Siyasət

Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Çində səfərdədir

21-06-2018 | 09:18        

  

“Çin-Azərbaycan əlaqələrinin tarixi kökləri var. Qədim İpək Yolu hər iki xalqı sıx tellərlə bir-birinə bağlayır”. Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir. Səfər zamanı keçirilən görüşlərdə ikitərəfli əlaqələrin inkişafına dair məsələlər müzakirə olunub. 

“Çin-Azərbaycan əlaqələrinin tarixi kökləri var. Qədim İpək Yolu hər iki xalqı sıx tellərlə bir-birinə bağlayır”. Bu fikirləri Ümumçin Xalq Nümayəndələri Yığıncağının sədri Li Canşu Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə səsləndirdi. O, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirərək, münasibətlərin qarşılıqlı faydalı şəkildə genişləndiyini dedi. Cümhuriyyətin 100 illliyi münasibətilə təbriklərini çatdıran Li Canşu ölkəsinin Azərbaycanın inkişafına sevindiyini və bu inkişafı dəstəklədiyini vurğuladı. Çin rəsmisi Milli Məclis sədri Oqtay Əsədovun Çinə səfərinin ikitərəfli əlaqələrin, o cümlədən parlamentlərarası münasibətlərin inkişafına töhfə verəcəyinə əminliyini bildirdi. Li Canşu ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu diqqətə çatdırdı.

Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanın Çinlə münasibətlərin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verdiyini qeyd etdi. Azərbaycan parlamentinin sədri dövlət başçıları İlham Əliyev və Si Cinpin arasında mövcud olan qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin ölkələrimiz arasında fəal siyasi dialoqun əsasını təşkil etdiyini dedi. Ölkələrimizin aparıcı siyasi qüvvələri olan Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında sıx münasibətlərinin mövcud olduğunu qeyd edən Oqtay Əsədov, bu əlaqələrin bütün sahələrdə əməkdaşlığın genişlənməsinə töhfələr verdiyini vurğuladı. Bildirildi ki, qarşılıqlı ticarət dövriyyəsinin genişləndirilməsi üçün böyük imkanların mövcuddur və Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstləkləyən ölkələrdən biridir.

Azərbaycan nümayəndə heyəti Çin Kommunist Partiyasının Mərkəzi Partiya Məktəbində də olub. Partiyanın muzeyi ilə tanışlıq zamanı bildirilib ki, burada partiyanın tarixinə, onun ölkənin siyasi həyatındakı vacib roluna dair eksponatlar saxlanılır. Milli Məclisin sədri Oqtay Əsədovun partiyanın rəhbərliyi ilə görüşündə iki ölkənin tarixən formalaşmış əlaqələrindən, müasir dövrdə müxtəlif sahələrdə, o cümlədən hakim partiyalar arasında əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olundu. Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Pekindəki İmperator Sarayı və muzeyi ilə də tanış oldu. Bildirilib ki, vaxtılə Çin imperatorlarının iqamətgahı kimi fəaliyyət göstərən tarixi abidə dünyada ən böyük saray kompleksi hesab olunur. Ənənəvi Çin memarlığı üslubunda inşa olunan saray kompleksi UNESCO-nun Bəşəriyyətin Maddi İrs Siyahısına daxil edilib.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.11.2018) :
Buludlu Gecə : +8+10 | Gündüz: +12+14
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR