Cəmiyyət

20 iyun Ümumdünya Qaçqınlar günüdür

20-06-2018 | 11:21        

  

20 iyun Ümumdünya Qaçqınlar günüdür. 2000-ci ildə BMT-nin Baş Məclisi bu tarixi Ümumdünya Qaçqınlar Günü kimi müəyyənləşdirən xüsusi qətnamə qəbul edib. Təəssüf ki, indi bu, azərbaycanlılar üçün də ən ağrılı mövzulardan biridir. Ermənistanın təcavüzü Azərbaycanı dünyanın ən çox qaçqın və köçkün yaşayan ölkəsinə çevirib. Ümummilli lider Heydər Əliyev yurdlarından didərgin düşən soydaşlarımızın problemlərinin həlli istiqamətində irimiqyaslı tədbirlər həyata keçirdi. Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti, həyata keçirdiyi ardıcıl, məqsədyönlü tədbirlər nəticəsində qaçqın və köçkünlərin sosial problemlərinin həllində də yüksək göstəricilərə nail olunub.

20-ci əsrin sonlarında Ermənistanın Azərbaycana elan olunmamış müharibəsi nəticəsində öz yurdlarından didərgin düşən soydaşlarımızın problemlərinin həllini dövlətimiz hər zaman bir nömrəli vəzifəsi hesab edib. Bu problemlərin həlli istiqamətində ulu öndər Heydər Əliyevin həyata keçirdiyi irimiqyaslı tədbirlər xüsusi önəm kəsb edir. Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olması, bir milyondan çox qaçqın-köçkünün dərdi böyük öndərə rahatlıq vermirdi. Heydər Əliyev bu problemə təkcə dövlət rəhbəri kimi yox, həm də bir insan kimi həssaslıqla yanaşırdı. Çadır düşərgələrinə gedir, kəsdiyi duz-çörəklə insanlara toxtaqlıq verir, onları çətin günün ömrünün çox uzun olmayacağına inandırırdı...

Ulu öndərin əsasını qoyduğu neft strategiyası reallaşandan, iqtisadi imkanlar yaranandan sonra qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı böyük işlər görüldü. Müdrik rəhbərin göstərişi ilə Dövlət Neft Fondundan ilk ayırmalar, məhz qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəldildi. Heydər Əliyevin 1998-ci ildə qəbul etdiyi “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” uzunmüddətli Dövlət Proqramına əsasən, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı geniş tədbirlərə start verildi, onların həyat şəraitinin yaxşılaşdırılmasına başlanıldı, soydaşlarımız üçün yeni qəsəbələr salındı. Ümummilli liderin 1993-2003-cü illərdə qaçqın və məcburi köçkünlərə diqqət və qayğısı, çadır düşərgələrinin ləğvi istiqamətində atdığı ilk addımlar, eləcə də problemin siyasi yolla həlli istiqamətindəki fəaliyyəti sonrakı işlər üçün təməl oldu.

2003-cü ildən başlayaraq Prezident İlham Əliyev də bu istiqamətdə işləri ardıcıl və məqsədyönlü şəkildə davam etdirir. Çadır düşərgələrinin ləğvi ideyası ulu öndərə məxsus idi. İlk dəfə Biləsuvar rayonu ərazisindəki 5 çadır düşərgəsi də, məhz onun göstərişi ilə 2003-cü ilin iyun ayında ləğv edilib. Münaqişə başlanandan ölkəmizdə mövcud olan 12 çadır düşərgəsinin 5-i 2003-cü ildə, 7-si isə sonrakı 4 ildə ləğv olunub. 2003-cü il Prezident seçkiləri öncəsi “Azərbaycanda bir dənə də olsun çadır düşərgəsi qalmayacağına vəd verən İlham Əliyev bu vədi, hətta 4 ildə yerinə yetirdi. 2007-ci il dekabrın 24-ü Azərbaycan tarixinə, həm də son çadır düşərgələrinin ləğvi kimi düşdü...

Son illərdə Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün də böyük imkanlar yaratdı, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluğunun artırılması istiqamətində görülən işlərin miqyası daha da artdı. Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın və sonradan həmin Dövlət Proqramına 31 oktyabr 2007-ci il, 21 fevral 2011-ci il tarixli Sərəncamlarla təsdiqlənən əlavələrə uyğun olaraq bu sahədə mühüm işlər görüldü. Paytaxt Bakıda, eləcə də respublikamızın müxtəlif rayonlarında qaçqın və məcburi köçkünlər üçün bütün sosial-texniki infrastruktura malik yeni müasir qəsəbələr salındı, Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalı nəticəsində öz yurdlarından didərgin düşən və uzun illər ağır vəziyyətdə yaşamağa məcbur olan soydaşlarımız həmin qəsəbələrə köçürüldülər. Prezidentin yeni qəsəbələrin, müasir məhəllələrin açılış mərasimlərində iştirakı isə onun qaçqın və məcburi köçkünlərə diqqət və qayğısının daha bir nümunəsidir. Xüsusilə Dövlət başçısının xanımı ilə 2011-ci il dekabrın 24-də - öz ad günündə Qarabağ bölgəsinə səfər edərək, məcburi köçkünlər üçün salınan qəsəbənin açılışında iştirakı bütün dünyaya ciddi bir mesaj oldu: qaçqın və məcburi köçkün problemi ölkə üçün bir nömrəli problemdir.

Ümumilikdə, indiyədək qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 3,2 milyon kvadratmetr sahəsi olan 98 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. 52 mindən 500 ailənin və ya 265 min nəfərdən çox qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb...

2016-cı ilin aprel hadisələri zamanı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuz ermənilərin təxribatına layiqli cavab verərək Azərbaycan tarixinə daha bir şanlı səhifə yazdı. Minlərlə hektar torpağımız, o cümlədən Lələtəpə yüksəkliyi işğaldan azad olundu. Bu, Cocuq Mərcanlı kəndinin təhlükəsizliyini də gücləndirdi, burada yaşayışın bərpası üçün imkan yarandı. Prezidentin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncamları isə nəinki məcburi köçkünlər, ümumilikdə, ölkə əhalisi tərəfindən böyük rəğbətlə qarşılandı, cəmiyyətdə böyük ruh yüksəkliyi, qələbə əhval-ruhiyyəsi yaratdı. Sərəncama əsasən, Cocuq Mərcanlıda iki mərhələdə 150 fərdi yaşayış evi, məktəb və müvafiq infrastruktur yaradılıb, rahat avtomobil yolu salınıb. İndi bu kənd artıq abad, bütün infrakstruktura malik yaşayış məskəninə çevrilib. 2017-ci il iyunun 14-də Prezident, Ali Baş komandan İlham Əliyev qəsəbənin açılışını etdi. Cocuq Mərcanlı həm də məcburi köçkünlərin öz yurdlarına qaytarıldığı ilk yaşayış məskəni kimi tarixə düşdü. Bu, bir daha dünyaya, Ermənistana göstərdi ki, Az-n öz torpaqlarının işğalı ilə barışmayacaq, torpaqlarımızın azad olunması uğrunda son ana qədər mübarizə aparacaq.

2017-ci il noyabrın 28-də isə Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün inşa edilən hündürmərtəbəli yaşayış kompleksi istifadəyə verildi. Prezident İlham Əliyev açılışda iştirak etdi...

Fəaliyyətə başladığı ilk gündən Heydər Əliyev Fondu da məcburi köçkünlərin üzləşdikləri çoxsaylı problemlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli və ardıcıl iş görür. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan “Azərbaycan” İnternet portalında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, Xocalı soyqırımı, Ermənistanın hərbi təcavüzünün nəticələri barədə məlumat verilir, dünyanın bir sıra ölkələrində silsilə tədbirlər keçirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət” kampaniyasının səmərəsi də ildən-ilə artır. Bu tədbirlər dünyanın əksər ölkələrində təşkil olunur...

Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti seçiləndən sonra da qaçqın və məcburi köçkünlərin problemlərinə həssas münasibətini ortaya qoydu. Yüksək dövlət postunda ilk müşavirəsini, məhz bu məsələyə həsr etdi. 2017 martın 9-da onun sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirildi, ağır vəziyyətdə, qəzalı və yararsız binalarda məskunlaşan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məsələsi müzakirə olundu...

2017-ci il mayın 30-da Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün “Ümid” yaşayış kompleksinin təməli qoyuldu. Mehriban Əliyeva mərasimdə iştirakı ilə bir daha təsdiq etdi ki, məcburi köçkünlərin problemlərinin həlli onun üçün də vacib və təxirəsalınmaz məsələlər sırasındadır. Abşeron rayonunun Masazır, Mehdiabad, Sabunçu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərin ixtiyarına verildi.

2018-ci il mayın 24-də isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştrakı ilə Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksinin açılışı oldu. Burada hər biri 2 bloklu, 9 mərtəbəli, 1026 mənzilli 11 yaşayış binası inşa edilib, üçmərtəbəli məktəb binası, uşaq bağçası tikilib, digər zəruri infrastruktur obyektləri yaradılıb. Bu, məcburi köçkünlərin davamlı diqqət və qayğı ilə əhatə olunduğunu göstərir.

Azərbaycan dövlətinin məcburi köçkünlərin məşğulluğunun artırılması üçün gördüyü işlər də intensiv xarakter alır.

400 min nəfərdən çox qaçqın və məcburi köçkün işlə təmin edilib. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 24 min məcburi köçkünə 14,8 milyon manat məbləğində mikrokredit, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən isə 2 min məcburi köçkün sahibkara 40 milyon manat güzəştli kredit verilib. Bununla da məcburi köçkünlər arasında yoxsulluq həddi son 15 ildə 75 faizdən 12 faizədək azalıb...

Bu gün dünyanın bütün münaqişə zonalarında 1 qaçqına 1 ildə sərf olunan ən yüksək vəsait Azərbaycandadır. Bütün bunlara görədir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı 2012-ci ildə Azərbaycanı özünün İcraiyyə Komitəsinə üzv seçib. İndi beynəlxalq təşkilatlar dinamik sosial-iqtisadi inkişaf yolunda davamlı nailiyyətlərin müəllifi olan Az-nın qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində gördüyü irimiqyaslı işləri dünyanın oxşar problemlə qarşılaşan əksər ölkələri üçün nümunə hesab edir. ...Dövlət proqramına uyğun olaraq, məcburi köçkünlərin “böyük qayıdışı” layihəsi də artıq hazırdır. Bu proqram müxtəlif nazirliklər, dövlət komitələri və beynəlxalq təşkilatlar tərəfindən razılaşdırılıb. Layihə işğal altında olan torpaqlarımız azad olunandan sonra həyata keçiriləcək...

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +30+32
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR