Rəsmi xronika

Prezident İlham Əliyev əsaslı təmir olunan və yenidən qurulan Respublika Uşaq Klinik Xəstəxanasının açılışında iştirak edib

01-11-2011 | 16:50        

  

Noyabrın 1-də Prezident İlham Əliyev əsaslı təmir olunan və yenidən qurulan Respublika Uşaq Klinik Xəstəxanasının açılışında iştirak edib.

Tibb Ocağında ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın ölkədə səhiyyənin inkişafı, xüsusilə də uşaqların sağlamlığı ilə bağlı həyata keçirdikləri tədbirlərin əks olunduğu fotolardan ibarət stend yaradılıb. Dövlət başçısı əvvəlcə xəstəxana binasının təmirdən əvvəlki vəziyyətini əks etdirən fotolara baxıb. Səhiyyə naziri Oqtay Şirəliyev bildirib ki, bina 1986-cı ilədək Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirilmə İnstitutunun yataqxanası kimi fəaliyyət göstərib, amma heç vaxt burada əsaslı təmir işləri aparılmayıb. 2010-cu ildə binanın əsaslı təmirinə başlanıb və Prezidentin Ehtiyat Fondundan vəsait ayrılıb. Bildirilib ki, xəstəxana 100 çarpayılıqdır. Burada 80 həkim və 120 tibb işçisi uşaqların sağlamlığının keşiyində duracaq. Müasir səviyyədə təmir olunan xəstəxanada reanimasiya, kardiologiya, pediatriya və konsultativ-poliklinika şöbələri fəaliyyət göstərir. Cərrah, pediatr və digər həkim otaqlarında tibb işçilərinin ən yüksək səviyyədə çalışmaları üçün hərtərəfli şərait yaradılıb. Xəstəxanada funksional diaqnostika, rentgen, psixoterapiya, exokardioqrafiya, fizioterapiya, laboratoriya və ekspress laboratoriya otaqları ən müasir tibb avadanlığı ilə təchiz olunub. Xəstəxananın kardiologiya şöbəsində yaradılan şərait də ən müasir tələblərə cavab verir. Bu tibb ocağında uşaqlar üçün xüsusi guşələr də yaradılıb. Səhiyyə ocağında yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev sonda kollektivə uğurlar arzulayıb.