Bölgələr

“Gənc Heydərçilər” Qusar rayonuna yola salınıblar

16-07-2018 | 15:30        

  

Yeniyetmə və gənclərin yay istirahətinin təşkili ilə bağlı tədbirlər davam etdirilir. Bu dəfə Səbail rayonunun məktəbliləri Qusar rayonuna istirahətə göndərilib.

Gənclərin sağlam böyüməsi, onların idmana olan marağının artırılması, hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi məqsədi ilə Səbail Rayon İcra Hakimiyyəti Müdafiə Nazirliyi ilə birgə layihə həyata keçirir. Rayonun təhsildə və idmanda fərqlənən, xüsusi istedadlı yeniyetmələri, həmçinin Müdafiə Nazirliyinin Aprel döyüşləri zamanı şəhid olmuş zabitlərin və ön cəbhə xəttində xidmət edən zabitlərinin övladları Qusar şəhərində yerləşən “N” saylı hərbi hissəyə yola salındı. Artıq 4-cü dəfədir təşkil edilən “Gənc Heydərçilər” hərbi-vətənpərvərlik təmayüllü yay düşərgəsində ümumilkdə 200-dən çox məktəbli olacaq. Səbail rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Xalidə Bayramova, Müdafiə Nazirlyinin İdarə rəisi Rasim Əliyev və digər çıxış edənlər bu cür tədbirlərin əhəmiyyətini vurğuladılar.

Düşərgədə uşaqların təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri və hərbi hissənin zabitləri, çavuş  və  əsgərlərindən ibarət qrup məşğul olacaq.

Düşərgədə istirahət edən yeniyetmələrin Qusar rayonunun görməli yerlərinə, mədəniyyət abidələrinə ekskursiyaları da təşkil olunacaq. Yola düşməzdən əvvəl “Gənc Heydərçilər” Fəxri Xiayabanda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər.