Cəmiyyət

Peşə təhsili müəssisələrində sənəd qəbuluna start verilib

06-08-2018 | 13:50        

  

Bu gündən 2018-2019-cu tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu  başlayır. “ASAN peşə” layihəsi çərçivəsində baş tutan qəbul rayon və şəhərlərdə fəaliyyət göstərən "ASAN xidmət” mərkəzlərində aparılacaq.

Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə həyata keçirdiyi “ASAN peşə” layihəsi çərçivəsində Dövlət peşə təhsili müəssisələrinə ərizə qəbulu avqustun 26-dək “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində ödənişsiz formada həyata keçiriləcək. Ərizə qəbulu üçün şəxsiyyət vəsiqəsi və təhsil haqqında sənəd tələb olunur. Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda yerləşən peşə təhsili müəssisələrinə həm dövlət, həm də ödənişli əsaslarla qəbul “ASAN xidmət” tərəfindən aparılacaq. Mingəçevir şəhəri, Bərdə, Masallı, Sabirabad, Quba və Qəbələ rayonları üzrə peşə təhsili müəssisələrinə isə dövlət hesabına qəbul müvafiq "ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək. “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə dövlət peşə təhsili müəssisələrinə sənəd vermək istəyən şəxslər müvafiq təhsil  müəssisələrinə də müraciət edə bilərlər.

Dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu prosesində vətəndaşlar 10 ixtisas seçə bilər. Müraciət edənlərin sərbəst seçimi əsasında dövlət peşə təhsili müəssisələri, onların ixtisasları müəyyən edilir və istədikləri ardıcıllıqla təsdiqlənir. Dövlət peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat üzrə müvafiq fənlərin orta balı nəzərə alınmaqla həyata keçirilir.

2018-2020 illər  üçün peşə təhsilinin inkişafı ilə bağlı strateji yol xəritəsi qəbul olunub. Yol xəritəsi əsasında hazırlanan tədbirlər planına uyğun olaraq, “ASAN “Peşə” layihəsi həyata keçirilir. Layihəsinin əsas məqsədi isə dövlət peşə təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir.