Cəmiyyət

Ölkədə yoxsulluğun səviyyəsi aşağı düşüb

28-01-2011 | 14:58        

  

Yoxsulluğun aradan qaldırılması və aztəminatlı ailələrin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə Əmək və Əhalinin sosial Müdafiəsi nazirliyi tərəfindən yeni layihələr həyata keçiriləcək. Bu fikirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2010-cu ilin yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı keçirdiyi hesabatında səslənib.

Ölkədə işsizlərin sayı keçən illə müqayisədə xeyli aşağı düşüb. Əhalinin gəlirləri 12 faiz, inflyasiya isə 5.7 faiz təşkil edib. Ümumilikdə il ərzində 70 min yeni iş yeri açılıb ki, onun da 53 mini daimi iş yeridir. Ölkədə yoxsulluğun səviyyəsi isə 9.1 faizə enib. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Füzuli Ələkbərov bildirib ki, qeyd olunan müddətdə 122 min 781 ailə ünvanlı dövlət sosial yardımdan bəhrələnib. Həmin ailələrin hər birinə ayda orta hesabla 109 manat ünvanlı yardım ödənilib. Yardım təyin olunan ailələrdən 41206-sı  ilk dəfə ünvanlı dövlət sosial yardım alanlardır ki, bu da yardım alanların 31 faizini təşkil edir. Nazir qeyd edib ki, 2010-cu ildə də aztəminatlı təbəqələrinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə ayrılan yardımın miqdarı ötən illərlə müqayisədə 2.2 dəfə artırılaraq 46.2 manata çatdırılıb. Pensiya və müavinətlərin, büdcədən maliyyələşən təşkilatlarda əmək haqlarının artırılması, eyni zamanda ünvanlı sosial yardım mexanizminin tətbiqi nəticəsində yoxsulluğun, həmçinin işsizliyin səviyyəsi aşağı düşüb. Nazir onu da əlavə edib ki, gələcəkdə bu istiqamətdə Peşə Standartları Mərkəzi yaradılması  planlaşdırılır. Onun sözlərinə görə, bunun üçün müvafiq hüquqi baza yaradılmalıdır. İşçilər və işəgötürənlər arasında əmək müqaviləsinin bağlanma səviyyəsinin hələ də yüksək olmadığını deyən F. Ələkbərov istehsalatda bədbəxt hadisələrin sayının azaldığını da söyləyib. Ümumilikdə isə nazirlik bu istiqamətdə yeni layihələr həyata keçirməyi də planlaşdırılır

Aztəminatlı ailələrin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə nazirlik tərəfindən özünə dəstək adlı yeni bir layihə də hazırlanıb. İlin yekunları ilə bağlı hesabata ilk dəfə olaraq ictimai təşkilatların nümayəndələri də qatılıb. Sonda yerli qurumların rəhbərlərinə əhalinin şikayət və ərizələrinin daha dəqiq araşdırılmasına dair ciddi tapşırıqlar verilib.