Rəsmi xronika

Prezident İlham Əliyev Ucar rayonunda olub

31-10-2011 | 12:24        

  

Oktyabrın 30-da Prezident İlham Əliyev Ucar rayonuna gəldi. Dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Sonra Prezident İlham Əliyev ulu öndərin abidəsinin ətrafında aparılan abadlıq-quruculuq işləri ilə tanış olub. Dövlət başçısına məlumat verilib ki, Heydər Əliyev Mərkəzinin yerləşdiyi bu ərazi tam şəkildə yenidən qurulub, geniş yaşıllaşdırma və abadlıq işləri aparılıb. Burada müasir park salınıb. 3 hektara yaxın sahəsi olan ərazidə 4 müasir fəvvarə quraşdırılıb, işıqlandırma sistemi yaradılıb, dekorativ ağac və gül kolları əkilib. Xüsusi ornament və kompozisiya ilə qurulan park Ucar əhalisi ilə yanaşı, rayona gələn qonaqların da sevimli istirahət guşəsinə çevriləcək. Parkda  əhalinin səmərəli istirahəti üçün hərtərəfli şərait yaradılıb. Prezident İlham Əliyev Heydər Əliyev abidəsinin müəllifi, xalq rəssamı Ömər Eldarovla görüşüb.

Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Milli memarlıq elementlərindən istifadə olunmaqla ucaldılan mərkəz ucarlıların ulu öndərin xatirəsinə ehtiram nümunəsinin göstəricisidir. Dövlət başçısına məlumat verilib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan mərkəzdə Ümummilli liderin zəngin irsinə həsr olunmuş ekspozisiya zalı yaradılıb. Burada ulu öndərin həyat və fəaliyyətinin bütün dövrlərini əks etdirən, o cümlədən müxtəlif illərdə bölgələrə etdiyi səfərləri əks etdirən fotoguşələr yaradılıb. Ümumilli liderin regionların inkişafına göstərdiyi qayğı hər zaman vətəndaşlarımızın diqqət mərkəzində olub. Dövlət müstəqilliyinin 20 illini qeyd edən Azərbaycan məhz 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan ümummilli liderin xilaskar missiyasını heç zaman unutmur, onun xatirəsini həmişə yad edir. Bu zalda həmçinin ulu öndərin irsinin gələcək nəsillərə çatdırılması üçün 2 virtual tədris sinifi, o cümlədən kitabxana, ümummilli liderə aid sənədlərin saxlandığı xüsusi guşə yaradılıb. Prezident İlham Əliyev mərkəzin akt zalına baxıb. Xüsusi dizaynla yaradılan 200 nəfərlik akt zalında rayon və respublika səviyyəli tədbirlərin, konfransların və iclasların keçirilməsi nəzərdə tutulur. Heydər Əliyev Mərkəzində tədris sinifləri də fəaliyyət göstərəcək. Bu siniflərində ulu öndərin əsil nümunəyə çevrilmiş  həyat və fəaliyyəti tədris olunmaqla yanaşı, onun mədəniyyətə, incəsənətə, idmana və digər sahələrə diqqət və qayğısını əks etdirən məlumatlat veriləcək. Bundan əlavə, mərkəzdə xarici dillər mərkəzi, xalça və rəsm studiyaları yerləşir. Burada gənclərin müasir texnoloji yeniliklərlə yaxından tanış olmalarına və onların bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönələn kurslar təşkil olunacaq. Bunun üçün internet sinfi və kompüter mərkəzi qurulub. Mərkəzin 3-cü mərtəbəsində isə rəsm qalereyası fəaliyyət göstrərəcək. Burada müasir Azərbaycan rəssamlarının əl işlərindən ibarət əsərlər nümayiş olunur. Gələcəkdə burada müxtəlif janrlı sərgilərin təşkili də mümkündür. Ümumilikdə mərkəz  Heydər Əliyev irsinin öyrənilməsində mühüm rola malikdir və regionda yaşayan insanların  bu mərkəzin imkanlarından yararlanmaları üçün bütün lazımi şərait mövcuddur.

Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri qarşısında çıxış edib. Ucarda möhtəşəm Heydər Əliyev mərkəzinin açılışı münasibətilə təbriklərini çatdıran Prezident İlham Əliyev Azərbaycanın bölgələrində belə mərkəzlərin tikilməsinin ulu öndərin xatirəsinə hörmətin təzahürü kimi qiymətləndirdi. Dövlət başçısı Ucarda son illərdə aparılan abadlıq quruculuq işləri barədə danışdı. Vurğulayıb ki, bütün uğurların təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycan xalqının ümummilli liderin siyasətinə sadiq olduğunu deyən Prezident İlham Əliyev bu siyasətin ölkəmizə yeni imkanlar açdığını söyləyib. Güclü iqtisadi potensialımız barədə danışan dövlət başçısı dünyada mövqelərimizin möhkəmləndiyini, bu yaxınlarda Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinin bir daha ölkəmizin qüdrətini nümayiş etdirdiyini bildirib.

Rayon ictimaiyyəti adından çıxış edən Gülzar İsrayilova dövlət başçısına ucarlıların xoş arzularını çatdırıb.

Sonda xatirə şəkli çəkdirilib.

Prezident İlham Əliyev Ucar rayonuna səfəri çərçivəsində şahmat məktəbinin açılışında iştirak edib.

Dövlət başçısına məlumat verilib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir uslubda inşa olunan bu tədris binası bir növ şahmat meydançasına bənzədilib. Binanın girişi piyadaları, ətrafları top fiqurlarını, mərkəzi hissəsi isə şah fiquru formasındadır. Binada yaradılan tədris otaqlarında məktəblilərin şahmatın sirlərinə yiyələnmələri üçün lazımi avadanlıqla təchiz olunan sinif otaqları yaradılıb. Burada elektron biliklərin əldə olunması və müasir yeniliklərin qavranması üçün ayrıca kompüter zalı da qurulub. Şahmat məktəbi müasir havalandırma və isitmə sistemi ilə təmin olunub. Məktəbin mərkəzində isə oyun zalı yerləşir. Zalda ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin şahmata və şahmatçılara olan diqqət və qayğısını əks etdirən fotoguşələr yaradılıb. Oyun zalında eyni vaxtda 140 şagird yarışa bilər. Bu yarışlar və hər bir şahmatçının oyunu xüsusi monitorda əks olunmaqla canlı izlənilə bilər. Ucar şahmatçıları Azərbaycan şahmatının inkişafına da öz töhfələrini verməkdədir. Belə ki, Ucar şahmatçısı avropa çempionu Xatın Bağırova bu ilin aprelində Polşada keçirilən dünya çempionatında 14 yaşlılar arasında ən yüksək nəticə göstərərək dünya çempionu adını qazanıb. Prezident İlham Əliyev gənc dünya çempionu ilə söhbət edib, ona uğurlar arzulayıb. Yeni inşa olunan müasir şahmat məktəbi isə ucarlı şahmatçıların daha böyük nailiyyərtlər əldə etmələrinə yeni imkanlar açacaq.

Sonra Prezident İlham Əliyev Ucar şəhərinin su və kanalizasiya sistemləri kompleksinin yenidən qurulmasına həsr olunan təməlqoyma mərasimində iştirak edib. Dövlət başçısının diqqətinə çatdırılıb ki, Ucar   şəhərində mərkəzləşdirilmiş içməli su sistemi 1970-ci illərdə tikilib və su mənbəyi kimi Göyçay rayonunun Potu kəndi ərazisində qazılmış subartezian quyulardan və suvarma kanallarından istifadə olunub. Yeni layihəyə əsasən mənbə kimi Ağsu rayonu ərazisində yerləşən Külüllü su mənbəyi seçilib. Külüllüdə drenaj tipli suqəbuledici qurğunun tikintisi, buradan Ucar şəhərinə qədər 400 millimetr diametrli 60 kilometr uzunluğunda özüaxımlı magistral su kəmərinin çəkilməsi planlaşdırılır. Layihədə eyni zamanda magistral kəmər boyunca yerləşən 15 kəndin də su təchizatı həyata keçiriləcək. Şəhərdə ümumi uzunluğu 108 kilometr olan yeni supaylayıcı şəbəkənin, 1 ədəd həcmi 2 min kubmetr olan yeni su anbarının tikilməsi nəzərdə tutulur. Layihəyə əsasən Ucar şəhərində 90 kilometr uzunluğunda kanalizasiya xətləri çəkiləcək, 15 kanalizasiya nasos stansiyası tikiləcək. Çirkab suların təmizlənməsi üçün məhsuldarlığı sutkada 4 min kubmetr olan çirkab sutəmizləyici qurğu inşa olunacaq. Layihənin yerinə yetirilməsi ilə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Ucar şəhərində 20 min, 15 kənddə isə 32 min nəfərin su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi əsaslı şəkildə yaxşılaşdırılacaq. Dövlət büdcəsi vəsaiti hesabına həyata keçiriləcək “Ucar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin 20 aya başa çatdırılması nəzərdə tutulub. Sonra Prezident İlham Əliyev Ucar şəhərinin yeni su və kanalizasiya sistemləri kompleksinin təməlini qoyub.

Prezident İlham Əliyev Ucar şəhər Uşaq xəstəxanasının yenidənqurulmasından sonra açılışında iştirak edib.

Dövlət başçısına məlumat verilib ki, 44 çarpayılıq uşaq xəstəxanasında 90-a yaxın həkim və tibbi personalının işləyəcəyi nəzərdə tutulub. Qeyd olunub ki, xəstəxananın birinci mərtəbəsində 40 nəfərlik konfrans zalı yerləşir. Burada da bir sıra tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılıb. Xəstəxanaya müraciət edən xəstələrin hərtərəfli müayinəsi və müalicəsi üçün burada ayrıca poliklinika da yaradılıb. İkinci mərtəbədə 10 çarpayılıq cərrahiyyə şöbəsi fəaliyyət göstərəcək. Əməliyyat otağı da ən müasir tibbi avadanlıqlar və preparatlarla təchiz olunub. Burada 1, 2 və 3 nəfərlik palatalar da var. Palatalarda xəstələrin müalicəsi və istirahəti üçün lazımi şərait mövcuddur. Müasir işıqlandırma və havalandırma sistemi ilə təchiz olunan xəstəxanada 4 çarpayılıq reanimasiya şöbəsi və reanimasiya zalı var. Burada həmçinin 20 çarpayılıq pediatriya şöbəsi yaradılıb. Xəstəxana bura müraciət edən xəstə uşaqların tam şəkildə müayinəsi və müalicəsi üçün ən müasir avadanlıqlarla təmin edilib.

Sonra dövlət başçısı uşaq xəstəxanasının yaxınlığında yerləşən və yenidənqurmadan sonra istifadəyə hazır olan Mərkəzi Rayon Xəstəxanasının Poliklinikasında yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, 2 mərtəbəli poliklinika hazırda inşası davam etdirilən Mərkəzi Rayon Xəstəxanasının bir hissəsi olmaqla yanaşı, tam yenidən qurulub. Birinci mərtəbədə laboratoriya, ginekologiya, dəri-zöhrəvi kabinələri ilə yanaşı, həkim otaqları da var. Vətəndaşlara lazımi tibbi xidmət göstərən sahə həkimləri də burada fəaliyyət göstərəcək. Poliklinikada sarğı otağı, fizioterapiya, ultrasəs müayinəsi, rentgen, laboratoriya, elektrokardioqrafiya, elektroensofoloqrafiya, stomatologiya və oftalmologiya kabinələri də yaradılıb.

Sonra dövlət başçısı tikintisi davam etdirilən Ucar Mərkəzi Rayon Xəstəxanasının baş planına baxıb. Xəstəxananın əvvəlki binasının fotoşəkillərinə baxan Prezident İlham Əliyevə məlumat verilib ki, köhnə bina 1970-ci ildə inşa olunub və bu günədək təmir olunmadığından yarasız hala düşüb. Yeni xəstəxananın tikili hissəsi 1 hektardan çox olacaq. Burada iki mərtəbəli 4 korpusdan ibarət kompleks qurulacaq. Rayon əhalisi burada tibbi problemlə bağlı hər cür müayinə və müalicə imkanı əldə edə biləcəklər. Xəstəxananın ərazisində təcili tibbi yardım üçün də ayrıca bina inşa olunub. Bundan əlavə Rayon Patoloji Anatomiya və Ekspertiza şöbəsinin, o cümlədən Uşaq xəstəxanasının da Mərkəzi Rayon Xəstəxanasını yaxınlığında yerləşməsi vətəndaşlara kompleks keyfiyyətli tibbi xidmətin göstərilməsinə imkan verəcək. Burada 350-yə yaxın tibbi personal çalışacaq. Ərazi ilə tanış olan dövlət başçısı tapşırıq və tövsiyələrini verib.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (10.12.2016) :
Azbuludlu Gecə : 0+2 | Gündüz: +5+7
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.743 | Satış: 1.8127

Rubl:
Alış: 0.0264 | Satış: 0.0286

Avro:
Alış: 1.8025 | Satış: 1.9226
AzTV TƏQDİM EDİR