Cəmiyyət

Akademik Vahid Hacıyevin 90 illiyinə həsr olunan konfrans keçirilir

20-06-2018 | 13:56        

  

Azərbaycan Milli Elmlər Akademiyasında görkəmli botanik-alim, istedadlı pedaqoq və elm təşkilatçısı, uzun illər Botanika İnstitutuna rəhbərlik edən akademik Vahid Hacıyevin 90 illiyinə həsr olunan konfrans keçirilib.

“Botaniki tədqiqatlarda yeni çağırışlar” mövzusunda keçirilən elmi konfransda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İradə Hüseynova görkəmli alimin həyat və fəaliyyətindən, ölkəmizdə botanika elminin inkişafındakı xidmətlərindən söz açdı. Bildirdi ki, Azərbaycanda geobotanika məktəbinin yaradıcısı Vahid Hacıyev 1949-cu ildən Akademiyanın Botanika İnstitutunda çalışmağa başlayıb və 20 ildən çox bir müddətdə bu elm müəssisəsinə rəhbərlik edib. Akademik Vahid Hacıyev 30-dən çox elmi işin, o cümlədən 7 monoqrafiyanın müəllifi, 30-dan çox kitab, dərslik və terminoloji lüğətin elmi redaktoru olub. Onun rəhbərliyi ilə 6 doktorluq, 42 namizədlik dissertasiyası müdafiə edilib. Botanika İnstitutunun  direktoru Validə Əlizadə isə Vahid Hacıyevin həyat və elmi fəaliyyəti barədə məruzə ilə çıxış etdi. Vurğuladı ki, o, institutun maddi-texniki bazasının möhkəmləndirilməsi və  kadr potensialının inkişafında böyük xidmətlər göstərib. Digər çıxış edənlər də alimin botanika elminin inkişafında çoxillik ardıcıl və məqsədyönlü fəaliyyətindən, Azərbaycanın elmi əlaqələrinin beynəlxalq səviyyədə möhkəmləndirilməsindəki mühüm xidmətlərindən söz açdılar, xatirəsinin daim əziz tutulduğunu bildirdilər. İkigünlük konfransda “Bitki sistematikası, təkamülü və müxtəlifliyi”, “Mikoloji tədqiqatlar: müxtəliflik, sistematika və təkamül”, “Bitki ehtiyatları və səmərəli istifadə yolları”, “Bitkilərin fiziologiyası, biokimyası və biofizikası”, “Ətraf mühit və ekosistem tədqiqatları” və “Sahələrarası tədqiqatlar” bölmələri üzrə müxtəlif mövzularda məruzələr dinlənilir, müzakirələr aparılır.