Xarici xəbərlər

Dünyada baş verən ən son hadisələr

10-08-2018 | 12:42        

  

Köln şəhərində miqrant sığınacağında yanğın baş verib

Almaniyanın Köln şəhərində miqrantların məskunlaşdığı binada  yanğın baş verib. Binadan sakinlər təxliyə edilib. İkisi azyaşlı olmaqla 10 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Zirzəmidə başlayan yanğın qısa vaxtda bütün binaya yayılıb. Alovla mübarizəyə çox sayda yanğınsöndürən cəlb olunub. Hadisənin səbəbləri  ilə bağlı araşdırma aparılır.

Santyaqoda keçirilən etiraz aksiyasında polislə toqquşmalar baş verib

Çilidə əmək qanununa edilən əlavələr etirazlara səbəb olub. Paytaxt Santyaqoda təşkil olunan aksiyada tələbə, gənc fəal və həmkarlar ittifaqlarının liderləri iştirak edib. Nümayiş iştirakçıları şəhərin əsas küçələrinə çıxaraq qanuna edilən əlavələrə etirazlarını bildiriblər. Aksiya iştirakçıları bunun gənc işçilərin fundamental hüquqlarını məhdudlaşdırdığını iddia edirlər. Nümayiş zamanı polislə toqquşmalar baş verib. Etirazçılar polisə daş parçaları və “Molotov kokteyli” atıb, asayiş keşikçiləri onlara qarşı gözyaşardıcı qaz və su şırnağından istifadə ediblər. Qeyd edək ki, ötən həftə Çili parlamentinin aşağı palatası qanuna əlavəni qəbul edib. 

Daşqın nəticəsində 1600 nəfər təhlükəsiz yerlərə köçürülüb

Avropa və Asiya ölkələrində, o cümlədən ABŞ-da daşqın, torpaq sürüşməsi və meşə yanğınları insan tələfatı və dağıntılara səbəb olub. Fransanın cənubunda daşqın nəticəsində 1600 nəfər daha təhlükəsiz yerlərə köçürülüb. Onların əksəriyyəti yay düşərgələrində dincələnlərdir. Ən ciddi vəziyyət Drom, Ardeş və Qar departamentlərində qeydə alınıb. Xəsarət alan bir neçə nəfər xəstəxanalara yerləşdirilib. 70 yaşlı almaniyalı turistin itkin düşdüyü bildirilir. Aramsız yağışların səbəb olduğu daşqının fəsadlarını aradan qaldırmaq üçün fəlakət zonalarına 400-dən çox yanğınsöndürən, polis və helikopterlər cəlb olunub. Əlverişsiz hava şəraiti ilə əlaqədar Fransanın şərqi və cənub-şərqindəki 26 departamentdə “narıncə həyəcan” elan edilib. Hindistanın Kerala ştatında aramsız leysan daşqın və torpaq sürüşmələrinə səbəb olub. Təbii fəlakət son sutka ərzində azı 26 nəfərin həyatına son qoyub. Ştatın əksər yaşayış məntəqələri tamamilə su altında qalıb. Yerli icra orqanlarının göstərişi ilə məktəblərdə dərslər dayandırılıb. Əlverişsiz hava şəraiti ilə əlaqədar Munnar şəhərində 30 turist  köməksiz vəziyyətdə qalıb. İnsanların təxliyəsi və daşqın fəsadlarının aradan qaldırılması üçün fəlakət zonalarına xilasediclərlə yanaşı hərbçilər də cəlb edilib. Çinin Tibet Muxtar Vilayəti və Quyçjou əyalətində bir neçə gündür davam edən leysan ciddi fəsad törədib. Tibetin Rinbunq dairəsində aramsız yağış torpaq sürüşməsinə səbəb olub. Nəticədə muxtar vilayətin əsas yollardan birində nəqliyyatın hərəkəti dayandırılıb. Quyçjou əyalətində daşqınla əlaqədar bir çox evləri su basıb, sakinlər evlərində köməksiz vəziyyətdə qalıblar. Xilasedicilər 15 nəfəri xilas ediblər. 90-dan çox adam daha təhlükəsiz ərazilərə köçürülüb. ABŞ-ın Kaliforniya ştatının cənubunda isə meşə yanğınlarının törətdiyi fəsadlar artıb. Orinc dairəsində yerləşən Klivlend Milli Qoruğunda başlayan alov 3 885 hektardan çox meşə sahəsini məhv edib. 10-dan çox evin dağıldığı, 2 yanğınsöndürənin xəsarət aldığı, 20 000 sakinin isə təxliyə edildiyi bildirilir. Yanğını qəsdən törətməkdə şübhəli bilinən 51 yaşlı Forrest Qordon Klark adlı şəxs həbs olunub. Qeyd edək ki, Kaliforniyada bu il tüğyan edən yanğınlar ştatın tarixində ən güclü meşə yanğınları hesab olunur.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.12.2018) :
Yağış Gecə : +3+5 | Gündüz: +5+7
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR