Rəsmi xronika

Prezident İlham Əliyev Dənizkənarı Milli Parkda aparılan tikinti işləri ilə də tanış olub

01-11-2011 | 16:46        

  

Noyabrın 1-də Prezident İlham Əliyev Dənizkənarı Milli Parkda yerləşən “Kiçik Venesiya şəhərciyi” adlanan ərazidə həyata keçirilən əsaslı yenidənqurma və bərpa işlərinin gedişi, Xalça və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasının inşası və Yeni Bulvar ərazisində aparılan tikinti işləri ilə də tanış olub.

Paytaxtın “Kiçik Venesiya şəhərciyi” adlanan ərazisinə  gələn Prezident İlham Əliyevə məlumat verildi ki, ərazidə əsaslı yenidənqurma və bərpa işlərinə bu ilin iyununda başlanıb. 9740 kvadratmetr sahəsi olan “Kiçik Venesiya şəhərciyi”ndə işlərin böyük əksəriyyəti artıq başa çatdırılıb. Dövlət başçısı şəhərciyin gələcək görüntülərini təsvir edən foto-şəkillərə baxdı. Ərazidə bütövlükdə  tikinti - quraşdırma və yenidənqurma işlərinin gələn ilin fevralında yekunlaşacağı nəzərdə tutulub. “Kiçik Venesiya şəhərciyi”ndə dərinliyi 130 santimetr olmaqla ümumilikdə 1350 metr uzunluğunda kanal yaradılıb. Kanalın dairəvi hissəsinin uzunluğu 498 metr, daxili hissəsinin uzunluğu isə 848 metrdir. Burada 10 qayığın üzməsi nəzərdə tutulub. İstirahətə gələn vətəndaşların və qonaqların həm qayıqda, həm də piyada şəhərciyin ərazisində sərbəst hərəkəti üçün 6 körpü və 1 tunel tikilib. “Kiçik Venesiya şəhərciyi”ndə kanalların su ilə doldurulması üçün min kubmetr həcmində su anbarı, 600 kubmetr həcmində isə sutəmizləyici sahə yaradılıb. Kanalların doldurulması üçün bütövlükdə 7 min kibmetr su sərf olunacaq. Vətəndaşların xoş istirahətinin təşkili üçün şəhərciyin ərazisində 2 restoran tikilir. Bu restoranlarda Azərbaycan, Şərq və Avropa mətbəxinin nümunələri hazırlanacaq. Ərazidə yaşılıq zolaqları da salınacaq, müasir işıqlandırma sistemi qurulacaq. Kanallarda, fəvvarələrdə, körpülərdə və tuneldə qurulacaq işıqlandırma sistemi şəhərciyin axşam saatlarında ən sevimli istirahət guşəsinə çevirəcək. Əsl Venesiyanı xatırladacaq “Kiçik Venesiya şəhərciyi” öz gözəlliyi ilə paytaxta xüsusi yaraşıq verəcək.

Sonra Prezident İlham Əliyev Dənizkənarı Milli Parkın ərazisində inşası davam etdirilən Xalça və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasındakı tikinti işlərinin gedişi ilə tanış olub. Dövlət başçısına məlumat verilib ki, Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, YUNESKO-nun birgə layihəsi əsasında inşa edilən binanın tikintisinə 2008-ci ilin mayından başlanılıb. Milli memarlıq ənənələrinə daha çox üstünlük verilən xalça muzeyinin dördmərtəbəli yeni binasının tikintisi artıq başa çatmaq üzrədir. Ümumi sahəsi 18 min kvadratmetrdən çox olan binanın birinci mərtəbəsində muzeyə gələn qonaqlar üçün guşələr, inzibati və elmi zona, eksponatlar saxlanılan xüsusi yerlər, ikinci mərtəbədə kitabxana, xalça toxuma və tikmə elmi mərkəzi, suvenir və kitab köşkü, üçüncü mərtəbədə danışıqlar və audio-vizual təqdimat otaqları yaradılacaq. Dördüncü mərtəbədə isə sərgi salonları və görüş otaqları yerləşəcək. Binanın zirzəmisində ən müasir avadanlıqla təchiz olunan arxiv, anbar, laboratoriya, bərpa və konservasiya şöbələri olacaq. Burada, həmçinin açıq havada heykəllərin və xalçaların nümayişi üçün də sahə nəzərdə tutulub. Binanın ətrafında yaşıllaşdırma işləri aparılacaq, muzey kompleksi yaradılacaq. Muzeyin yeni binası istifadəyə verildikdən sonra burada 200 nəfərin çalışacağı nəzərdə tutulub. Yeni bina Bakının memarlıq ansamblına xüsusi gözəllik gətirəcək. Görülən işlərlə yaxından tanış olan dövlət başçısı müvafiq tapşırıqlarını verib.

Daha sonra Prezident İlham Əliyev Dənizkənarı Milli Parkın Yeni Bulvar adlanan hissəsinə gəlib. Burada aparılan tikinti işləri ilə tanış olan dövlət başçısına məlumat verilib ki, Yeni Bulvarın uzunluğu 1800 metrə yaxındır. Burada 25 metr enində hərəkət və gəzinti zolağı inşa olunur. Bu zolaq dəniz kənarında gəzintiyə çıxan paytaxt sakinləri və şəhərimizin qonaqları üçün nəzərdə tutulub. Bu hissədə işlər artıq başa çatmaq üzrədir. Burada Dənizkənarı Milli Parka aid avtomobillərin hərəkəti üçün yol da inşa olunacaq. Dövlət başçısı yeni bulvarın planının əks olunduğu stendə baxıb. Bildirilib ki, sakinlərin istirahəti üçün nəzərdə tutulan gəzinti zolağı boyunca yaşıllıqlar salınacaq, istirahət guşələri yaradılacaq, uşaqlar üçün atraksionlar qurulacaq. Dənizkənarı parkın əvvəlki hissəsinə birləşərək Dövlət bayrağı meydanına qədər uzanan yeni bulvarda əhalinin istirahəti üçün bütün şərait yaradılacaq. Burada inşaat işlərinin gələn ilin aprelində başa çatdırılması nəzərdə tutulub. Prezident İlham Əliyevə məlumat verilib ki, köhnə gəmi təmiri zavodunun yerləşdiyi ərazidə təmizləmə işləri daha da intensivləşdirilib. İndi burada və bütün sahil boyunca 34 min kvadratmetr betonlaşma işləri həyata keçirilib. Yeni Bulvarın ümumi sahəsi isə 43 min kvadratmetrdir. Dövlət başçısı paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün burada ən müasir əyləncə və yeni xidmət növlərinin yaradılması ilə bağlı tapşırıqlarını verib.