Cəmiyyət

Qafqaz Müsəlmanları İdarəsi Gəncə hadisələri ilə bağlı bəyanat yayıb

12-07-2018 | 08:44        

  

Qafqaz Müsəlmanları İdarəsi Gəncə hadisələri ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, Vətənimizdə hökm sürən sabitlik və əmin-amanlıq, tərəqqi və quruculuq işlərinə, habelə xarici siyasət sahəsində uğurlarımıza və haqq mübarizəmizdə qələbələrimizə kölgə salmaq niyyəti güdən bəzi qüvvələr həm xaricdə, həm də daxildə məkrli niyyətlərini cidd-cəhdlə həyata keçirməyə çalışırlar. Bu cinayət əməllərində Allahın yaratdığı insanın qətlə yetirilməsini bütün bəşəriyyətə qarşı ağır cinayət kimi dəyərləndirən müqəddəs İslam dininin adından sui-istifadə olunması qətiyyən yolverilməzdir. Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanın din xadimləri və dindarlarının mövqeyini ifadə edərək, baş verən hadisələri dinlə bağlamaq cəhdlərini birmənalı olaraq rədd edir, bunu ölkəmizə düşmən olan bəzi qüvvələrin xaricdən siyasi məqsədlərlə yönləndirilən, cəmiyyətdə nifaq salmaq cəhdi kimi qiymətləndirir. Ölkəmizdə mövcud sabitliyin pozulması, qarşıdurma yaratmaq məqsədilə aksiyalara cəlb etmək üçün dini şüarlarla çağırışlar edilməsi dövlətçiliyimizə, milli mənəvi dəyərlərimizə qarşı təxribat kimi dəyərləndirilir, din pərdəsi altında fəaliyyət göstərən radikal qrupların cəmiyyəti iğtişaşlara təhrik etməsi dövlətə qarşı terror, islami dəyərlərinə zidd hesab edilir. Bildirilir ki, terrorçunun dini olmur. Azərbaycan dindarları daim dövlətçiliyimizə sadiqdirlər. Din xadimləri, dindarlar hüquqi, demokratik dövlətin - Azərbaycan Respublikasının vətəndaşları olaraq qanunun aliliyini qəbul edir, ictimai-siyasi sabitliyi, davamlı sosial-iqtisadi tərəqqini və bunun təminatçısı olan dövlətimizin möhtərəm başçısını dəstəkləyirlər. Milli mənəvi dəyərlərimizə ali diqqət və qayğı göstərən Prezidentimizin siyasətini dəstəkləyən dindarlar dövlətin bu kimi təxribatların qarşısının qətiyyətlə alınması istiqamətində səylərini dəstəkləyirlər. Biz vətəndaşları, dindarları, xüsusən, gəncləri dövlətçiliyimizə qarşı yönləndirilən təxribat və məkrli çağırışlara uymamağa çağırırıq. Din xadimlərimiz xaricdən məkrlə yönləndirilən belə təxribatların mahiyyətini öz moizələrində xalqa çatdırmalıdırlar. Əminik ki, belə təxribatçı cəhdlər möhkəm təməllər üzərində təşəkkül tapmış dövlətçiliyimizin əsaslarını heç bir vəchlə sarsıda bilməz”.