Xarici xəbərlər

Dünyada baş verən ən son hadisələr

20-06-2018 | 11:32        

  

Angela Merkel ilə Emmanuel Makron avrozonanın vahid büdcəsinin yaradılması ilə bağlı razılığa gəliblər

Almaniya kansleri Angela Merkel ilə Fransa prezidenti Emmanuel Makron arasında görüş keçirilib. Görüş Berlin yaxınlığındakı Mezeberq qəsrində baş tutub. Liderlər ikitərəfli danışıqların yekunları ilə bağlı mətbuata açıqlama veriblər. Tərəflər avrozonanın vahid büdcəsinin və Avropa Valyuta Fondunun yaradılması ilə bağlı razılığı gəldiklərini bildiriblər. Liderlər Avropa İttifaqındakı borc böhranı ilə mübarizə üçün 2012-ci ildə yaradılan Avropa sabitləşmə mexanizminin dəyişdirilməsinə çağırış ediblər. Görüş zamanı miqrasiya böhranına da toxunulub. Fransa və Almaniya  Avropaya olan miqrant axınını azaltmaq niyyətindədir. Angela Merkel hər iki ölkənin  Avropa Komissiyası və Avropa İttifaqı Şurasının xarici sərhədlərin mühafizəsinin gücləndirilməsi planını dəstəklədiyini bildirib. Bundan əlavə Almaniya kansleri Avropa İttifaqı Şurasının sədri Donald Tuskun Avropa İttifaqının hüdudlarından kənarda qaçqınların yerləşdirilməsi üçün xüsusi mərkəzlərin yaradılması təşəbbüsünü də dəstəkləyib. Emmanuel Makron öz növbəsində Fransanın rəsmi Berlinin Avropa İttifaqındakı miqrasiya siyasətini dəstəklədiyini bildirib. Onun sözlərinə görə miqrantlar sığınacaq üçün ilk daxil olub qeydiyyatdan keçdiyi ölkəyə müraciət edə bilərlər. Angela Merkel öz növbəsində miqrantların geri göndərilməsi prosedurunu tezləşdirmək məqsədi ilə bir sıra Avropa İttifaqı ölkələri ilə ikitərəfli saziş imzalamaq niyyətindədir.

Mişel Barnye: ““Breksit” danışıqlarında bəzi məsələlərdə irəliləyiş əldə olunub”

Avropa İttifaqı və Böyük Britaniya ölkənin qurumdan çıxmasına dair danışıqların vəziyyəti ilə bağlı birgə bəyanatla çıxış edib. Avropa İttifaqının “Breksit” danışıqları üzrə xüsusi nümayəndəsi Mişel Barnye danışıqlarda bəzi məsələlərdə irəliləyiş əldə olunduğunu bildirib. Bura gömrük, əlavə dəyər vergisi və sertifikatlaşdırma ilə bağlı məsələlər daxildir. Bununla belə, Mişel Barnye İrlandiya və Şimali İrlandiya arasında sərhəd məsələsi ilə bağlı ciddi fikir ayrılıqlarının hələ də qaldığını qeyd edib. Avropa İttifaqı rəsmisi oktyabra qədər daha çox iş görülməli olduğunu bildirib. Xatırladaq ki, 2016-cı il iyunun 23-də keçirilmiş referendumda britaniyalılar Avropa İttifaqından çıxmağın lehinə səs veriblər. Ölkənin ittifaqdan çıxması prosesi 2019-cu il martın 29-dək başa çatmalıdır. Hazırda tərəflər “Breksit”in şərtləri ilə bağlı danışıqlar aparırlar. 

BMT: “Qaçqın və məcburi köçkünlərin sayı 68.5 milyon nəfərə çatıb”

Davam edən silahlı münaqişələr və zorakılıq  nəticəsində qaçqın və məcburi köçkünlərin sayı rekord həddə çatıb. Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hesabatında bildirilir. Dünya miqyasında 2017-ci ildə evlərini tərk etmək məcburiyyətində qalanların sayı 68.5 milyon nəfərə yüksəlib. Bu rəqəm 2016-cı ildəki göstəricilərlə müqayisədə 2.9 milyon nəfər çoxdur. Evlərindən didərgin düşənlərin 53 faizi azyaşlılardır. Sığınacaq üçün müraciət edənlərin sayı isə 3 milyonu keçib. Qaçqın və məcburi köçkünlərin sayının ardıcıl 5 ildir artdığını deyən BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib ki, Konqo Demokratik Respublikasında daha acınacaqlı vəziyyətin müşahidə olunur. Bu ölkədə  ötən il qaçqınların sayı 2 dəfə artaraq 4 milyon 400 minə çatıb. İnsanların evlərini ən çox tərk etdiyi digər ölkələr isə  Kolumbiya, Suriya, Myanma, İraq, Sudan və Somalidir.

Daşqın nəticəsində 18 nəfər həlak olub

Kot-d’İvuarın Abican şəhərində aramsız leysan güclü daşqına səbəb olub. Təbii fəlakət nəticəsində 18 nəfər həlak olub, çox sayda ev dağılıb. Yüzlərlə sakin evlərini tərk etməli olub. Yollar suyun altında qaldığından nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb. Bəzi ərazilərdə suyun dərinliyi 2.5 m-ə çatıb. Xilasedicilər təhlükə ilə üzləşən 136 nəfəri xilas edə bilib. Onlardan 2-si xəstəxanaya yerləşdirilib. İtkin düşənlərin axtarışları davam edir. Tələfatın artacağı istisna edilmir.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +30+32
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR