Siyasət

"Gəncədə yaranmış həssas dönəm cəmiyyətimizin dövlətin ətrafinda daha sıx birləşməsini tələb edir”

12-07-2018 | 08:34        

  

"Gəncədə yaranmış həssas dönəm cəmiyyətimizin dövlətin ətrafinda daha sıx birləşməsini tələb edir”. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Facebook” səhifəsində belə yazıb. Əli Həsənov bildirib ki, dövlətçiliyimizə qarşı separatçıların, radikal dindarların, yalnız pula və məişət komfortuna işləyən “iaşə müxalifəti”nin sinxronlaşdırılmış ideoloji təxribatı faktı ilə üz-üzəyik. Xarici anti-Azərbaycan qüvvələrin bu mənfur niyyətini anlamaq olar, ancaq daxildən onlara dəstək verən, poilis əməkdaşlarına qarşı qəddar cinayətə bəraət qazandırmağa çalışan, yaxud da xaricə qaçıb erməni maliyyəsinin girovuna çevrilənlərin xain canfəşanlığını heç cür başa düşmək mümkün deyil. Əli Həsənov vurğulayıb ki, ictimai rəyə təsir imkanı olan insanlar - millət vəkilləri, ziyalılar, tanınmış ictimaiyyət nümayəndələri, siyasi fəallar, media və QHT təmsilçiləri daha həssas davranmalı, iqtidara və ya onun ayrı-ayrı nümayəndələrinə bəslədikləri fərdi münasibətlərlə dövlət və Vətən mənafelərini bir-birindən fərqləndirməlidirlər. Prezidentin köməkçisi əminliklə bildirib ki, Azərbaycanda qarşıdurma, xaos yaratmaq istəyənlər qanunun sərt üzünü görəcəklər və ən ciddi şəkildə cəzalandırılacaqlar. Bununla yanaşı, o, təsadüfən, hadisə ictimai maraq kəsb etdiyinə görə, öz iradələrinin əleyhinə olaraq bu əməlin iştirakçısına çevrilmiş hər kəsi bu yanlış addımlardan çəkinməyə dəvət edib. Azərbaycan dövləti, dövlətçiliyi, milli maraqlarımız heç vaxt müzakirə mövzusu olmamalıdır və bu dəyərlərə təhlükə yarandıqda hər bir vətəndaş, hər bir azərbaycanlı öz qəti mövqeyini ortaya qoymalı, milli iradəsini nümayiş etdirməlidir. Buna görə də Azərbaycan dövlətinin terror və terror çağırışlarına qarşı atacağı sərt addımların ziyalılar, tanınmış ictimaiyyət nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən düzgün anlaşılmalı, geniş kütlələrə düzgün mesajlar verilməlidir. Hər hansı səbəb və ya bəhanə ilə terrora bəraət qazandırmaq cəhdləri yolverilməzdir, sosial səhifələrin aktiv iştirakçıları və KİV nümayəndələri yazı, rəy və şərhlərində müvafiq qanunvericiliyin tələblərini və dövlət maraqlarını unutmamalı, hadisələrə daha peşəkar və obyektiv yanaşmalıdırlar”