Xarici xəbərlər

Ermənistanda ictimai-siyasi vəziyyət sabit deyil

19-07-2018 | 11:15        

  

Dərin iqtisadi böhran içində olan Ermənistanda ictimai-siyasi vəziyyət də sabit deyil. İşğalçı ölkənin  Qərbə bağladığı ümidlər də getdikcə puç olur. Bir müddət əvvəl NATO-nun toplantısında iştirak etmək üçün Belçikanın paytaxtı Brüsselə səfər edən Nikol Paşinyan narazı qayıdıb. Avropa İttifaqından çox inciyən Ermənistanın baş naziri ölkəsinə və özünə qarşı daha ciddi münasibət gözləyib. Amma bunun əksi ilə qarşılaşıb.

Ermənistan mətbuatı yazır ki, Brüsselin inqilabdan sonra Ermənistan üçün nəzərdə tutulan yardımın həcminin  10 milyon avroya kimi olacağını açıqlayıb. Paşinyan isə deyib ki, əgər yerli korrupsionerlərdən birini yaxşıca silkələsək onların cibindən bu yardımdan daha çox pul çıxacaq. “Avropa İttifaqına aydın ideyalar, təkliflər lazımdır. Boş sözlər yox”. Bunu isə Ermənistandakı Aİ nümayəndə heyətinin rəhbəri Pyotr Svitalski deyib. Onun sözlərinə görə, erməni tərəfinin narazılığı varsa bunu sənədlərlə, təkliflə təqdim etmək lazımdır. Söz yığınına ehtiyac yoxdur.  Erməni ekspertlər Paşinyanın narazılığını Brüssel diplomatiyasının uğursuzluğu və Aİ ilə Azərbaycan arasında sənədin imzalanması ilə izah edirlər. Məhz bu Paşinyanı və onun komandasını çox narahat edir. Aİ-nin təhlükəsizlik və xarici siyasət üzrə nümayəndəsi Federika Moqerinin “Şərq Tərəfdaşlığı” ölkələrinin ərazi bütövlüyü və suverenliyi ilə bağlı qəti mövqeyə malik olmaları barədə dedikləri də ermənilərin ürəyincə olmayıb. Bu açıqlama düşmən tərəfə  ikinci şoku yaşadıb. Nikol Paşinyanın Brüssel sammitindən sonra  NATO və Avropa Birliyindən məyus qayıtmasına Avropadakı erməni diasporunun aparıcı təmsilçiləri də anlayış göstərməyiblər. Ermənistanın “168 jam”  qəzeti məsələyə həsr etdiyi məqalədə “Avropanın hazırda Ermənistan vecinə deyil” deyə bildirir. Nəşr Fransada yaşayan erməni mənşəli politoloq Kays Minasyanın  fikirlərinə də yer ayırıb. Onun sözlərinə görə “məxməri inqilab” dan sonra Ermənistan özünə qarşı Qərbdən daha ciddi münasibət gözləyirdi. Əslində, Avropanın Ermənistana dəstək verməsinə mane olan əsas səbəb işğal faktorudur. Apardığı işğalçılıq siyasəti ilə Ermənistan özünü  təcrid vəziyyətinə salıb. Düşmən ölkə bu səbəbdən uzun illərdir iqtisadi-siyasi böhran içində yaşayır. Ermənistanda daxili vəziyyət sabit deyil. İdarəçilik sistemi korrupsiyalaşıb. Fransa vətəndaşı olan erməni əsilli iş adamı Aşxen Qorçunyan da Ermənistandakı inhisarçılıqdan şikayətçidir. O, diaspor üzvlərini İrəvana yardımları dayandırmağa çağırıb. Xaricdə yaşayan ermənilərə video müracət edən biznesledi bildirib ki, Ermənistanda onu müflis ediblər.

Ermənistanın indiki və keçmiş hökumət rəhbərlərindən narazı olan şəxslərdən biri də İsveçdə yaşayan hüquq müdafiəçisi Vahe Avetyandır. O, bu ölkədəki həqiqətləri dünyaya çatdırdığı üçün hədələndiyini deyir. Hətta Ermənistan Təhlükəsizlik Xidməti onun azyaşlı oğlunu oğurlayıb. Bu rəsmi İrəvanın əsil simasıdır.

Vahe Avetyan Ermənistan təhlükəsizlik xidmətinin həyata keçirdiyi Korrupsiya şousunu da tənqid edib. O Nikol Paşinyana üzünü tutaraq onu xalqı aldatmamağa çağırıb.

Hüquq müdafiəçisi soydaşlarını Ermənistanın indiki hakimiyyətinə də bel bağlamamağa çağırıb.