Xarici xəbərlər

Ermənistanda rəhbər vəzifəli şəxslərin korrupsiya əməlləri ilə bağlı yeni faktlar üzə çıxıb

22-06-2018 | 12:25        

  

Bütün sahələrdə dərin böhranın hökm sürdüyü Ermənistanda  ictimai-siyasi vəziyyət qeyri-sabit olaraq qalır. İşğalçı ölkədə vəzifəli şəxslərin həbsləri davam edir. Təhlükəsizlik xidməti hərbi hissələr və məktəblərdə xeyli korrupsiya, mənimsəmə halı qeydə alıb. Oliqarx-general Manvel Qriqoryanın işi üzrə istintaq Ermənistanı şoka salan arxiv materialları aşkarlayıb. Hökumət binası qarşısında aksiya keçirən əsgər anaları Serj Sarkisyanla yanaşı, sabiq müdafiə nazirləri Seyran Ohanyan və Vigen Sarkisyanın həbsini də tələb edirlər. Ermənistan parlamentinin məcburi maliyyələşdirilən pensiyalar haqqında qəbul etdiyi qanun layihəsinin isə ölkədə yeni etiraz dalğasına səbəb olacağı bildirilir.

Ermənistan təhlükəsizlik xidməti rəhbər vəzifəli şəxslərin korrupsiya əməlləri ilə bağlı yeni faktlar aşkarlayıb. Oliqarx-general Manvel Qriqoryandan sonra Serj Sarkisyanın mühafizə xidmətinin rəisinin də evində axtarış aparılıb. Bu barədə ölkənin İstintaq Komitəsi sədrinin müşaviri Sona Truzyan məlumat verib. Axtarış zamanı Vaçaqan Kazaryanın evindən 2 milyon dollara yaxın pul və qiyməti 1 milyon dollar olan iki tapançanın tapıldığı bildirilir. İstintaq İrəvandakı “Yans” restoranının  mühafizə xidməti rəisinin ailəsinə məxsus olduğuna dair sənədlər də üzə çıxarıb. Respublika partiyasının üzvü Arakel Movsisyan da Təhlükəsizlik xidmətinə gətirilib. Onun Ayseq kəndindəki evində aparılan araşdırma zamanı xeyli hərbi sursat aşkarlanıb. Kənd icmasının rəhbəri Varujan Abramyanın sözlərinə görə, əməliyyatçılar Movsisyanı gecə ilə aparıblar. Təhlükəsizlik xidməti Ermənistanda hərbi hissələrdə də korrupsiya faktları aşkar edib. Araşdırma zamnı vəzifə səlahiyyətlərindən sui-istifadə nəticəsində külli miqdarda mənimsəmə halları qeydə alınıb. Bir neçə hərbi hissənin komandirləri 2017-ci ilin dekabrından 2018-ci ilin iyununadək olan dövrdə yanacaq məhsullarını mənimsəyiblər. Məlum olub ki, yanacaq-sürtkü materialları xidmətinin rəisi hərbi hissələrin rəhbərliyi ilə razılığa gələrək qanunsuz fəaliyyətlə məşğul olub. Mənimsənilən yanacaq avtomobil yuma məntəqələrinə satılıb. Hərbi hissələrin birində isə material təchizatına məsul hərbiçilər avtomobil hissələrini, hətta mühərrik və sürət qutularını yararsız adı ilə siyahıdan çıxararaq satıblar. Eyni zamanda avtomobillərin təmiri zamanı yeni detalları köhnələri ilə əvəzləyiblər. Faktla bağlı cinayət işi açılıb. Ermənistanın müdafiə nazirinin sabiq müavini Manvel Qriqoryan da bir neçə gün əvvəl bağ evində qanunsuz silah və döyüş sursatlarının aşkarlanması ilə əlaqədar həbs edilib. İstintaq onun cinayət əməlləri ilə bağlı yeni faktlar üzə çıxarıb. Məlumata görə, Manvel Qriqoryan 1994-cü ildə Ağdərədə ona tabe olmayan erməni düyüşçüsünü asaraq öldürüb. Manvel Qriqoryanın Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsində yerləşən iqamətgahında da axtarış aparılıb. Burada da “əsgər payı” yazısı olan çoxlu ət konservi və digər satışı qadağan edilən məhsullar, siqaret, bintlər, benzin, döyüş sursatları, həmçinin erməniləri şoka salan arxiv materialları da aşkarlanaraq maddi sübut kimi götürülüb. Sənədlərin içərisində Manvel Qriqoryana haqq vermədiyi üçün cəzalandıraraq evinin zirzəmisində qul kimi saxladığı erməni iş adamlarınının fotoları da yer alıb. Manvel Qriqoryan Xocalıda soyqırımı həyata keçirənlərdən biridir və onun dəstəsi azərbaycanlı mülki şəxslərə qarşı xüsusi qəddarlığı ilə seçilib. İndi isə məlum olur ki, bu quldurbaşı həm də mənsub olduğu xalqa qarşı da amansızlıq edib. Onunla yanaşı, rəhbərlik etdiyi “Yerkrapah” dəstəsinin üzvlərinin də başı dərddədir. Özlərini könüllülər adlandıran cinayətkar qruplaşma hər şeyi Qriqoryanın üzərinə atmağa çalışır. “Yerkrapah”-ın ofisində keçirilən yığıncaqdan sonra bəyənat yayan təşkilatın üzvləri generalın törətdiklərinin utancverici olduğunu, bunda onların heç birinin məsuliyyət daşımadığını bildiriblər. Guyaki, quldur dəstəsi Manvel Qriqoryanın əməllərindən xəbərsiz olub. Onlar oliqarx-generalın “Yerkrapah”-dan çıxarılması üçün imza toplayırlar. Orduda baş verənlərdən, generalın törətdiklərindən təsirlənən əsgər anaları isə Hökumət binasının qarşısında fəryad qoparırlar. Övladlarını qeyri-döyüş şəraitində itirən valideynlər Serj Sarkisyandan hərbi xidmət zamanı qətlə yetirilən oğullarını geri istəyirlər. Əsgər anaları hökumətdən sabiq müdafiə nazirləri Seyran Ohanyan və Vigen Sarkisyanın həbsini tələb edirlər.  Onların sözlərinə görə, orduda baş verənlərlə bağlı deməyə söz tapmırlar. İllərdir bu haqda danışsalar da, Sarkisyan hökuməti əsgər analarına ruhi xəstə damğası vuraraq şikayətlərinə baxmayıb. Oğlunu qeyri-döyüş şəraitində itirən Gövhər Sarkisyan deyir ki, Manvel Qriqoryan kimilər canını həbslə qurtarmamalıdır. Daha bir əsgər anasının sözlərinə görə, hərbi xunta rejiminin başında duranlar onlara oğul dağı çəkib, indi isə eyni şəkildə cavab verməlidirlər. Korrupsiya, rüşvətxorluq Ermənistanda təkcə hərbi sahəni əhatə etmir. Son bir neçə gündə İstintaq Komitəsi məktəb və məktəbəqədər təhsil müəssisələrində yol verilən belə hallara görə 13 cinayət işi açıb. Məlumata görə, cinayət işlərindən beşi vəzifəsindən sui-istifadə, 4-ü - mənimsəmə, 2-si - rüşvət alma, biri vəzifə səlahiyyətlərini aşma, biri isə vəzifə saxtakarlığı maddələri üzrədir.  Dəymiş zərərin həcmi isə 16 milyon dram təşkil edir. Ermənistan parlamenti isə əhalinin narazılığına baxmayaraq məcburi maliyyələşdirilən pensiyalar haqqında qanuna əlavələr barədə layihəni qəbul edib. Xatırladaq ki, son həftələrdə Ermənistanın bəzi rayonlarında pensiya və müavinətlərin artırılması ilə bağlı mütəmadi aksiyalar keçirilib. Etirazçılar Paşinyan hökumətindən pensiyaların ən azı 30 faiz qaldırılmasını tələb ediblər. Lakin hazırkı dövlət büdcəsilə bu tələbi qarşılaya bilməyən Paşinyan 11 iyunda keçirdiyi hökumət iclasında pensiya fondunu əhalinin gəlirlərindən tutulan məcburi ödəmələrlə doldurmaq qərarı verib. Bu sistemlə fonda gəlirlərin 10 faizi daxil olacaq, lakin onun 7,5 faizini dövlət özünə götürəcək. Paşinyan hətta bildirib ki, gələcəkdə pensiya fondu üçün əhalinin gəlirlərindən tutulacaq məbləğ maaşlarının 5 faiz həcminə qaldırılacaq. Paşinyanın qərarına etiraz olaraq Ermənistanın əmək və sosial məsələlər naziri Mane Tandilyan istefa verib. “Etiraz edirəm” təşəbbüs hərəkatı isə aksiyalar keçirərək bəyan edib ki, Paşinyan hökuməti əhalini maaşlarının bir hissəsindən imtinaya məcbur edir və minimum əmək haqqının qənaətbəxş olmadığı Ermənistanda bu qanunun qəbulu az maaş alan gənclərə daha çox təsir edəcək. Erməni KİV-ləri parlament trəfindən təsdiqlənən qanun layihəsinin yeni etirazlar doğuracağını istisna etmirlər.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +30+32
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR