Bölgələr

Cinayətkarlar tezliklə qanun qarşısında cavab verəcəklər

12-07-2018 | 08:41        

  

Şəhid zabitlərin nəşi vidalaşmaq üçün Gəncə şəhər Baş Polis İdarəsinin qarşısına gətirildi. Şəhər ictimaiyyətinin nümayəndələri və Gəncə şəhər Baş Polis İdarəsinin şəxsi heyəti şəhid zabitlərlə vidalaşdılar.

İyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olub. Onlar Gəncə şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovdur. Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin birgə məlumatında qeyd olunur ki, polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə radikal dini yönümlü bir qrup şəxsin hüquqazidd əməllərinin qarşısı alınıb, 40 nəfər tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər. Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib. Fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Gəncədəki Şəhidlər Xiyabanında keçirilən dəfn mərasimində çıxış edən Gəncə şəhər Polis İdarəsinin rəisi Faiq Şabanov bildirdi ki, şəhid olan hər iki polis zabiti daxili işlər orqanlarında şərəflə xidmət ediblər. Onlar qanunazidd hərəkətlər törədənlərin qarşısına çıxaraq bir daha mərdliklərini nümayilş etdiriblər və polisin qətiyyətli addımı bir daha sübut edib ki, ölkəmizdəki sabitliyi heç bir qüvvə poza bilməz. AMEA-nın Gəncə bölməsinin rəhbəri, akademik Fuad Əliyev bu gün Azərbaycanın hər yerində inkişafın və amin-amanlığın hökm sürdüyünü bildirdi. Qeyd etdi ki, bəzi qüvvələr bundan dərin narahatlıq keçirir və iyulun 10-da Gəncədə baş verən hadisələr bunu bir daha təsdiqləyir. Azərbaycanın hüquq-mühafizə orqanları isə heç bir vaxt icazə verməyəcək ki, mövcud əmin-amanlıq pozulsun. Azərbaycan Dövlət Aqrar Unuiversitetinin rektoru, akademik İbrahim Cəfərov güclü liderin yaratdığı inkişaf və sabitliyin dünya birliyi tərəfindən qəbul edildiyini, xalqla polisin həmrəy olduğunu dedi. Qeyd etdi ki, son hadisələrə Gəncə sakinlərinin sərt mövqe bildirməsi xalq-iqtidar birliyinin sarsılmazılığını göstəricisidir. “Şəhid polis zabitləri uzun illər daxili işlər orqanlarında ləyaqətlə xidmət ediblər. Onlar ölkəmizdə əmin-amanlığın qorunub saxlanmasında fədakarlıq göstəriblər”. Bu sözləri isə daxili işlər nazirinin müavini Oruc Zalov dedi. Bidlirdi ki, onlar ictimai-asayisi asayişi qoruyarakən şəhidlik zirvəsinə yüksəlib və dövlətçiliyə öz sədaqətlərini göstəriblər. “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova da çıxışında vurğuladı ki, qüdrətli Azərbaycan Prezident İlham Əıliyevin rəhbərliyi altında sayılıb seçilən ölkəyə çevrilib. Lakin bunu gözü götürməyən qüvvələr var. Gəncəlilər şəhərdə törədilən təxribatın qarşısını mərdliklə alan polislərə dəstək olaraq bundan sonra da dövlət başçısının və dövlətçiliyin yanında duracaqlar. Gəncə şəhər Gənclərİdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov dövlət başçısının diqqət və qayğısı sayəsində ölkəmizin, həmçinin Gəncənin inkişaf etdiyini, bunu istəməyən qüvvələrin isə terror və pozuculuq hallarına cəhd etdiklərinin bildirdi. Qeyd etdi ki, Gəncə sakinləri bu cür hallara qarşı çıxaraq bu hadisələri qətiyyətlə lənətləyir. Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev də vurğuladı ki, ölkəmizi, onun uğurlarını istəməyən qüvvələr var və onlar bu inkişafa təxribatla, terrorla cavab vermək istəyirlər. Lakin bu cəhdlərin qarşısı qətiyyətlə alınır. Gəncə sakinləri Azərbaycanda sabitliyin pozulmasına heç vaxt yol verməyəcəklər. Təxribat törətmək istəyənlər isə qarşılarında şərəfli və şücaətli polislərimizi görəcəklər. Şəhid polis zabiti Səməd Abbasovun qardaşı Tahir Abbasov namərdcəsinə qətlə yetirilən iki polisimizin əziz xatirəsinin hər zaman qəlblərdə yaşayacağını bildirdi. Onların vətən, millət yolunda şəhid olduqlarını deyən Tahir Abbasov əmin olduğunu bildirdi ki, cinayətkarlar öz layiqli cəzalarına çatacaqlar. Sonra dövlət himnimizin sədaları altında şəhid polis zabitlərinin şərəfinə yaylım atəşləri açıldı. Bu gün Gəncədə tam sabitlikdir. Həyat öz axarında davam edir. Şəhər ictimaiyyətinin nümayəndələri və ziyalılar isə iyulun 10-da baş vermiş hadisələri lənətləyir və bu cür halların bir daha baş verməməsini arzulayırlar.