Mədəniyyət

Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalı başa çatıb

02-07-2018 | 11:19        

  

Şəki “İpək Yolu” 9-cu Beynəlxalq Musiqi Festivalı başa çatıb. 5 gün davam edən festival çərçivəsində musiqisevərlər, şəhərin qonaqları, yerli sakinlər Türkiyə, Rusiya, Macarıstan və Qazaxıstanın rəqs və musiqi qruplarının, həmçinin Azərbaycanın tanınmış teatr və musiqi kollektivlərinin çıxışlarını izləyiblər.

Mədəniyyət Nazirliyi, Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 27-də başlanan və 5 gün davam edən Şəki “İpək Yolu” 9-cu Beynəlxalq Musiqi Festivalı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və TÜRKSOY-un yaradılmasının 25 illiyinə həsr olunub. Bağlanış mərasimində TÜRKSOY-a üzv ölkələrdən solistlərin iştirakı ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Qazaxıstanın Atırau Dövlət Filarmoniyasının “Murager” mahnı və rəqs ansamblı konsert proqramı ilə çıxış ediblər.

Konsertdə Türkiyə, Rusiya Federasiyasının Başqırdıstan və Tuva respublikalarından, Qırğızıstan və Özbəkistandan olan sənətçilərin ifaları, xalq mahnıları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Sonra Bəstəkarlar İttifaqının təsis etdiyi Üzeyir Hacıbəyli xatirə medalı Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubova və TÜRKSOY-un Baş katibi Düsen Kaseinova təqdim olundu. Festivalın təşkilinə görə Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, tədbirin işıqlandırılmasına görə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və Azərbaycan Dövlət İnformasiya Agentliyi mükafatlandırıldılar.  Festivalın bağlanış mərasimi atəşfəşanlıqla başa çatıb.