Xarici xəbərlər

Dünyada baş verən ən son hadisələr

16-07-2018 | 11:37        

  

Dövlət çevrilişi cəhdinin qarşısının alınmasının ildönümü ilə əlaqədar tədbirlər keçirilib

Türkiyədə 2016-cı il iyulun 15-də baş verən dövlət çevrilişi cəhdinin qarşısının alınmasının ikinci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib. 15 iyul - Demokratiya və Milli Birlik Günündə ölkənin bütün bölgələrində anım mərasimləri və təqdimatlar təşkil olunub. Ən böyük izdihamlı mitinq İstanbuldakı “15 iyul Şəhidlər Körpüsü”ndə keçirilib. Prezident Rəcəb Tayyib Ərdoğan və digər rəsmi şəxslər tədbirlərdə iştirak ediblər. Mitinq iştirakçıları qarşısında çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan dövlət çevrilişi cəhdinin qarşısının alınmasında Türkiyə xalqının göstərdiyi qəhrəmanlıqdan, rəşadətdən danışıb. Prezident əminliklə bildirib ki, FETÖ də daxil olmaqla terror təşkilatlarının bütün üzvləri qanun qarşısında cavab verəcəklər.

Son iki gündə İspaniyanın cənub sahillərində 500-ə yaxın miqrant xilas edilib

Son iki gündə İspaniyanın cənub sahillərində 500-ə yaxın miqrant xilas edilib. Şimali Afrikadan olan həmin miqrantların 100-dən çoxu azyaşlılardır. Təkcə iyulun 14-də İspaniya Mülki Qvardiyası miqrantları daşıyan 12 qayıq aşkar edib. Bir gün sonra isə Cəbəlüttariq boğazında 6 qayıqda olan qaçqınlar xilas olunub. Qeyd edək ki, son vaxtlar İspaniyaya miqrant axını kəskin şəkildə artıb. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə ilin əvvəlindən İspaniyaya Aralıq dənizi vasitəsilə 16 902 miqrant gəlib. Ötən ilin müvafiq dövründə bu göstərici 6500 nəfər idi. Ümumilikdə, il başlayandan Avropaya 48 629 miqrant gəlib. 1422 nəfər yolda həlak olub.

Nyu-Meksiko ştatında sərnişin avtobusunun aşması nəticəsində 3 nəfər ölüb, 24 adam xəsarət alıb

ABŞ-ın Nyu-Meksiko ştatında ağır yol qəzası baş verib. Rio-Ranço şəhəri yaxınlığında sərnişin avtobusunun aşması nəticəsində 3 nəfər ölüb, 24 adam xəsarət alıb. Zərərçəkənlərdən üçünün vəziyyəti ağır qiymətləndirilir. Qəza nəticəsində bir neçə nəqliyyat vasitəsinə ziyan dəyib. Hadisənin baş verdiyi yolda nəqliyyatın hərəkəti hər iki istiqamətdə dayandırılıb. Faktla bağlı araşdırmalara başlanılıb. İspaniyada da yol qəzası baş verib. Paytaxt Madriddə içərisində sərnişinlərin olmadığı avtobus körpüyə çırpılıb. Qəza nəticəsində nəqliyyat vasitəsi körpüdən asılı vəziyyətdə qalıb. Sürücünün yüngül xəsarətlər aldığı bildirilir. Hadisəyə avtobusun sürücüsünün idarəetməni itirməsi səbəb olub.

Kabildə partlayış nəticəsində 7 nəfər həlak olub, 15 adam yaralanıb

Əfqanıstanın paytaxtı Kabildə terror aktı törədilib. Terrorçu-intiharçının Kənd təsərrüfatının bərpası və inkişafı nazirliyinin binası qarşısında özünü partlatması nəticəsində 7 nəfər həlak olub, 15 adam yaralanıb. Partlayış binanın girişində nazirlik əməkdaşları işdən çıxan zaman baş verib. Hücuma görə məsuliyyəti “İŞİD” terror qruplaşması üzərinə götürüb.

Daşqın və torpaq sürüşməsi nəticəsində 15 nəfər ölüb, 4 adam itkin düşüb

Çinin əksər ərazilərində aramsız yağışların səbəb olduğu daşqın və torpaq sürüşməsi fəsadları artırıb. Təbii fəlakətdən ən çox ziyan çəkmiş Siçuan və Qansu əyalətlərindən 130 000-dən çox sakin təxliyə edilib. Daşqın və torpaq sürüşməsi nəticəsində 15 nəfərin öldüyü, 4 adamın isə itkin düşdüyü bildirilir. Leysanın əyalətlərə vurduğu maddi ziyanın həcmi 583 milyon dollar məbləğində qiymətləndirilir. Siçuan əyalətində yerləşən Quanyuan və Myanyan şəhərlərinə 260 millimetrə qədər yağıntı düşüb. Çaylarda suyun səviyyəsi rekord həddə çatıb. Meteoroloqlar Çində yağışların davam edəcəyini proqnozlaşdırırlar.