Cəmiyyət

Mətbuat Şurasının İdarə Heyətinin iclasında Gəncə və Mingəçevirdə baş verən hadisələrin mediada işıqlandırılması müzakirə edilib

17-07-2018 | 09:46        

  

İyulun 16-da Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib.

Mingəçevirdə baş vermiş enerji qəzasının və Gəncə terrorunun mediada işıqlandırılması vəziyyətinə həsr olunmuş toplantıda Şuranın İdarə Heyətinin üzvləri, ölkənin ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin, o cümlədən internet informasiya resurslarının rəhbərləri iştirak ediblər.

İclası açan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Mingəçevirdəki qəza və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı terror ilə başlamış iğtişaş ölkənin gündəmində olan başlıca mövzulardandır. Azərbaycan Mətbuat Şurasının müşahidələri göstərir ki, media ümumən hər iki hadisəyə obyektiv prizmadan yanaşdı və ictimai rəyi düzgün istiqamətə yönləndirməklə peşəkarlıq nümayiş etdirdi. Lakin məsələyə fərqli aspektdən yanaşmış internet informasiya resursları və sosial şəbəkə profilləri də oldu. Onlar özlərinə sərfəli fikir və düşüncələri, bir növ, fakt kimi təqdim edərək cəmiyyətdə çaşqınlıq yaratmaq yolu tutdular. Eyni zamanda, biz aşkar təfriqəçilik meyillərinin, insanları hakimiyyətə qarşı qaldırmaq cəhdlərinin, din pərdəsi altında iğtişaşlar yaradaraq Azərbaycanın nüfuzunu ləkələmək istəklərinin şahidi olduq. Bütün bunlara Azərbaycan ictimaiyyəti olduqca sərt reaksiya verdi. Bu reaksiyanın formalaşmasında media ictimaiyyətinin rolu böyükdür. Azərbaycanda qərarlaşmış asayişi, sabitlik mühitini pozmaq istəyən antimilli qüvvələrə qarşı ictimai səfərbərliyin təmin edilməsi son dərəcə vacibdir. Ölkəmizin adı ilə bağlı olan və dünyanın enerji xəritəsini dəyişən nəhəng layihələr, Milli Ordumuzun 100 illiyinə həsr olunmuş möhtəşəm hərbi parad xaricdəki bəzi anti-Azərbaycan qüvvələri hərəkətə keçirib. Azərbaycan gücləndikcə ona qarşı təhdidlər, o cümlədən informasiya müstəvisindəki təxribatlar artır. Təəssüf ki, bu prosesdə xaricdə yaşayan azərbaycanlılar da alətə çevrilirlər. Zaman-zaman biz bu kimi halların şahidi olmuşuq. Hər hansı hadisənin timsalında ölkə rəhbərliyi, ayrı-ayrı məmurlar təhqir olunur, ünvanlarına aşağılayıcı ifadələr səslənir. Məqsəd ölkədə xaos, etimadsızlıq, inamsızlıq mühiti yaratmaqla mövcud konstitusion quruluşu devirməkdir. Media ictimaiyyəti olaraq biz bu kimi təhlükəli təmayüllərə münasibətdə ayıq olmalı, qətiyyətli mövqe nümayiş etdirməliyik.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov bildirib ki, ölkəmizdəki sabitliyi pozmağa cəhd edən qüvvələr ən müxtəlif vasitələrdən istifadə edirlər. İnformasiya texnologiyalarının sürətli inkişafı nəticəsində onlar daha da fəallaşıblar. Mövcud xüsusda sosial şəbəkələrdə yayılmış fikirlərə toxunan deputat vurğulayıb ki, bu məkandakı paylaşımların məlumat kimi cəmiyyətə çatdırılması praktikasına ehtiyatla yanaşılmalıdır. Ciddi media vasitələri ehtiyatı əldən vermirlər. Ümumilikdə, ölkə mediası son hadisələrin doğurduğu sınaqdan üzüağ çıxmağı bacardı.

Azərbaycana müxtəlif ölkələrdən dini təsirlərin həyata keçirildiyini və bu istiqamətdə çoxsaylı informasiya resurslarının fəaliyyət göstərdiyini vurğulayan MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Aqil Abbas bildirib ki, cəmiyyətin informasiya təminatı prosesində jurnalistlərlə yanaşı, müvafiq dövlət qurumları da iştirak edirlər. İkincilərin iş operativliyinin güclənməsinə ehtiyac duyulur.

Şuranın İdarə Heyətinin üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Gəncə terroru və Mingəçevirdə baş vermiş qəza ilə bağlı rəsmi informasiya verilməyənədək yayılmış yanlış məlumat axınına qoşulanlar oldu. Bu cür məqamlara diqqət yetirilməli və belə halların gələcəkdə baş verməməsi üçün sistemli iş aparılmalıdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, MŞ İdarə Heyətinin üzvü Vüqar Səfərli diqqəti ekstremal vəziyyətlərdə əlaqədar dövlət qurumlarının ilk mənbə rolunda çıxış etməsinin vacibliyinə yönəldib. Bu baxımdan məsuliyyət hissinin artırılmasının zəruriliyini əsaslandırıb.

Gəncə hadisələri və Mingəçevirdə baş vermiş qəza zamanı medianın və dövlət qurumlarının ümumən operativ fəaliyyət göstərdiklərini önə çəkən MŞ İdarə Heyətinin üzvü, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı çıxışında dövlət qurumları ilə kütləvi informasiya vasitələrinin əməkdaşlığının gücləndirilməsi məsələlərinə toxunub. O bildirib ki, müvafiq dövlət qurumlarının təmsilçiləri ilə media rəhbərləri arasında qeyri-rəsmi görüşlərin təşkilinə ehtiyac var. Bu yolla ikincilər hər hansı hadisənin gerçək motivləri ilə əlaqədar məlumatlandırıla bilərlər. Belə praktika ona görə lazımdır ki, media yalnız informasiya verməklə kifayətlənməsin, konkret hadisə və prosesin təhlili imkanını qazansın, cəmiyyət düzgün yönləndirilsin.

“Strateq.az” saytının rəhbəri Elxan Şükürlü çıxışında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsdin baş verməsindən sonrakı bir neçə saatadək məsələ ilə əlaqədar rəsmi informasiya boşluğunun yarandığını deyib. O, hadisə ətrafındakı yanlış fikirlərin dövriyyəyə məhz bu zaman kəsiyində daxil olduğunu xatırladıb. Belə halların yaşanmaması üçün informasiya təminatındakı bütün tərəflərin daha diqqətli olmasının mühüm önəm daşıdığını bildirib.

Şuranın İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə vurğulayıb ki, istər Gəncə hadisələri, istərsə də Mingəçevirdəki qəza ilə bağlı yanlış fikirləri tirajlayan saytların bir çoxu xaricdən idarə olunduğundan onlara qarşı mübarizədə diplomatik metod və vasitələrdən də geniş istifadə olunmalıdır. Zəruri hallarda prosesə xaricdəki nümayəndəliklər də cəlb edilməlidir.

MŞ İdarə Heyətinin üzvü, “Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızı media orqanları ilə dövlət qurumlarının əməkdaşlığının daha da gücləndirilməsinin zəruriliyinə diqqət yetirərək vurğulayıb ki, vacib hadisə və proseslər zamanı informasiya boşluğu yaranırsa, ayrı-ayrı sosial şəbəkə profillərinin fəaliyyəti güclənir və cəmiyyət yanlış istiqamətə yönləndirilir.

Şuranın İdarə Heyətinin üzvü, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə təklif edib ki, dövlət qurumları hər hansı hadisə ilə əlaqədar dəqiqləşdirmələr apardıqları müddətdə yaranmış informasiya boşluğunun qarşısının alınması üçün KİV-lərlə fəal təmaslara malik hazırlıqlı ekspert qrupu fəaliyyət göstərməlidir. Bu yolla cəmiyyətin yanlış səmtə yönləndirilməsinin qarşısı alına bilər.

MŞ İdarə Heyətinin üzvü Azər Həsrət fövqəladə hallar zamanı operativ qərargahın yaradılmasının və bu işə media orqanlarının da cəlb edilməsinin mühüm əhəmiyyət daşıdığını əsaslandırıb.

Media orqanlarının son hadisələr zamanı ümumən kifayət qədər peşəkar mövqe ortaya qoyduqlarını vurğulayan MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli diqqəti “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanundan irəli gələn tələblərə çəkib və bildirib ki, ölkə qanunvericiliyində dövlət əleyhinə çağırışlar edən elektron media vasitələrinin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı konkret müddəalara istinad edilməsi də mütləqdir.

Şuranın İdarə Heyətinin üzvü, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu təxribat hallarına qarşı media müstəvisindəki mübarizənin vacibliyini əsaslandırıb.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Cümhuriyyət” qəzetinin baş redaktoru Rafail Becanov bildirib ki, ekstremal vəziyyətlər zamanı cəmiyyətin yanlış yönləndirilməsinin qarşısının alınması üçün medianın hadisələrin episentrində olması mütləqdir və bu istiqamətdə zəruri addımlar atılmalıdır.

Çıxış edənlərdən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev, “Olaylar” İnformasiya Agentliyinin və “Olaylar” qəzetinin rəhbəri Yunus Oğuz, “Yenicaq.az” saytının baş redaktoru Aqil Ələsgər, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas və başqaları cəmiyyətin informasiya təminatında dövlət qurumları ilə media orqanlarının əməkdaşlığının gücləndirilməsinin vacibliyini önə çəkərək mövcud istiqamətdə yeni baxışların tətbiq olunmasına ehtiyacın duyulduğunu vurğulayıblar.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (13.12.2018) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +10+12
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR