Mədəniyyət

Kiyevdə Müslüm Maqomayev adına istirahət parkının açılışı olub

19-07-2018 | 14:39        

  

Kiyevdə dünya şöhrətli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin adını daşıyan istirahət parkı və onun abidəsinin açılışı olub.

Azərbaycanla Ukrayna arasında müxtəlif sahələr üzrə, o cümlədən mədəni əlaqələr sürətlə inkişaf edir. Bu fikirlər Azərbaycan nümayəndə heyətinin Ukraynanın mədəniyyət naziri Yevgeni Nişuklə görüşündə səsləndirildi. Bildirildi ki, son bir ildə Kiyevdə Azərbaycan-Ukrayna Xalqlarının dostluq və Müslüm Maqomayevin adına parkların açılışı ölkələrimiz arasında inkişaf edən əlaqələrin göstəricisidir. Əvvəlcə tədbir iştirakçıları  ulu öndər Heydər Əliyevin Kiyevdə ucaldılan abidəsi önünə gələrək, xatirəsinə ehtiramını bildirdilər.

Müslüm Maqomayevin adını daşıyan istirahət parkın açılışı zamanıisə  məlumat verildi ki, Park Prezident İlham Əliyevin dünya şöhrətli müğənni-bəsətkarın 75 illik yubileyinin keçirilməsi haqqında Sərəncamından irəli gələrək salınıb. Müslüm Maqomayevin parkda ucaldılan heykəlinin müəllifi isə tanınmış heykəltəraş, Ukraynanın Xalq rəssamı Seyfəddin Qurbanovdur. Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Müslüm Maqamayevin dünya musiqisinə verdiyi töhvələrdən və ölkələrimiz arasındakı münasibətlərdən danışdı.

Mədəniyyət naziri Əbülfəs Qarayev isə Kiyevin mərkəzində belə bir parkın açılmasını tarixi hadisə adlandırdı.

Ukraynanın Mədəniyyət naziri Yevgeni Nişuk və digərləri Müslüm Maqomayev adına parkın açılışını və heykəlin ucaldılmasını ölkələrimiz arasında  dostluq münasibətlərinə söykənən mədəniyyət hadisəsi adlandırdılar.

Azərbaycanın Ukraynadakı səfirliyinin və Kiyev  şəhər meriyasının dəstəyi ilə inşa olunan  parkda sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb. Azərbaycanın Milli ornamentləri ilə bəzədilən parkda nadir ağac növləri əkilib. Burada hər il Müslüm Maqomayevin xatirəsinə həsr olunan musiqi festivallarının  təşkili nəzərdə tutulub. Açılış mərasimindən sonra Kiyev Milli Konservatoriyasında təntənəli konsert proqramı keçirildi. Konsertdə Azərbaycan, Ukrayna və digər ölkələrin tanınmış incəsənət xadimləri Müslüm Maqomayevə sönsuz sevgilərini  onun mahnılarını ifa etməklə çatdırdılar.