Xarici xəbərlər

Dünyada baş verən ən son hadisələr

02-08-2018 | 13:03        

  

Kopenhagendə üzü örtən müsəlman geyimlərinin qadağan olunması qanununa qarşı nümayiş keçirilib

Danimarkanın paytaxtı Kopenhagendə ictimai yerlərdə üzü örtən müsəlman geyimlərinin qadağan olunması haqqında qanuna qarşı nümayiş keçirilib. Aksiyaya 1300-dən çox insan qoşulub. Bir sıra solyönümlü siyasətçilər yeni qanunun liberal azadlıqları pozduğunu iddia edirlər. Fəallar etiraz aksiyalarının davamlı olacağını bildiriblər. Qeyd edək ki, ictimai yerlərdə burqa, niqab və çadranı qadağan edən qanun avqustun 1–də qüvvəyə minib. Yeni qanunu  pozan şəxslər 135 avro həcmində cərimə ödəməli olacaqlar. Qanunu dəfələrlə pozanlar isə bu məbləğin on qatını, 1350 avroya qədər cərimə ödəyəcəklər. Oxşar qadağa  Avropa İttifaqının daha 7 ölkəsində - Almaniya, Fransa, Belçika, Niderland, İtaliya, Ispaniya və Bolqarıstanda da tətbiq edilib. Bundan əlavə İttifaqın 13 ölkəsinin bəzi özəl və dövlət müəssisələrində də dini geyimlərə qadağa qoyulub.

Aralıq dənizində 574 miqrant xilas edilib

Aralıq dənizinin Liviya sahillərində 500-dən çox miqrant xilas edilib. Liviya sahil-mühafizə xidmətinin məlumatına görə Zaviyə və Qarabulli şəhərləri yaxınlığında 3 qayıqda 574 miqrant aşkarlanıb. Onların arasında 66 qadın və 19 uşaq da var.  Xilas edilən qaçqınlar tibbi və humanitar yardım göstərildikdən sonra miqrant düşərgəsinə göndəriliblər. Digər tərəfdən İspaniya sahillərində də 100-dən çox miqrant xilas edilib. Beynəlxalq Miqrasiya Təşkilatının hesablamalarına görə bu ilin ilk 7 ayında 57 571 miqrant Aralıq dənizi vasitəsilə Avropaya gəlib.  Bu müddət ərzində açıq dənizdə baş verən qəzalar nəticəsində həlak olan və itkin düşən miqrantların sayı 1514-ə çatıb.

Konqo Demokratik Respublikasında Ebola virusu epidemiyası yenidən qeydə alınıb

Konqo Demokratik Respublikasında “Ebola” virusu epidemiyası yenidən baş qaldırıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə yeni yoluxma hallarının əksəriyyəti Şimali Kivu əyalətində qeydə alınıb. Bura münaqişə zonası olduğundan həkimlər yoluxmuş insanlara kömək etməkdə problemlə üzləşə bilərlər. Bundan bir neçə gün əvvəl başa çatmış epidemiya Ekvator əyalətində 29 nəfərin həyatına son qoymuşdu. Kəskin infeksion xəstəlik olan “Ebola” virusuna insanlar və bəzi heyvanlar yoluxur. Epidemiya 2015-ci ildə qərbi Afrikada qeydə alınıb. Yoluxma halları əsasən 3 ölkədə - Qvineya, Syerra-Leone və Liberiyada baş verib. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə sonuncu ağır “Ebola” epidemiyası zamanı 28 600 nəfər bu virusa yoluxub. Xəstəlik 11 000-dən çox adamın həyatına son qoyub.

Vaşinqton ştatında meşə yanğınları tüğyan edir

ABŞ-ın Vaşinqton ştatında meşə yanğınları tüğyan edir. Alov 4 450 hektardan çox meşə sahəsini əhatə edir. 50-dən çox ev yanma təhlükəsi ilə üzləşib. Yanğının cəmi 30%-ni nəzarətə almaq mümkün olub. Qeyd edək ki, hazırda ABŞ-ın 13 ştatında 60-dan çox meşə yanğını tüğyan edir. Kaliforniya ştatında ötən həftədən başlayan meşə yanğını 8 nəfərin ölümünə səbəb olub. Şasta və Mendosino dairələrində 1000-dən çox ev və 500 tikili yerlə yeksan olub. Minlərlə sakin hələ də evlərinə qayıda bilmir. Ştat boyunca alovla mübarizəyə 13 000 yanğınsöndürən və aviasiya cəlb olunub. Vyetnamın paytaxtı Hanoy yaxınlığında isə leysan daşqınlara səbəb olub. Təbii fəlakət ikisi uşaq olmaqla azı 3 nəfərin həyatına son qoyub. Minlərlə sakin evlərini tərk etmək məcburiyyətində qalıb. 1000-ə yaxın evi su basıb. Çaylarda suyun səviyyəsi ən yüksək həddə qalxıb. Meteoroloqlar yağışların davam edəcəyini proqnozlaşdırıblar. Xatırladaq ki, ötən il Vyetnamda baş verən daşqın və torpaq sürüşmələri 389 adamın ölümünə səbəb olmuşdu.