Xarici xəbərlər

Dünyada baş verən ən son hadisələr

12-07-2018 | 11:40        

  

Böyük Britaniya “Facebook” şirkətini 500 000 funt sterlinq məbləğində cərimələmək niyyətindədir

Böyük Britaniyanın İnformasiya Komissarlığı istifadəçilərin şəxsi məlumatlarının sızdırılması qalmaqalı ilə əlaqədar “Facebook” sosial şəbəkəsini cərimələmək niyyətindədir. Cərimə 500 000 funt sterlinq təşkil edəcəyi gözlənilir. Komissarlığın məlumatına görə sosial şəbəkə istifadəçilərin şəxsi məlumatlarını qoruya bilməyərək qanunu pozub. Qurum bəyan edib ki, şirkət nümayəndələri şəxsi məlumatların hansı yolla üçüncü tərəfə ötürülməsinə dair dəqiq məlumat təqdim etməyiblər. “Facebook” komissarlığın qərarına etiraz edə bilər. Şirkət qurumun hesabatını təhlil edəndən sonra münasibət bildirəcəyini bəyan edib. 500 000 funt sterlinq “Facebook” kimi şirkət üçün böyük məbləğ sayılmır. Ancaq bu İnformasiya Komissarlığının tələb edə biləcəyi maksimal cərimədir. Xatırladaq ki, şirkət ətrafında qalmaqal mart ayında “Cambridge Analytica” şirkətinin on milyonlarla “Facebook” istifadəçisinin şəxsi məlumatlarından istifadə etməsi ilə bağlı xəbərlər yayılandan sonra başlayıb. Apreldə “Facebook”un təsisçisi Mark Tsukerberq məsələ ilə əlaqədar ABŞ Konqresində ifadə vermişdi. Tsukerberq bunu öz səhvi adlandıraraq, məsuliyyəti üzərinə götürmüşdü.

“Mariya” tropik qasırğası nəticəsində 600 000-ə yaxın sakin daha təhlükəsiz yerlərə köçürülüb

Çinin şərqində güclü külək və leysanla müşayiət olunan “Mariya” tropik qasırğasının törətdiyi fəsadlar artıb. Fəlakət zonalarından 600 000-ə yaxın sakin daha təhlükəsiz yerlərə köçürülüb. Tayvanda 8 nəfərin xəsarət aldığı bildirilir. Ən ciddi vəziyyət Çinin Futszyan və Çjetszyan əyalətlərində qeydə alınıb. Qasırğa ilə əlaqədar ən yüksək – “qırmızı təhlükə səviyyəsi” elan edilib. 20 000 balıqçı gəmisinə limanlara qayıtmaq göstəriş verilib. Güclü külək və dalğa səbəbindən Futszyan əyalətinin Syamen və Tayvanın Tszinmen adası ilə bərə əlaqəsi kəsilib. Təbii fəlakət nəticəsində ölkədə ictimai və dəmiryol nəqliyyatının hərəkəti iflic olub. Hava limanlarında onlarla aviareys təxirə salınıb. Çox sayda evin elektrik enerjisiz qalıb. “Mariya” tropik qasırğasının vurduğu maddi ziyanın həcmi 73,4 milyon dollar məbləğində qiymətləndirilir. ABŞ-ın Kaliforniya ştatında isə meşə yanğınları ilə mübarizə davam edir. Los-Ancelesdə avtomagistral yaxınlığında tüğyan edən alov onlarla hektar sahəni məhv edib. Quraqlıq və güclü külək yanğının daha geniş ərazilərə yayılmasına səbəb olur. Qeyd edək ki, il başlayandan indiyədək ABŞ-da meşə yanğınları 1,3 milyon hektar sahəni külə döndərib.

Arizona ştatında mağazalardan birində güclü yanğın baş verib

ABŞ-ın Arizona ştatında ərzaq mağazalarından birində güclü yanğın baş verib. Ştatın inzibati mərkəzi olan Finiks şəhərində qeydə alınan hadisə nəticəsində mağazanın damı uçub. Yanğına ildırımla müşayiət edilən qasırğanın səbəb olduğu ehtimal edilir. Mağaza tamamilə boşaldılıb. Qeyd edək ki, Arizona ştatında 3 gün davam edən əlverişsiz hava şəraiti ciddi fəsad törədib. Bir neçə küçə və avtomobil dayanacağı su altında qalıb. 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +30+32
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR