Xarici xəbərlər

Dünyada baş verən ən son hadisələr

14-08-2018 | 10:58        

  

Malta, İtaliya və İspaniya dənizdə xilas edilmiş 141 miqrantı qəbul etməkdən imtina edib

Malta, İtaliya və İspaniya göyərtəsində 141 miqrantın olduğu “Akvarius” gəmisini qəbul etməkdən imtina edib. Bu barədə “Sərhədsiz həkimlər” beynəlxalq humanitar təşkilatı məlumat verib. Gəmi Aralıq dənizinin Liviya sahillərində xilas edilmiş bu miqrantları sahilə çatdırmalıdır. Hazırda gəmi İtaliya ilə Malta arasındadır. “Sərhədsiz həkimlər” təşkilatı yaxınlıqdakı limanın miqrantlar üçün açılması ilə bağlı Avropa ölkələrinin liderlərinə müraciət edib. Lakin hələ ki, heç bir ölkə qaçqınları qəbul etmək istəmir. Bu arada, “Akvarius” gəmisinin gələn həftədən Cəbəlüttariq bayrağı altında üzə bilməyəcəyi məlum olub. Bu açıqlama ilə Böyük Britaniyaya məxsus bu ərazinin hakimiyyət orqanları çıxış edib. Bundan sonra göyərtəsində 140-dan çox miqrant olan gəminin hər hansı limana çıxış əldə etməsi daha da çətin olacaq. Qeyd edək ki, “Akvarius” gəmisi taxta və rezin qayıqlarla Avropaya çatmağa çalışan və çox vaxt dənizdə fəlakətlə üzləşən miqrantları xilas etməklə məşğul olur. İyunda da Avropa İttifaqına üzv ölkələr göyərtəsində 600-dən çox xilas edilmiş miqrant olan gəmini qəbul etməkdən imtina etmişdi.

Bir neçə şəhərdə onlarla avtomobil yandırılıb

İsveçin cənub-qərbində onlarla avtomobil yandırılıb. Təkcə Geteborq şəhərinin 20 müxtəlif ərazisində 88 avtomobilə od vurulub. Oxşar insidentlər Malmö, Trollhettan, Helsinqborq, Falkenberq və Lüseçil şəhərlərində də baş verib. Şahidlərin sözlərinə görə maskalı şəxslər ticarət mərkəzləri və xəstəxanalar qarsısındakı dayanacaqlarda  avtomobillərin şüşələrini sındıraraq içərilərinə alışdırıcı maye töküblər. Trollhettan şəhərində 40-a yaxın maskalı gənc avtomobilləri yandırmaqla yanaşı polis əməkdaşlarına daş parçaları da atıblar. Hüquq-mühafizə orqanları insidentlərin təşkil edilmiş aksiya olduğunu istisna etmir. Faktla bağlı araşdırmalar davam edir.

Torontoda atışma nəticəsində 3 nəfər yaralanıb

Kanadanın Toronto şəhərində silahlı insident baş verib. Yanacaqdoldurma məntəqəsi yaxınlığında baş vermiş atışma nəticəsində 3 nəfər yaralanıb. Hadisənin kimin tərəfindən törədildiyi hələ ki, məlum deyil. Xatırladaq ki, bir neçə gün əvvəl Frederikton şəhərində atışma nəticəsində 2-si polis əməkdaşı olmaqla 4 nəfər həlak olmuşdu.

Asuay əyalətində avtobusun qəzaya uğraması nəticəsində 12 nəfər ölüb, 30-dan çox adam xəsarət alıb

Ekvadorun Asuay əyalətində ağır yol-nəqliyyat hadisəsi baş verib. Yerli “Barselona” futbol klubunun azarkeşlərini daşıyan avtobusun qəzaya uğraması nəticəsində 12 nəfər həlak olub. 30-dan çox adamın isə müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır. Qeyd edək ki, ötən ay da Ekvadorda oxşar avtobus qəzası baş vermişdi. Hadisə nəticəsində 14 nəfər ölmüş, 26 adam yaralanmışdı.

Pensilvaniya və Nyu-Cersi ştatlarında aramsız yağış güclü daşqınlara səbəb olub

ABŞ-ın Pensilvaniya və Nyu-Cersi ştatlarında aramsız yağış güclü daşqınlara səbəb olub. Pensilvaniyanın mərkəzi və şərqində daşqın nəticəsində yollar bağlanıb. Bəzi yerlərdə küçələrdə suyun səviyyəsi 15 santimetri ötüb. Çox sayda ev və avtomobil su altında qalıb. Port Karbon şəhərində onlarla ailə qayıqlar vasitəsilə təxliyə olunub. Analoji vəziyyət Nyu-Cersi ştatında da qeydə alınıb. Litl Folls şəhərində daşqın səbəbindən azı 32 ev yaşamaq üçün yararsız vəziyyətə düşüb. Yaponiyanın paytaxtı Tokioda isə yağış və ildırımla müşayiət olunan qasırğa daşqınlara səbəb olub. Qısa müddət ərzində paytaxt küçələri, metro və mağazalar su altında qalıb. Təbii fəlakət nəticəsində 8 700-ə yaxın evin elektrik təchizatı kəsilib.