Cəmiyyət

Sığorta bazarında 40-dək sığorta məhsulu təklif edilir

20-06-2018 | 14:01        

  

“Hazırda Azərbaycanda sığorta sahəsi 1 milyard 114 milyon manat məbləğində aktivlərə malikdir və 40-dək sığorta məhsulu təklif edilir. Yaxın gələcəkdə isə avtomobillərin icbari sığortası, eləcə də kənd təsərrüfatı sahəsində vahid sığorta qiymətləndirməsinin tətbiqi nəzərdən keçiriləcək”. Bu barədə “Azərbaycanda sığorta: Yeni perspektivlər” mövzusunda təşkil edilən konfransda məlumat verilib.

İqtisadi aktivliyin artması və inkişaf göstəricilərinin yüksəlməsi sığorta bazarında da canlanma yaradıb. İlin ilk 5 ayı ərzində sığorta sektorunda yığım 351 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 47 faiz çoxdur. Yığımın 73 faizi vətəndaşların könüllük prinsipi əsasında müraciət etdikləri sığorta məhsullarının, qalanı isə icbari sığortanın payına düşüb. İlin əvvəlindən sığorta bazarındakı aktivlər 1 milyard 114 milyon manat təşkil edib. Qarşıdakı illərdə ÜDM-da sığortanın payının 1.4 faizə çatdırılması planlaşdırılır. Həmçinin sığorta sahəsində 1600 yeni iş yerinin açılması nəzərdə tutulub. Bütün bunlar “Strateji Yol Xəritəsi”nə  əsasən reallaşdırılacaq. Bundan başqa qeyri-neft sektorunun inkişafında önəmli yer tutan kənd təsərrüfatı sığortası sahəsində də iş aparılır. Qarşıya qoyulan hədəflərlə bağlı 4 prioritet istiqamət müəyyənləşdirilib. Bunlar mikrosığorta, müştərək sığorta, icbari tibbi sığorta və kənd təsərrüfatı sığortasıdır. Artıq bu sığorta növünün qanunvericilik bazası hazırlanaraq hökumətə təqdim edilib. “Azərbaycanda sığorta: Yeni perspektivlər” mövzusunda  keçirlən konfransda sözügedən məsələlər geniş müzakirə olundu. Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov dedi ki, hazırda ümumi maliyyə sektorunda sığorta bazarının payı 2 faiz təşkil etsə də, perspektivlər kifayyət qədər yüksəkdir. Yaxın gələcəkdə həm də avtomobillərin icbari sığortası, eləcə də kənd təsərrüfatı sahəsində vahid sığorta qiymətləndirməsinin tətbiqi nəzərdən keçirilir.

Azərbaycanda əmlak sığortasından sığorta daxilolmaları çox azdır. Sığortanın inkişafı üçün əmlakın qeydiyyatı sürətləndirilməli, onun sığortalanması təşviq edilməlidir. Bu barədə isə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. Onun fikirincə, bu yolla əmlak sığortasından yığımları ən azı 300 milyon manatadək artırmaq olar. İndi ölkədə vətəndaşlara 40-a yaxın sığorta məhsulu təklif edilir. Mövcud sığorta məhsullarının təkmilləşdirilməsi ilə yanaşı, bazarın təklifi əsasında yeni sığorta növlərinin də yaradılması gözlənilir.

İcbari tibbi sığortanın genişləndiriməsi sahəsində həyata keçirilən tədbirlər də bu sektorun inkişafına təsir edəcək və yığımların artmasına səbəb olacaq.