Rəsmi xronika

Oktyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdaş rayonuna səfərə gəlib

31-10-2011 | 12:16        

  

Oktyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdaş rayonuna səfərə gəlib . Dövlət başçısı ümummilli lider Heydər Əliyevin Ağdaş rayonunun mərkəzindəki abidəsini ziyarət edib. Prezident İlham Əliyevə Heydər Əliyev abidə kompleksində aparılan yenidənqurma tədbirləri barədə məlumat verilib. Qeyd olunub ki, kompleksin ərazisi 7 hektardır. Burada əsaslı abadlıq və yaşıllaşdırma tədbirləri həyata keçirilib. Kompleksdə hündürlüyü 30 metr olan Dövlət Bayrağı ucaldılıb. Burada mərmər lövhələrdə dövlət atributları, tarixi keçmişimizi əks etdirən memarlıq elementləri yaradılıb, müasir dizaynı ilə seçilən fəvvarələr kompleksə xüsusi gözəllik verir. Kompleksin ərazisindəki Heydər Əliyev Mərkəzi əsaslı yenidənqurmadan sonra xüsusi görkəm alıb. Mərkəzdəki muzeyin 9 bölməsində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən 200-dən çox eksponat nümayiş etdirilir. Burada 3 böyük salondan ibarət möhtəşəm kompleks yaradılıb. Bu salonlarda elektron kitabxana, ideoloji mərkəz, muzey, uşaq və gənclərin yaradıcılıq potensialının üzə çıxarılması üçün müxtəlif dərnəklər fəaliyyət göstərir.

Prezident İlham Əliyev Ağdaş-Ləki avtomobil yolunun 12 kilometrlik hissəsinin açılışında iştirak edib.

Nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısına Ağdaş-Ləki avtomobil yolunun açılışı olan 12 kilometrlik hissəsində görülən işlər barədə məlumat verib. O bildirib ki, bu yol “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ilə əlaqədar Prezident İlham Əliyevin 2009-cu il 14 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində reallaşdırılıb. Nəqliyyat Nazirliyinin sifarişçisi olduğu həmin yolu “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti inşa edib. Əsaslı şəkildə bərpa olunan Ağdaş-Ləki avtomobil yolu Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun 267-ci kilometrini Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 238-ci kilometri ilə birləşdirir. Tamamilə yeni müasir görkəm alan və keyfiyyəti ilə seçilən bu yol respublikamızın şimal-qərb bölgəsinin cənub və cənub-qərb bölgələri arasında nəqliyyat əlaqəsinin yaxşılaşmasında mühüm əhəmiyyət daşıyır. 12 kilometr uzunluğundakı həmin yol asfalt-beton örtüklüdür. Yolun yatağının eni 12 metr, 2 zolaqlı hərəkət hissəsinin eni isə 7 metrdir. Ağdaş-Ləki avtomobil yolunda bərkidici zolaqlar da nəzərə alınmaqla 8 metr enində asfalt-beton örtük qoyulub. Yenidənqurma işlərində 30 min tona qədər asfalt-beton qarışığından istifadə olunub. Bu ilin iyul ayında başlanan bərpa işləri oktyabr ayında başa çatdırılıb. Müasir tələblərə cavab verən yeni yolda müvafiq nişanlar və avadanlıq quraşdırılıb, digər silsilə tədbirlər həyata keçirilib. Yenidən qurulan Ağdaş-Ləki avtomobil yolu ilə tanış olan Prezident İlham Əliyev açılış münasibətilə təbriklərini çatdırıb və tapşırıqlarını verib.

Prezident İlham Əliyev Ağdaşdakı Mərkəzi Rayon Xəstəxanasının açılışında iştirak edib.

2010-cu ilin fevralında Prezident İlham Əliyevin Ağdaş rayonuna səfəri zamanı təməli qoyulan xəstəxanada yaradılan şərait barədə məlumat verən səhiyyə naziri Oqtay Şirəliyev bildirib ki, 100 çarpayılıq xəstəxana kompleksində tikintinin ümumi sahəsi 22 min 500 kvadrat metrdir. Xəstəxana binası 6 korpusdan ibarətdir. Bu səhiyyə ocağı 3 mərtəbəlidir. Burada 100-ə qədər tibbi personal çalışır. Poliklinika şöbəsi müasirliyi ilə seçilir və ən qabaqcıq avadanlıqla təchiz olunub. Burada operativ və yüksək səviyyədə tibbi xidmət üçün hərtərəfli şərait yaradılıb. Hemodializ avadanlıqları ən son elmi-texniki yeniliklərə əsaslanır. Burada 8 xəstənin eyni zamanda qəbulu mümkündür. Hemodializ prosedurunun yerinə yetiriləsi zamanı xəstələr televizora baxa bilər və onlar üçün yaradılan hərtərəfli şəraitdən istifadə edə bilərlər.  Ultrasəs müayinə cihazları da dünyanın ən inkişaf etmiş ölkələrində istifadə edilən tibbi avadanlıqlardandır.  Həkim otaqlarında da tibbi xidmətin yüksək səviyyədə aparılması üçün hərtərəfli imkanlar yaradılıb.

Diaqnostika şöbəsi də səhiyyə xidmətinin yüksək səviyyədə aparılmasına hərtərəfli imkan yaradır. Diqqəti çəkən məqamlardan biri buradakı bütün müasir avadanlıqların yerli mütəxəssislər tərəfindən quraşdırılması ilə bağlıdır. Əməliyyat bloku da tibbi xidmətin olduqca yüksək səviyyəsinə dəlalət edir. Burada bütün əməliyyatlar xüsusi paneldən Azərbaycan dilində idarə olunur. Reanimasiya şöbəsində eyni vaxtda 7 xəstə yerləşdirilə bilər.

Xəstəxanadakı palatalardakı şərait də dünyanın ən inkişaf etmiş ölkələrindəkindən geri qalmır. Həmin tibb ocağında stasionarda eyni vaxtda 100 xəstəyə xidmət göstərilə bilər. Təcili tibbi yardım şöbəsi də hər cür avadanlıqla təmin edilib. Burada xəstələrə operativ qaydada kömək göstərilməsi üçün zəruri imkan var. Xəstəxanadakı akt salonu da müasirliyi ilə diqqəti çəkir. Burada da təchizat yüksək səviyyədədir və müxtəlif tədbirlərin keçirilməsi üçün hərtərəfli şərait var. Ümumilikdə, Ağdaş rayon Mərkəzi xəstəxanası Azərbaycanda səhiyyə sisteminin inkişafı üçün dövlət səviyyəsində həyata keçirilən kompleks siyasətin bariz nümunələrindəndir. Tibb ocağında yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev Ağdaş rayon ictimaiyyətinin nümayəndələri və xəstəxananın kollektivi ilə görüşüb.

Dövlət başçısı xəstəxananın açılışı münasibətilə təbriklərini çatdırıb. Qısa müddətdə Ağdaşda gözəl, müasir tibb ocağının inşa edilməsindən məmnunluğunu bildirib. Bu gün respublikanın hər yerində yeni xəstəxanaların, tibb ocaqlarının yaradıldığını deyən Prezident İlham Əliyev bütün səhiyyə müəssislərinin dünyanın ən müasir avadanlıqları ilə təchiz edildiyini diqqətə çatdırıb. Dövlət başçısı onu da vurğulayıb ki, ölkəmizdə səhiyyə sisteminin təkmilləşdirilməsi üçün islahatlar aparılır, bu sahədə kadr hazırlığı ilə bağlı da yeni təkliflər irəli sürülür. Prezident İlham Əliyev bu gün bütün bölgələrin, o cümlədən Ağdaşın inkşaf etdiyini deyib. Ağdaşa artıq 3-cü dəfə səfər etdiyini deyən dövlət başçısı burada baş verən müsbət dəyişiklikləri qeyd edib. Bildirib ki, növbəti illərdə də rayonun inkişafı ilə bağlı əlavə tədbirlər görüləcək.

Ağdaş rayon uşaq poliklinikasının Baş həkimi Gülər Məmmədova dövlət başçısına Ağdaş rayonunda və ölkəmizdə səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıya görə təşəkkür bildirib.

Sonda xatirə şəkli çəkdirilib.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (10.12.2016) :
Azbuludlu Gecə : 0+2 | Gündüz: +5+7
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.743 | Satış: 1.8127

Rubl:
Alış: 0.0264 | Satış: 0.0286

Avro:
Alış: 1.8025 | Satış: 1.9226
AzTV TƏQDİM EDİR