Cəmiyyət

QHT- lərə Dövlət Dəstəyi Şurası hazırladığı yeni qanun layihələrinin ictimai müzakirəsini keçirib

01-11-2011 | 15:50        

  

 Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT qanunvericilik bazasının möhkəmləndirilməsi məqsədilə hazırladığı yeni qanun layihələrinin ictimai müzakirəsini keçirib. Müzakirəyə həsr olunan dəyirmi masada hökumət nümayəndələri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların və yerli QHT-lərin təmsilçiləri iştirak ediblər.  Müzakirəyə Azərbaycan Respublikasının “Peşə birlikləri haqqında” və “İctimai iştirakçılıq haqqında” Qanun layihələri təqdim olunub. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev hər iki Qanun layihəsinin hazırlanmasını zəruri edən amillər, onların aktuallığı və əhəmiyyəti barədə məlumat verib. Bildirib ki, 3 fəsil 25 maddədən ibarət “Peşə birlikləri haqqında” Qanun layihəsi  peşə fəaliyyəti ilə məşğul olan subyektlərin hüquq və mənafeyini qoruyan bir qanun layihəsidir.“İctimai iştirakçılıq haqqında” Qanun layihəsi isə dövlət quruculuğunda, ictimai əhəmiyyətli məsələlərin həllində, qərarların qəbulunda vətəndaşların bu və ya digər formada iştirakçılığının təmin edilməsini nəzərdə tutur.

Hər iki qanun layihəsi qanunvericilikdə bu sahədə olan boşluğun doldurulmasında mühüm rol oynayacaq. ”Peşə birlikləri haqqında” Qanun layihəsini hazırlayan işçi qrupun rəhbəri Adil Vəliyev, “İctimai iştirakçılıq haqqında” Qanun layihəsini hazırlayan işçi qrupun rəhbəri Əliməmməd Nuriyev layihələri təqdim ediblər. Qeyd olunub ki, hər iki layihəsi hazırlanarkən beynəlxalq təcrübəyə istinad olunub.

Müzakirələrdə Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli, Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli və digər çıxış edənlər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qanun yaradıcılığındakı fəaliyyətini təqdir ediblər, “Peşə birlikləri haqqında” və “İctimai iştirakçılıq haqqında” Qanun layihələri haqqında fikirlərini bölüşüblər, təkliflərini bildiriblər, bu qanunların günün zərurəti, sosial sifariş olduğunu qeyd ediblər.

 Azay Quliyev onu da bildirib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bir ay sonra daha iki Qanun layihəsini müzakirəyə çıxaracaq. Bunlar “Koorporativ sosial məsuliyyət haqqında” və “Sosial sifariş haqqında” Qanun layihələridir. Bu qanunlar da ictimai müzakirədən sonra müvafiq qurumlara, Milli Məclisə təqdim olunacaq.