit, istirahət və müalicə baxımından çox faydalıdır

14-08-2018 | 11:03        

  

Azərbaycan-Rusiya sərhədinin yaxınlığında yerləşən Nabran da məşhur kurort və istirahət zonalarındandır. Buranın təbii gözəlliyi ilə yanaşı yaradılan müasir infrastrukturu da turistlərin diqqətini çəkir. 

Dəniz və meşəlik! Təbiətin hər iki varlığını eyni məkanda görmək nadir haldır. Amma təbiətin bu möcüzəsi də Azərbaycana nəsib olub. Səyahətimiz Xaçmazın Nabran istirahət zonasınadır. Əvvəllər təkcə ekoturizmi ilə məşhur olan Nabran indi yaşıllıq və dəniz sahillinin arasında yaradılan turizm infrastrukturu ilə də qonaqları valeh edir.

Xəzər dənizi sahilində qalın palıd meşələrlə əhatələnən Nabran istirahət məkanı paytaxt Bakıdan 3 saatlıq məsafədə yerləşir. Nabran 20 kilometrlik sahil boyunca uzanan çimərliyə malikdir. Hər il bura unikal landşaft, ideal iqlim və dəniz suyundan ötrü çoxlu sayda turist gəlir.

Nabran istirahət zonasına yerli və xarici turistləri cəlb etmək üçün 8 yeni turizm marşrutu müəyyənləşdirilib. Tərtib olunan marşrutlar istirahət zonası ilə yanaşı, bütün Xaçmaz ərazisini, eləcə də qonşu rayonları əhatə edir. Nabranda qum və günəş vannaları müxtəlif xəstəliklərin müalicəsi üçün olduqca faydalıdır.

Xaçmazın mərkəzində hazırda 4 otel fəaliyyət göstərir. Otellər təkcə keyfiyyəti ilə deyil, qiyməti ilə də turistlərin ürəriyincədir. Belə ki, rayonun mərkəzndə iki nəfərlik nömrələr 30, Nabran turizm zonasıda isə 50 manatdan başlayan qiymətlərlə təklif olunur. Yəni qiymətlər kotteclərin komfortundan və təqdim edilən əlavə xidmətlərdən asılı olaraq dəyişir.

Bəzi turistlər buradakı müasir tələblərə cavab verən istirahət mərkəzlərində dincəlməyə üstünlük versələr də, fərdi şəxslərə məxsus evləri kirayələyənlər də az deyil. Bunun başlıca səbəbi kirayə evlərin qiymətinin otellərlə müqayisədə aşağı olması və ev sahibləri tərəfindən turistlərə ödənişsiz bələdçilik xidmətlərinin təklif olunmasıdır. Günü 30-40 manata təklif olunan belə evlər əsasən, Nabran və Müqtədir kəndlərində yerləşir. Ümumiyyətlə, son dövrlər əhali daha çox daxili turizm məkanlarına üstünlük verir.