İqtisadiyyat

Füsunkar təbiəti və tarixi abidələri ilə turistləri cəlb edən Şəki...

18-07-2018 | 12:58        

  

Qədim mədəniyyət mərkəzi olan Şəki həm də ölkəmizin mühüm turizm  məkanlarındandır. Bu gözəl diyar füsunkar təbiəti və tarixi abidələri ilə yerli və xarici turistləri cəlb edir.

Böyük Qafqaz dağlarının ətəyində yerləşən Şəkinin gözəl təbiəti, meşələri, dağları yerli və xarici turistləri valeh edir. Lakin Şəkinin digər turizm məkanlarından fərqləndirən başlıca amili Azərbaycanın zəngin tarixini əks etdirməsidir. Şəkiyə gəlib “Xan Sarayı”nı görmədinsə, deməli bu şəhər haqqında heç nə bilmirsən. Çünki VIII əsrə aid bu tarixi-memarlıq abidəsi Şəkinin sirrlərinə şahiddir. Maraqlısı odur ki, 6 otaq, 4 dəhliz, 2 güzgülü eyvandan ibarət ikimərtəbəli sarayın tikintisində mismardan istifadə edilməyib. Burada suvaq üzərindəki rəngli naxış, şəbəkələri təşkil edən ağac oyma, salon və otaqlardakı rəsm təsvirləri qiymətli sənət əsərləridir. Odur ki, dünya memarlıq incisini görmək istəyən minlərlə turist bura təşrif buyurur.

Turistlərin Şəkidə görmək istədiyi tarixi xəzinələr təkcə Şəki Xan Sarayında məhdudlaşmır. Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu, XVIII-XIX əsrlərdə səyyahların qalması üçün şəhərdə inşa edilən Aşağı və Yuxarı Karvansaralar, üstü günbəzlə tamamlanmış Dairəvi məbəd, 200-dən artıq tarixi abidələr turistləri keçmişə aparır. Bu tarixi keçmişləri ilə fəxr edən şəkililər zəngin irsi qorumağı özlərinə borc bilirlər. 

Şəkiyə turist axınının digər səbəbi isə qədimliyi ilə bərabər, müsir istirahət mərkəzlərinin yaradılmasıdır. Dünya standartının tələblərinə cavab verən otel, mehmanxana və komplekslərdə turistlərin rahat dincəlməsi üçün hər cür şərait var.

Şəki şirniyyatının tarixi çox qədimdir. Həm də şirniyyatın mərkəzi kimi tanınan Şəki qədim ipək yolunun üzərində yerləşdiyinə görə qədimdən tacirlər buradan şirniyyat alaraq aparıb. Bu ənənə indi də davam etdirlir. Şəkiyə gələn xarici qonaqlar da müxtəlif şirniyyatlara, xüsusilə də Şəki halvasına böyük maraq göstərirlər.

Şəki həm də qədim ipəkçilik və sənətkarlıq şəhəridir. Bura gələn qonaqlar mütləq dünyada məşhur olan Şəki ipəyi və sənətkarlıq nümunələrini alırlar. Bir sözlə, Şəkiyə səyahət edən hər bir kəs, buradan sözün hər bir mənasında əli dolu qayıdır. İstər simvolik hədiyyələr, istər tarixi əks etdirən zəngin biliklər, istərsə də müasirliyi ilə göz oxşayan istirahət məkanları turistlərin xatirəsinə dərin və mənalı iz buraxır...