Siyasət

Mərkəzi və Şərqi Avropa dövlətləri parlament rəhbərlərinin Zirvə toplantısı keçirilib

17-07-2018 | 10:31        

  

Milli Məclisin sədr müavini Valeh Ələsgərov Mərkəzi və Şərqi Avropa dövlətləri parlament rəhbərlərinin 3-cü Zirvə toplantısında və Polşa parlamentarizminin 550 illik yubileyinə həsr olunmuş xüsusi iclasda iştirak etmək üçün iyulun 11-14-də Polşanın paytaxtı Varşavada səfərdə olub.

Parlamentin mətbuat xidmətindən bildiriblər ki, səfər çərçivəsində Valeh Ələsgərov Polşa Senatı Marşalının müavini Adam Biyelan ilə görüşüb. Görüşdə Milli Məclisin sədr müavini 2018-ci ilin həm Azərbaycan, həm də Polşa üçün tarixi yubileylərin keçirilməsi ilə əlamətdar olduğunu vurğulayıb. Ölkələrimizin siyasi əməkdaşlığının uğurla davam etdirildiyi, Azərbaycan ilə Polşa arasında ticarət dövriyyəsinin artırılması üçün geniş imkanların mövcud olduğu bildirilib. Valeh Ələsgərov Azərbaycanın transregional əhəmiyyəti və həyata keçirdiyi irimiqyaslı layihələr barədə ətraflı məlumat verib.

Söhbət zamanı ölkə parlamentləri arasında əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.

Mərkəzi və Şərqi Avropa dövlətləri parlament rəhbərlərinin 3-cü Zirvə toplantısı çərçivəsində “Parlament əməkdaşlığının gücləndirilməsi: Regionun inkişafı naminə imkan kimi” mövzusunda keçirilən paneldə çıxış edən Valeh Ələsgərov toplantının regionda parlamentlərarası çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsinə müsbət təsirini vurğulayıb. O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rolu haqqında geniş məlumat verib. Valeh Ələsgərov Azərbaycanın Avropa və Asiya qitələrini birləşdirən əhəmiyyətli nəqliyyat layihələrinə imza atdığını və bu layihələrin əsasında etibarlı əməkdaşlığın dayandığını söyləyib.

Milli Məclisin sədr müavini Azərbaycanın toplantıya qatılan Ermənistandan başqa bütün iştirakçı ölkələrlə uğurlu əməkdaşlıq həyata keçirdiyini deyib, işğalçı Ermənistanın isə regional əməkdaşlıqdan kənar qaldığını qeyd edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Valeh Ələsgərov Azərbaycanın ərazi bütövlüyünün müzakirə predmeti olmadığını vurğulayıb və iclas iştirakçılarını ölkəmizin öz ərazi bütövlüyünü tezliklə təmin edəcəyinə əmin edib.

Səfər çərçivəsində Valeh Ələsgərov Polşa parlamentarizminin 550 illik yubileyi və ölkənin müstəqilliyinin bərpa edilməsinin 100 illiyinə həsr olunmuş xüsusi iclasa da qatılıb. İclasda Polşa Prezidenti Andjey Duda çıxış edib.