İqtisadiyyat

Mərkəzi Bank uçot dərəcəsini 11 faizdən 10 faizə endirib

14-06-2018 | 15:53        

  

Bu ilin sonuna ölkədə inflyasiyanın bir rəqəmli həddə olacağı proqnozlaşdırılır. Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov  bu barədə məlumat verib. Bu gün isə Mərkəzi Bankı uçot dərəcəsini 11- faizdən 10 faizə  endirilməsi ilə bağlı qərarını açıqlayıb. Bu Mərkəzi Bankın il ərzində 3-cü faiz dərəcəsi endirimidir.

Mərkəzi Bank ölkədə monetar şəraitin yumşaldılması siyasətini davam etdirir. Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 11%-dən 10%-ə endirildi. Faiz dəhlizinin yuxarı və aşağı hədləri isə uçot dərəcəsinə simmetrik diapazonda ±2% müəyyənləşdirilib,- aşağı hədd 8, yuxarı həddi 12%. Bu, ilin əvvəlindən uçot dərəcəsinin 3-cü endirimidir. Hələ fevral ayında uçot dərəcəsi 15%-dən 13%-ə, apreldə isə uçot dərəcəsinin 13%-dən 11%-ə endirilməsi haqda qərar qəbul etmişdi. Mərkəzi Bankı idarə heyətinin sədri Elman Rüstəmovun sözlərinə görə, faiz dəhlizinin parametrləri haqda qərar qəbul edilərkən ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasətin iqtisadi sabitliyə müsbət təsiri nəzər alınıb. Ötən beş ayda orta inflyasiya 3,2 faiz olub. Tədiyyə balansının yaxşılaşması davam edib. ÜDM-in 15,4 faiz səviyyəsinə profisit formalaşıb. Ticarət balansının müsbət saldosu 2,1, xidmətlər balansının kəsiri 2 dəfədən çox azalıb, qeyri-neft sektoru 14,2 faiz yüksəlib. Əlverişli neft qiymətləri xarici sektor göstəricilərinin artmasına səbəb olub. İlin sonuna da ticarət balansının əlverişli olacağı gözlənilir. İqtisadi aktivlikdə başlamış müsbət dinamika davam edib. Monetar şəraitin yaxşılaşdırılması tarazlı makroiqtisadi sabitlikdə balansın yaranmasına xidmət edib. Uçot dərəcəsinin endirilməsi siqnal effekti yaradır. Bu siyasət kredit bazasından daha çox depozit faizlərinə və kapital bazarına təsir edir. Hazırda müvafiq qurumlarla birlikdə kreditlərin eko sistemi və risklərin aradan qaldırılması istiqamətində addımlar müəyyənləşdirilir.

İnflyasiya dinamikasını nəzərə alaraq faiz dəhlizinin parametrləri növbəti dəfə avqustda müzakirə ediləcək deyən Elman Rüstəmov əlavə etdi ki, ilin sonuna inflyasiyanın birrəqəmli həddə olacağı proqnozlaşdırılır. Ümumilikdə isə Mərkəzi Bank üçün uçot dərəcəsinin 8% olması komfort hesab edilir. Əgər ilin ikinci yarısında inflyasiya aktivləşərsə, bu komfort zona dəyişə, uçot dərəcəsi 8-10 faiz intervalında ola bilər. Bütövlükdə Mərkəzi Bankın hədəfi makroiqtisadi sabitliyin təmini üçün birrəqəmli inflyasiya, məqbul volatillik və proqrnozlaşdırıla bilən məzənnəyə nail olmaqdır. ABŞ Federal Ehtiyatlar Sisteminin ötən gün dollara görə uçot dərəcəsini artırması barədə qərarı isə Azərbaycan manatına təsir etməyəcək və  ölkəmizdə devalvasiya üçün heç bir fundamental səbəb yoxdur. Ölkənin strateji valyuta ehtiyatları, eləcə də Mərkəzi Bankın valyuta ehtiyatları artıb. Elman Rüstəmov onu da dedi ki, daxili bazarda valyuta ehtiyatları artırsa, deməli valyuta təklifi tələbdən yüksəkdir.